Ombudsman 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat verdi

Ombudsman 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat verdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 1990-cı il 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat verib.

APA-nın xəbərinə görə, bəyanatda qeyd olunur ki, 31 il əvvəl SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı qeyri-insani və xəyanətkar siyasəti nəticəsində insanlığa qarşı törədilmiş qatı cinayət hadisəsi olan 20 Yanvar faciəsi xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunub. Bu, həm də öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirən bir tarixdir: "Həmin zaman xalq SSRİ rəhbərliyinin qərəzli siyasətinə etiraz edir, azərbaycanlılara qarşı Ermənistanda, habelə separatçılar tərəfindən Dağlıq Qarabağda törədilmiş bəşəri cinayətlərin araşdırılmasını və cinayətkarların cəzalandırılmasını tələb edirdi. Məhz xalqımızın etiraz səsini boğmaq, Azərbaycanın müstəqilliyə gedən yolunun qarşısını almaq məqsədilə o vaxtkı SSRİ rəhbərliyi tərəfindən 20 Yanvar qırğını törədilib. Planlaşdırılan hadisə barədə məlumatın əhalidən və ümumiyyətlə, dünya ictimaiyyətindən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi təxribat nəticəsində hadisədən bir gün əvvəl Azərbaycan Dövlət Televiziyasının enerji bloku partladılıb. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun qoşunları əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridilmiş, dinc əhalini müxtəlif növ silahlardan atəşə məruz qoymuşdur. Silahlı qoşun birləşmələri milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 150 nəfər silahsız mülki şəxsi, o cümlədən uşaqları, qadınları və yaşlıları amansızcasına öldürmüş, Bakı şəhərində və başqa ərazilərdə 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir. Həmin hadisələr zamanı hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılmış, nəticədə tibb işçiləri şəhid olub, yaralanıb. Eyni zamanda, yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülüb. Bununla beynəlxalq hüquq normaları, fundamental insan hüquqları kobudcasına pozulmuş, doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı insanlıq əleyhinə qatı cinayət törədilib".

Bəyanatda qeyd olunub ki, 1990-cı il yanvarın 21-də Ümummilli Liderimiz Heydər Əliyev bu qanlı hadisələrlə bağlı Moskva şəhərində Azərbaycan xalqı adından sərt bəyanat verib, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib: "Lakin təəssüflə qeyd etmək istərdik ki, insanlıq əleyhinə törədilmiş dəhşətli əməl nəticəsində beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulsa da, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar faciəsinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb.

20 yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi, bu vəhşilikləri törətmiş hərbi qulluqçuların və onların icrasına əmr verənlərin, ən əvvəl isə o vaxtkı sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə hüquqi əsaslar var. İnanırıq ki, tezliklə 1990-cı il 20 Yanvar faciəsinə beynəlxalq səviyyədə hüquqi qiymət verilərək bu qanlı cinayəti törədənlər məsuliyyətə cəlb olunacaq".

Mənbə: apa.az