Qarabağa qayıtdıq, indi də onu dirçəldirik

Qarabağa qayıtdıq, indi də onu dirçəldirik

Füzuli beynəlxalq hava limanının tikintisi orada yaşayan əhalinin rifahına xidmət edəcək

"Dövlət maraqlarının təmini, beynəlxalq imic öz yerində. İlk növbədə insanlarımız rahat yaşaya biləcək, yerli sakinlər üçün yeni iş yerləri açılacaq"

"Quruculuq işləri Qarabağın tanıdılması istiqamətində də əhəmiyyətlidir. Baxın, xarici investorlar bölgəyə cəlb olunub artıq"

Qarabağda ədaləti bərpa edən Azərbaycan bölgənin əzəli sahibi olaraq oradakı quruculuq, bərpa və abadlıq işlərini də üzərinə götürüb. Dünyaya sülh, əmin-amanlıq nümunəsi göstərən Azərbaycan dövləti işğalın davam etdiyi 28 il ərzində təkcə məcburi köçkün vətəndaşlarına deyil, eyni zamanda Ermənistan adlanan dövlətin ərazisini təşkil edən əzəli torpaqlarından didərgin salınmış, sürgün edilmiş soydaşlarına necə sahib çıxdısa, dağıdılmış ərazilərinə, talan edilmiş yurd yerlərinə də sahib çıxdığını və hər qarış ərazisini abadlaşdırmaq iqtidarında olduğunu artıq bütün dünyaya nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hələ Vətən müharibəsinin gedişində xalqa müraciətləri zamanı işğal edilərək yandırılmış, dağıdılmış, talan edilmiş ərazilərin bərpa ediləcəyini bildirirdi. Prezident həmişə olduğu kimi yenə sözünün üstündə dayanır. İşğaldan azad edilmiş ərazilərin bərpası siyasi və ictimai əhəmiyyət kəsb edir. Bu, birbaşa dövlət maraqlarının təmini, xalqın istəyinin gerçəkləşməsidir.

Qarabağda vacib layihələrə start verilib

Xatırladaq ki, 2021-ci il yanvarın 14-də Prezident İlham Əliyev ailə üzvləri ilə - ölkənin birinci xanımı, birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti qızı Leyla Əliyeva ilə Füzuliyə və Şuşaya səfər etdilər. Bu, cənab Prezidentin Füzuliyə 2-ci, əziz Şuşamıza isə işğal bitdikdən sonra ilk səfəri idi. Füzuliyə il səfəri zamanı Prezident Füzuli-Şuşa yolunun salınacağını anons etmişdi. Və bildirmişdi ki, hələlik Şuşaya Füzuli istiqamətindən gediləcək, lakin yaxın zamanda Şuşanın ənənəvi tarixi yolu - Ağdam-Xankəndi-Şuşa yolu da bizim üçün sərbəst və açıq olacaq və vətəndaşlarımız bu yoldan da istifadə edəcəklər. Przidentin Füzuli bölgəsinə budəfəki səfəri Füzuli beynəlxalq hava limanının təməlinin qoyulması ilə əlamətdar oldu. Qeyd edək ki, 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn formatlı müşavirədə cənab Prezident işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək iqtisadi-sosial layihələr barədə danışdı. İcrası gözlənilən işlərlə bağlı müəyyən məlumatlar verdi:

 

“Vacib layihəyə də artıq start verilib. Bu, Toğanalı - Kəlbəcər yoludur, bu da çox çətin relyefdən keçən bir yoldur. Bəzi yerlərdə yüksəklik 3500 metr olduğuna görə qış aylarında bu yoldan istifadə etmək çox çətindir. Ona görə tunellərin tikintisi nəzərdə tutulur, müvafiq göstərişlər verilib və bu layihə də indi icra edilir.

Eyni zamanda, göstəriş verilib ki, Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilsin və hazırlıq işləri gedir. Onu da əlavə etməliyəm ki, Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək. Beləliklə biz iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradacağıq. Eyni zamanda, mənim göstərişimlə Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılır. Düzdür, orada relyef çox çətindir və demək olar ki, ərazilərin mütləq əksəriyyəti dağlıq ərazilərdir. Orada düz yer tapmaq çətindir, amma indi araşdırmalar gedir, ümid edirəm ki, yaxın gələcəkdə mənə məlumat veriləcək. Beləliklə, ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb. Göstəriş verilib, yaxın gələcəkdə artıq inşaat başlanacaq və bu il Füzuli şəhərində, - şəhərdən indi əsər-əlamət qalmayıb, - yaxud da ki, o ərazidə beynəlxalq aeroport fəaliyyətə başlayacaq. Bu, həm Qarabağ bölgəsinin inkişafı üçün lazımdır, çünki bütün növ təyyarələr enə biləcək - həm Füzulidə, həm Kəlbəcər-Laçın zonasında. Eyni zamanda, Şuşaya gəlmək istəyən xarici qonaqlar rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəklər. Aeroportun tikintisi ilə paralel olaraq artıq Füzuli şəhərindən beynəlxalq uçuşların təşkili ilə bağlı ilkin araşdırmalar aparılmalıdır. Beynəlxalq aeroport beynəlxalq uçuşlar təşkil etməlidir. İlk növbədə, bizim aviaşirkətimiz “AZAL” bu məsələ ilə bağlı ciddi işləsin ki, aeroport açılandan sonra dərhal bizim qonşu ölkələrin bəziləri ilə hava nəqliyyatı təmin edilsin. Hesab edirəm ki, iki beynəlxalq aeroport Qarabağ zonasını bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün bizə kömək göstərəcək. Eyni zamanda, insanlar oraya qayıdandan sonra onların rahatlığı üçün də bunun böyük əhəmiyyəti olacaqdır”.

Təməli qoyulan aeroportun beynəlxalq əhəmiyyəti böyükdür

Füzulidə beynəlxalq aeroportun təməlini qoyan Prezident dedi ki, bu il Füzuli beynəlxalq hava limanı istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir ki, bu ildən başlayaraq xarici vətəndaşlar və xaricdə yaşayan azərbaycanlılar Şuşaya təyyarə ilə gələ bilsinlər. Dövlət başçısının sözlərinə görə, bununla paralel olaraq göstəriş verilib ki, Füzuli beynəlxalq hava limanından beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə start verilsin:

“Eyni zamanda Azərbaycanın digər şəhərlərindən Şuşaya getmək üçün buraya gəlib, buradan rahat gedə bilərlər. Lənkərandan, Naxçıvandan, Gəncədən və digər bizim şəhərlərimizdən. İndi isə istiqamət Şuşa şəhəri və yol boyunca əlavə məlumat veriləcək”.

Azərbaycan zatən hər zaman dünyanın maraq göstərdiyi, füsunkarlığı ilə cəlb edən bir ölkə olub. İşğaldan öncə də Qarabağ bölgəsinə, Şuşaya, Ağdama, Kəlbəcərə... xarici qonaqlar məftun idilər və tez-tez gəlirdilər.

Gözəl Qarabağımızın mənfur düşmən tapdağından azad edilməsi, məlum məsələdir ki, bu bölgələrə marağı daha da artırıb. Biz, Azərbaycan vətəndaşları torpağımıza qovuşmanın xoşbəxtliyini yaşayırıq, amma xaricilər Qarabağı bir də işğaldan azad olunmuş ərazi kimi görməkdə maraqlı olacaqlar. Bəzisi, səmimi hisslərlə gələcək, bəzisi xain nəzərlərlə. Bilirik ki, dostumuz çoxdur, amma düşmənimiz, gözü götürməyənlər də az deyil. Odur ki, Qarabağı qısa bir müddətdə dirçəltmək, bizim üçün nə qədər mənəvi dirçəlişdirsə, bir o qədər də iqtisadi və siyasi önəm daşıyır. Azərbaycanın dünyaya yenə də nümunəvi örnək olacağına əminik.

İşğal faktına son qoyulduğu zamandan təxminən 2 ay keçməsinə baxmayaraq artıq bir çox ölkələrdən nümayəndələr Qarabağa səfər edir, erməni vandallığının şahidi olurlar. Bu günlərdə TÜRKSOY, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti Ağdam və Füzuli rayonunda oldular. TÜRKSOY və Türk Şurasının nümayəndə heyətinin üzvləri gördüklərindən təsirləniblər və bəyan ediblər ki, bütün türk xalqları birləşərək bu torpaqlara yeni bir həyat verəcək və bu torpaqların iqtisadi və maliyyə əsasları ilə mənəvi və mədəni baxımdan dirçəldiləcəkdir.

Quruculuq işləri ölkəmizin beynəlxalq imicini daha da yüksəldir

 

 

İqtisadçı Əkrəm Həsənov “Şərq”ə açıqlamasında Qarabağın abadlaşdırılmasının, orada başlanan quruculuq işlərinin təkcə iqtisadi deyil, eyni zamanda siyasi baxımdan da önəmli olduğunu bildirdi:

- İşğaldan azad edilən torpaqlarımız dirçələcək. Bu, birmənalıdır. Bunun hansı üstünlükləri olacaq, o da əslində bəllidir. Üstünlüklər olduqca böyükdür. Həmin ərazilər Azərbaycana məxsusdur. Azərbaycan dövləti Qarabağda geniş, əhatəli quruculuq işlərinə başlamaqla ilk növbədə dünyaya bunu nümayiş etdirir. Torpağımıza sahib olduq, indi də onu dirçəldirik.

Hansı tərəfdən baxsaq, Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsinə xidmət edir. Ərazilərin abadlaşdırılmasına ən böyük faktor insan amilidir. Bilirik ki, yurd-yuvasından didərgin salınmış soydaşlarımız ora qayıtmağa, yenidən məskən salmağa tələsir. İşğaldan azad edilmiş ərazilərdə nə tikilirsə, nə tikiləcəksə, bütünlüklə orada yaşayan əhalinin rifahına xidmət edəcək.

Dövlət maraqlarının təmini, beynəlxalq imic öz yerində. İlk növbədə insanlarımız rahat yaşaya biləcək, yerli sakinlər üçün yeni iş yerləri açılacaq. Hamı qayıtmaq, evini bərpa etmək istəyir. Amma qayıtdıqdan sonra işləmək üçün imkan da olmalıdır. Prezidentin təməlini qoyduğu Füzuli beynəlxalq hava limanı görün, nə qədər insan üçün yeni iş yeri olacaq.

Düzdür, hava limanının geniş fəaliyyətə başlaması, gəlirlə çalışması, bir az vaxt aparacaq. Pandemiyanı nəzərə alsaq, bölgəyə geniş turistik səfərlərdən danışmaq hələ tezdir. Bir-iki il çəkəcək bu məsələlər. Əsas odur ki, adi insanlar üçün, ölkə və bölgə əhalisi üçün faydalı olacaq. Təbii ki, hava limanının iqtisadi və beynəlxalq əhəmiyyəti çox böyükdür. Bu, gələcəyə hesablanmış böyük layihədir. Quruculuq işləri Qarabağın tanıdılması istiqamətində də əhəmiyyətlidir.

Baxın, xarici investorlar bölgəyə cəlb olunub artıq. Cənab Prezident də deyib ki, Azərbaycan dost ölkələrlə, bizə haqq işimizdə dəstək olan dövlətlərlə iqtisadi əməkdaşlıq edəcək.

Füzuli-Şuşa yolunun tikintisində "Kolin İnşaat" başda olmaqla Türk Şirkətlər Qrupu iştirak edir. Bu şirkətin işlərə cəlb edilməsi, deyilənə görə, çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik olmalarıdır. Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi hazırda davam etdirilir.

Görülən işlər və planlaşdırılan layihələr hamısı, eyni zamanda bir imic məsələsidir. Ermənilər də görsün, ruslar da görsünlər ki, biz ora gəlmişik, artıq.

Bizim əsas istəyimiz hazırda nədir? Qarabağın bütün digər bölgələrinə sərbəst hərəkət etdiyimiz kimi Xankəndinə də sərbəst gedib-gələ bilək, Qarabağda qalıb yaşamaq istəyən ermənilər də Azərbaycan vətəndaşlığı altında yaşasınlar.

Bunun üçün də 2 yol var, onlardan biri də, məhz iqtisadi inkişafdır.

Qarabağ bölgəsi iqtisadi cəhətdən inkişaf etdikcə ermənilərə sərf edəcək, onlar da burada qalıb bütün Azərbaycan vətəndaşları kimi iqtisadi dirçəlişdən faydalanmaq istəyəcəklər.

Azərbaycan dövlətinin qarşısındakı əsas məqsədlərdən biri budur, məncə.

Mənbə: sherg.az