Moskva Ayvazyanın göz yaşlarına inanmır: Terrorçuların buraxılmasına cəhd – Fiasko !

Moskva Ayvazyanın göz yaşlarına inanmır: Terrorçuların buraxılmasına cəhd – Fiasko !

“Rusiyanın XİN başçısı da dedi ki, həmin şəxslər 10 noyabr bəyanatından sonra götürülən əsirlərdir”

“Heç beynəlxalq təşkilatlar da onlara kömək edə bilməz. Çünki beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”

“Hərbi əməliyyatlar dayanandan sonra kimsə silahlı bir cəhd göstərirsə, bu, artıq terror hərəkatıdır. Azərbaycan da həmin terrorçuları zərərsizləşdirməli idi”

Ermənistan xarici işlər naziri Ara Ayvazyan Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreşə məktub ünvanlayıb. Bu barədə “armenews.com” saytı yazıb. Məktub 62 nəfərdən ibarət erməni terrorçusunun 10 noyabrda imzalanan üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan ) bəyanatdan sonra Azərbaycan ərazilərində diversiya-təxribat fəaliyyəti zamanı ələ keçirilməsi ilə bağlıdır.

Ermənistan tərəfi həmin terrorçuların “müharibə məhbusu” olduğunu iddia edərək azad edilmələrini istəyir. Lakin düşmənin bu cəhdi 10 noyabrda Ermənistanın imzaladığı kapitulyasiya sənədi ilə daban - dabana zidiyyət təşkil edir.

Qeyd edək ki, Ermənistan XİN başçısı sözügedən müraciətində yenə də Xankəndi əvəzinə "Artsakh" ifadəsini işlədib. Halbuki artıq Qarabağ müharibəsi bitib, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.

Ona görə də "Artsakh" deyil, Xankəndi yazılmalı, ermənilər bu gerçəklə barışmalıdırlar. Amma Ermənistan tərəfi hər zamankı kimi revanşist cəhdlərlə çıxış edirlər.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Sherg.az”a bildirib ki, müharibə bitib, Vətən savaşında qalib olmuşuq:

“Rusiyanın məsələyə müdaxilə etməsi ilə Ermənistan ordusu tamamilə dağılmaqdan xilas edildi. Ermənistan heç vaxt reallığa və öz gücünə uyğun mövqe tutmayıb. Ona görə də başlarına faciələr gəldi.

Ümumiyyətlə, bu hal erməni toplumuna xas olan xüsusiyyətdir. Onlar heç vaxt öz gücləri və imkanları daxilində mövqe tutmayıblar. Hesab edirəm ki, Ermənistan indiki şəraitdə də ağıllanmayıb. Azərbaycanın növbəti dəfə zərbəsini almalıdırlar ki, ağılları başlarına gəlsin.

62 terrorçu ilə bağlı məsələ müzakirə olunur, bu mövzunu Rusiyanın da qarşısına qoyurlar, onlardan kömək istəyirlər. Amma Rusiyanın Xarici işlər naziri də dedi ki, həmin şəxslər 10 noyabr bəyanatından sonra götürülən əsirlərdir.

Artıq hərbi əməliyyatlar dayandırılmışdı. Bundan sonra atılan addımlar ancaq terror hərəkəti kimi dəyərləndirilir. Heç beynəlxalq təşkilatlar da onlara kömək edə bilməz. Çünki beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.

Hərbi əməliyyatlar dayanandan sonra kimsə silahlı bir cəhd göstərirsə, bu, artıq terror hərəkatıdır. Azərbaycan da həmin terrorçuları zərərsizləşdirməli idi.

Ermənistan sevinsin ki, həmin separatçıları sadəcə əsir götürmüşük. Onlar məqsədlərinə nail ola bilməyəcəklər. Ağıllarını başlarına yığsalar yaxşı olar, yığmasalar yenə də faciələrlə üzləşəcəklər”.

Mənbə: sherg.az