Dövlət katibi vəzifəsinə namizəd Antoni Blinken: ABŞ Çini `üstələyə bilər`

Dövlət katibi vəzifəsinə namizəd Antoni Blinken: ABŞ Çini `üstələyə bilər`

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin xarici siyasət komandası demokratiyadan uzaqlaşmadan tutmuş Çin, Rusiya və digər avtoritar dövlətlərlə artan rəqabətə qədər aktual problemlərin həlli üçün dünyadakı tərəfdaşları ilə işləməyə söz verib.

Baydenin dövlət katibi vəzifəsinə namizəd irəli sürdüyü Antoni Blinken çərşənbə axşamı Senatın Xarici Əlaqələr Komitəsində ifadə verib. Blinken qanunvericilərə ABŞ-ın “Çini üstələyə biləcəyini” bildirib.

“Biz əsas ittifaqlarımızı canlandıra bilərik - dünyadakı təsir gücümüzü artıra bilərik. Birlikdə Rusiya, İran və Şimali Koreyanın yaratdığı təhdidlərə qarşı durmaq və demokratiya və insan haqlarını müdafiə etmək üçün daha yaxşı mövqedəyik” - deyə, o bildirib.

Blinken Obama administrasiyası dövründə Dövlət katibinin müavini vəzifəsində çalışırdı və onun Baydenlə sıx əlaqələri var. O, Bayden komissiyanın sədri olanda Senatın Xarici Əlaqələr Komitəsində kadrlar üzrə direktoru, daha sonra isə vitse-prezident Baydenin milli təhlükəsizlik müşaviri olub.

Yeni Bayden administrasiyası ABŞ-Çin münasibətlərində mübahisəli məsələləri aradan qaldırmaq üçün etibarın yaradılması istiqamətində mümkün addımlarını ata bilər. Baydenin Ağ Evin Milli Təhlükəsizlik Şurasında Hind-Sakit Okean Siyasəti üzrə Baş Koordinatoru vəzifəsinə təyin etdiyi Kurt Kempbeli bildirdiyinə görə, bu addımlara jurnalistlər üçün viza məhdudiyyətlərinin yüngülləşdirilməsi və bağlanan konsulluqların fəaliyyətinin bərpası da daxildir.

Mənbə: www.amerikaninsesi.org