Qırğızıstanda meyitlərin yandırılması qadağan edildi

Qırğızıstanda meyitlərin yandırılması qadağan edildi

Qırğızıstan Prezidenti Sadır Japarov dəfn haqqında qanuna edilən dəyişiklikləri imzalayıb.

Yeni qanuna əsasən, artıq vəfat etmiş şəxslərin cəsədlərinin kremasiyası (yandırılması) qadağandır.

Qanun yalnız tibbi prosedurlardan sonra qalan insan orqan və toxumalarının, yəni bioloji obyektlərin kremasiyasına icazə verir. Abort edilmiş və ya ölü doğulmuş dölün, eləcə də naməlum və sahibsiz meyitlərin yandırılması da qadağan olunub. Belə hallarda dəfn yalnız torpaqda həyata keçirilə bilər.


Sənədə əsasən, krematoriyalar tibbi bioloji obyektlərin sanitar qaydada məhv edilməsi üçün nəzərdə tutulan xüsusi qurğular hesab olunur. Onların tikintisi dövlət büdcəsi və ya özəl investorların vəsaiti hesabına maliyyələşdirilə bilər.

Mənbə: bizim.media