Prezident ərazilərimizin qanunsuz məskunlaşmasında Ermənistanın keçmiş və indiki siyasətini ifşa etdi

Prezident ərazilərimizin qanunsuz məskunlaşmasında Ermənistanın keçmiş və indiki siyasətini ifşa etdi

Seyid Camal Əzimbəyli: “Bununla demək istəyirdilər ki, işğal edilmiş ərazilər geri qaytarılmayacaq”

“Hər şeyin dağıdılmadığı ərazilərdə süni məskunlaşdırma siyasəti aparılırdı”. Bunu Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən deyib.

Ölkə başçısının sözlərinə görə, Ermənistanın əvvəlki hakimiyyəti işğal olunmuş ərazilərdə süni məskunlaşma siyasətini gizlədirdisə, hazırkı hakimiyyət isə bunu açıq şəkildə edirdi: “Vandallar və oğrular pəncərə çərçivələrini, qapıları, dam örtüklərini, aparılması mümkün olan nə varsa hamısını söküb aparıblar. Hər şeyin dağıdılmadığı ərazilərdə süni məskunlaşdırma siyasəti aparılırdı, bu, Cenevrə konvensiyalarının ən kobud şəkildə pozulmasıdır və hərbi cinayətdir. Özü də işğalın ilk illərində Ermənistanın əvvəlki hakimiyyəti bu faktları gizlədirdisə, indiki hakimiyyət bununla fəxr edir, internetdə və özünün kütləvi informasiya vasitələrində Yaxın Şərqin digər dövlətlərinin erməni millətindən olan vətəndaşlarının buraya gəlməsi, Şuşada və digər şəhərlərdə məskunlaşması barədə videoçarxları nümayişkaranə şəkildə dərc edir, bununla da həm beynəlxalq hüquq normalarına, həm də insani əxlaq normalarına tam etinasızlıq göstərirdi”.

Ölkə başçısı bu fikirləri ilə Ermənistandakı keçmiş və indiki hakimiyyətin Qarabağda həyata keçirdiyi qanunsuz süni məskunlaşma siyasətini ifşa etdi. Onların mənfur planlarını ortaya qoydu.

“Elə bilirdilər işğal müddəti uzandığına görə Azərbaycan bununla barışacaq”

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Qarabağda süni şəkildə ermənilərin sayını artırmaq Ermənistanın başlıca məqsədlərindən biri olub: “Orada hakimiyyətdə olan bütün qüvvələr buna çalışıb. 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs imzalanandan sonra müxtəlif yerlərdən ermənilər Qarabağa köçürüldülər.1999-cu ildən başlayaraq işğal edilmiş ətraf rayonlarda süni məskunlaşma siyasətini həyata keçirməyə başladılar. Xüsusən də Laçın, Kəlbəcər və Qubadlı rayonlarında sözügedən qanunsuz əməllərini daha çox həyata keçirirdilər. Ərazilər işğaldan azad edilənə qədər ətraf 7 rayonda 17 min nəfərdən çox erməninin qanunsuz məskunlaşması ilə bağlı məlumatlar var. Ermənistanın əvvəlki hakimiyyətləri süni məskunlaşmanı ilk vaxtlar ona görə gizlədirdilər ki, beynəlxalq müstəvidə üzləşəcəkləri tənqidlərdən çəkinirdilər. İşğalın müddəti uzandıqca və beynəlxalq qurumlar bütün bunları görməzdən gəldikcə, Ermənistan daha da azğınlaşmağa başladı. Onlar qanunsuz məskunlaşmanı açıq şəkildə etməyə başladılar. Bununla demək istəyirdilər ki, işğal edilmiş ərazilər geri qaytarılmayacaq. Elə bilirdilər işğal müddəti uzandığına görə Azərbaycan bununla barışacaq”.

Şərqşünas onu da qeyd etdi ki, Azərbaycan Ordusu 44 günlük müharibə zamanı Ermənistanın mənfur planlarını məhv etdi.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com