Azərbaycan Sərhəd Qoşunları rus sülhməramlılarını əvəz edə bilər? – Politoloqun mövqeyi

“Sülhməramlıların regiona gətirilməsini məhz üçtərəfli saziş şərtləndirir. Onların funksiyaları ilə bağlı heç bir əlavə sənəd qəbul olunmayıb”.

KONKRET.az xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirdi.

Onun fikrincə, belə olan halda sülhməramlılarla bağlı müxtəlif söz-söhbətlər yayılır.

“Bəzi hallarda göstərilir ki, onlar öz səlahiyyətlərini aşırlar, yaxud hansısa qeyri-etik davranışla məşğul olurlar. Ona görə də, onların funksiyalarını dəqiqləşdirmək lazım olardı. Lavrovun açıqlamaları ondan xəbər verir ki, tərəflər bu məsələni dəqiqləşdirirlər”.

“Əgər bu məsələ həllini tapsa, sülhməramlıların funksiyalarını yerinə yetirə bilmədiyi üçün müəyyən nəzarətləri Azərbaycan Silahlı Qüvvələri, yaxud Sərhəd Qoşunları yerinə yetirməlidir. Burda boşluq qalmamalıdır”.

Politoloq vurğuladı ki, sülhməramlılar sərhədçi, polis funksiyalarını yerinə yetirə bilməz. Regionda isə, sərhədçi nəzarəti də olmalıdır.

“Çünki Laçın dəhlizinin bir hissəsinə Azərbaycan-Ermənistan sərhədi düşür və oranı da nəzarətsiz buraxmaq düzgün deyil. Sülhməramlılar sərhədçilik edə bilməz, ancaq həmin zonada sərhədçilər olmasa, qaçaqmalçılıq, qeyri-qanuni silah ötürülməsi halları baş verəcək”.

“Bütün bunlara nəzarət funksiyasını kimsə həyata keçirməlidir” deyən İlqar Vəlizadə sonda qeyd etdi ki, bu məsələ dəqiqləşdirilməlidir.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Xalq 20 Yanvar şəhidlərini qürurla anır - VİDEOREPORTAJ

SONRAKI XƏBƏR

Zəngəzurda minaya düşən erməni kapitan ayağını itirdi