Marqaret Tetçer Bakıda qırğının qarşısını almağa çalışıb - Komitə sədri

Marqaret Tetçer Bakıda qırğının qarşısını almağa çalışıb - Komitə sədri

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin dirçəliş günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Bu sözləri Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Hicran Hüseynovanın fikrincə, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı çox ağır imtahan verib: “Xalqımız bu sınaqdan qalib çıxdı. SSRİ rəhbərliyinin xalqımızın azadlıq mübarizəsinin qarşısının almaq üçün həyata keçirdiyi bu əməliyyat cinayətkar siyasətin əsl mahiyyətini göstərdi. Ordunun respublikamıza qanunsuz yeridilməsi nəticəsində Bakıda və rayonlarda 134 mülki vətəndaş öldürülüb. Faciədə yaralanmış 13 nəfər isə sonradan vəfat edərək şəhid olub.

744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılıb. Həlak olanlar arasında müxtəlif millətlərin nümayəndələri, uşaqlar, qadınlar, qocalar, şikəstlər də var idi.

Hərbiçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, avtobusları atəşə tutur, yaralıları öldürür, meyitləri təhqir edirdilər. Hərbi təcavüz nəticəsində yüzlərlə ev, onlarla avtomobil, o cümlədən, təcili yardım maşınları dağıdılıb, külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilib”.

Komitə sədri qeyd edib ki, qanlı Yanvar qırğını həm də rus şovinistlərinin ermənilərlə ilə birgə apardıqları anti-Azərbaycan siyasətin tərkib hissəsi idi: “Lakin onlar öz qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına gətirib çıxardı.

20 Yanvar cinayəti bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulub. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.

Keçən il, yəni 2020-ci ildə Qara Yanvarın otuzuncu ildönümü, İngiltərədə "Otuz illik qayda" nın bitməsinə təsadüf edib. Britaniya Milli Arxivinin dərc olunmuş sənədlərindən də bu fakt var. Baş nazir Marqaret Tetçerin rəhbərlik etdiyi İngilis hökuməti 1990-cı ilin yanvarında Moskva ilə dialoq yolu ilə Bakı küçələrində mülki əhalinin qırılmasının qarşısını almağa çalışıb. Lakin buna nail ola bilməyib”.

Hicran Hüseynova bildirib ki, o faciəli günlərdə ulu öndər Heydər Əliyev kimi qüdrətli liderin ölkədə yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu: “Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə ulu öndər Heydər Əliyev olub. Ümummilli lider Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib.

Ulu öndər təcavüzə kəskin etirazını bildirib. Faciəni törədənləri, şəxsən Mixail Qorbaçovu kəskin ittiham edib və qoşunların dərhal Bakıdan çıxarılmasını tələb edib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi. 20 Yanvar faciəsini hüquqa, demokratiyaya və humanizmə zidd addım kimi dəyərləndirilib. Ulu öndər Heydər Əliyevin güclü siyasi iradəsi sayəsində həm də 20 Yanvarla bağlı informasiya blokadası yarılmış olub. O, hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib”.

Hicran Hüseynova xatırladıb ki, 1995-ci ildə Mixail Qorbaçov Azərbaycan xalqından 20 Yanvar qırğınına görə üzr istəyib: “Qorbaçov qeyd edib ki, Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında fərmanın imzalanması mənim siyasi karyeramda ən böyük səhv idi”.

Deputat 20 Yanvar şəhidlərinin xüsusi qürur və ləyaqət hissi ilə anıldığını söyləyib: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. 44 günlük Vətən Müharibəsində böyük zəfər əldə olunub”.

Mənbə: teleqraf.com