20 Yanvar şəhidlərinin qanı hədər getmədi - Komitə sədri

20 Yanvar şəhidlərinin qanı hədər getmədi - Komitə sədri

1990-cı il 20 yanvar hadisəsi Azərbaycan xalqının tarixində faciə və qəhrəmanlıq günüdür. Bu tarix milli ruhun oyanışı və milli birlik günü kimi xarakterizə olunur. Eyni zamanda bu bir milli mübarizə tarixidir. Sovet imperiyasının qarşısında II Dünya müharibəsindən heç bir dövlət dayana bilməmişdi. Amma Azərbaycan xalqı əli yalın müstəqillik ruhunun gücü ilə onun qarşısına çıxdı. Xalqımız əslində o imperiyanı məğlub etdi. 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı qətliamın baiskarı və təşkilatçısı Mixail Qorbaçov da sonradan cinayətini etiraf etdi. O dəfələrlə bildirib ki, Bakıya qoşun yeritmək onun siyasi karyerasının ən böyük səhvi idi.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Komitə sədrinə görə, ötən on illiklər göstərdi ki, Azərbaycan əbəs yerə qurbanlar verməyib: ”Müstəqillik əldə edildi. Şəhidlərimizin bütün arzuları çin oldu”.

Millət vəkili 20 Yanvar hadisələrinə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini söyləyib: “20 Yanvar hadisəsinin səhərisi ulu öndər Heydər Əliyev cənab İlham Əliyevlə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Bakıda törədilmiş qanlı qırğına sərt etiraz bildirib. Dünya birliyini Azərbaycan xalqına qarşı edilmiş bu cinayətdən xəbər tutmağa, reaksiya verməyə səsləyib. Bu qanlı olayın Azərbaycan xalqına qarşı cinayət olduğu vurğulanıb. Demokratiyaya, hüquqa, mənəviyyata zidd bir addım kimi qiymətləndirilib”.

Millət vəkili qeyd edib ki, 20 yanvardan sonra Azərbaycanın taleyində mühüm hadisələr baş verib: “Azərbaycan müstəqilliyə qovuşub. İqtisadiyyatını gücləndirib. Ölkəmiz qüdrətli bir dövlət çevrilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız 2020-ci ildə ərazi bütövlüyünü bərpa edib.

Bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır. Tarixi qələbə qazanılıb. Şəhidlərin uğrunda can verdiyi müstəqilliyimiz, ərazi bütövlüyümüz bərpa olunub”.

Mənbə: teleqraf.com