Tehranda verilən Qarabağ bəyanatları: İrana nə qədər etibar etmək olar? - ŞƏRH

Tehranda verilən Qarabağ bəyanatları: İrana nə qədər etibar etmək olar? - ŞƏRH

İran rəsmiləri Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə ilə bağlı rəsmi Tehranın mövqeyini açıqlayıblar.

Xəbər verdiyimiz kimi, İranda səfərdə olan baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi, İqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd, Yol və şəhərsalma naziri Məhəmməd Eslami və Energetika naziri Rza Ərdəkanian ilə görüşüb.

Görüşlərdə İran rəsmiləri ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması və Dağlıq Qarabağ münaqişəsinin başa çatması münasibətilə təbrik ediblər. İran rəsmiləri bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk günlərdən etibarən İran Azərbaycan Respublikasının haqlı mövqeyini dəstəkləyib.

Burdan o nəticəyə gəlmək olar ki, İran Azərbaycanın uğurları və bölgədəki Türkiyə faktoru ilə barışmalı olub?

Bu barədə Cebhe.info-ya açıqlamasında İran üzrə ekspert Sədrəddin Soltan bildirib ki, Tehranın dəstəyi hər zaman sözdə olub:

“İran Qarabağ işğal olunandan bəri hər zaman Ermənistana dəstək olub. Sözdə müxtəlif təşkilatların konfranslarında, BMT-nin yığıncaqlarında və s. Azərbaycanın bütövlüyünü dəstəklədiyini bəyan etsə də, ancaq hər zaman Ermənistana yardım edir. Hətta 44 günlük döyüşlər ərəfəsində də Rusiyadan gələn silahların İran ərazisindən ötürülməsi barədə məlumat vardı. Ona görə də İranın Azərbaycana hər zaman dəstək olması ilə bağlı minnət qoyması sözdədir.Gerçək isə dediyim kimi, fərqlidir. Hətta bu yaxınlarda İran hərbçilərinin heyəti Ermənistanda səfərdə olub. Bu, onu göstərir ki, iki ölkə arasında hərbi əməkdaşlıq da var”.

Politoloq onu da əlavə edib ki, İran Azərbaycana kömək eləsə belə, bunu öz mənafeyi üçün edəcək:

“Azərbaycanın ərazi bütövlüyünü Rusiya da, Fransa da, Amerika da, Türkiyə də dəstəkliyir. Ancaq realda kimin daha faydalı və daha gerçekçi dəstək verdiyini görürük. Məsələn, Türkiyə bizimlə bağlı dəstəyini deyir, əməldə də işini görür, beynəlxalq ictimaiyyətə təzyiqlər edir. Pakistan Ermənistanı dövlət kim tanımır. İsrail də deyir və bizə diplomatik dəstək göstərir. Amma İran nə edir? Bu günə kimi Ermənistana hansı sanksiyalar tətbiq edib? Əvəzində Xudafərin körpüsü vasitəsilə Qarabağdakı separatçılara silah göndərdi. İndi də hazırlaşır ki, Qarabağdakı mədəni abidələrin bərpasına kömək eləsin. İrəvanda Göy məscidi bərpa edib yazdı ki, fars məscididir. İndi də Qarabağda abidələrin bərpasına kömək edib, deyəcəklər ki, fars mədəniyyətinin nişanələridir. Ona görə də istər bu 30 ildə, istərsə də bundan sonra İranın tutduğu mövqe etibarsızdır”.

Mənbə: cebhe.info