Deputatlarımızın efir sevdasının GİZLİ SƏBƏBLƏRİ

Deputatlarımızın efir sevdasının GİZLİ SƏBƏBLƏRİ

Bir həmkar dostum bu səhər mənə zəng edib soruşdu ki, “Televizora baxırsan?” Dedim ki, “Xeyr, nə olub ki?” Dostum gileyləndi ki, “Ay, qardaş bu deputatların işi-gücü yoxdur? Hansı kanalı açırsan, deputat danışır?”.

Maraq üçün mən də televizoru açdım. 10-15 televiziyamızın hansını açdımsa, dostum demiş deputatlarımızın şux camalın gördüm. Hamısı da maşallah, şux geyimdə, gözəl əhval-ruhiyyədə. Elə iştahla danışırdılar ki, adam lap heyran qalmaq istəyir. Savadlarına yox haaa, iştahla danışmaqlarına.

Çünki insan bir sahənin mütəxəssisi olar. Uzaqbaşı digər bir sahədən də müəyyən bilgisi olar. Amma bizim bu teputat tayfası hər zadı bilir. Xarici siyasətdən deyirsən, danışırlar, beynəlxalq münasibətdən deyirsən, bakılılar demiş “nəgi var” xırdalayırlar, iqtisadiyyat deyirsən, türklər demiş bunların “göbək adıdır”. Çünki hamısı kommersantdır. Sosial məsələ deyirsən, bunların əzbər bildiyi şeydir. Erməni-türk münasibəti deyirsən, onu da tarixçidən yaxşı bilirlər.

Hələ Azərbaycan tarixini “voobşe” su kimi içirlər. Ona görə də harda aş, orda başdırlar. Çağırsalar da, gedirlər, çağırmasalar da, özlərini “yuxarıdan” tapşırtdırırlar. Bir sözlə, bizim deputatlarımızın anoloqu yoxdur. Onlar təkcə “savadlı” və “natiq” deyillər, həm də hazırlıqlıdırlar. Sən sadəcə qafiyəni tut, dalını deputatlarımız özləri gətirir.

Bir də adamı danışdıran puldur, imkandır. Kefin kök olandan sonra danışmağa nə var ki! Özü də bilirsən ki, televizorun qarşısındakının sənə əli çatmır. Deyə bilmir ki, “ay insan, filan şeyi düz demisən, filan məsələ o cür olmayıb”. Studiyadakı jurnalistin də nə vecinə “soldat spit, slujba idyot”. Deputat danışır, efir gedir, qonorar yazılır. Bir-iki “dejurnu” sual da neçə illərdir ki, bloknotda var. Yəni televiziya jurnalistikamız əslində deputatlarla bir-birlərini tamamlayır. Birinə efiri “doldurmaq” lazımdır, birinə efirdə, gündəm də olmaq. Vallahi, heç televiziyalarda məsələyə peşəkar yanaşma da qalmayıb. Çünki televiziyalardakıların tam əksəriyyəti peşəkarlıqdan uzaq adamlardır. Hərəsi bir yolla efirə yol tapıb. Ona görə “nənəsi gülüm olanın, başına külüm olub”.

Qəribə burasıdır ki, tele-ekranları bəzəyən eyni deputatlardır. Bu televiziyadan çıxıb, o biri kanala gedirlər. Bu mövzudan çıxıb digər mövzuya girirlər.

Bu xalqımız üçün qanlı və şanlı bir gündür. 1990-cı ilin “qanlı 20 yanvar”ından 31 il ötür. Belə bir gündə çox təəssüf ki, efiri “bəzəyən” deputatların heç biri nə o hadisələrin iştirakçısı olub, nədə ki 20 yanvar hadisələrinin tətqiqatçıları deyillər. Sadəcə efirimizin “dejurnu” çıxışçılarıdır. “Dejurnu” dedim, yadıma bir xatirə düşdü.

Deməli, 1997-1998-ci illər idi. AzTV-də Qarabağla bağlı silsilə verilişlər hazırlanırdı. Televiziyanın baməzə əməkaşlarından birinə də deyirlər ki, bu gün növbə sənindir. Çağır çıxışçıları, danışdır. Dostumuz da yarıkönül razılaşır. Gələn “dejurnu” çıxışçını (eynən indiki deputatlarımız kimi) görəndə bir az mədəsi bulanır. Gələn çıxışçını bir az tapşırıq üzrə danışdırdıqdan sonra başlayır “mırt” tutmağa. Deyir ki, “bilirsən də Ağdamın verilməsində filankəsin (otaq yoldaşının adını deyir) də əli olub? Bu barədə nə deyə bilərsən?”. Gələn sürtülmüş çıxışçı da başlayır adı çəkilən adamın eninə-uzununa, qabırğasına döşəməyə. Həmkarım başqa bir otaq yoldaşının adını çəkir. Deyir ki, “bilirsən də Qubadlının verilməsinə filankəs şərait yaradıb?”. Gələn sürtük çıxışcı bu dəfə daha iştahla adı çəkilən adamı söyüb, aşağılayıb. Axırda həmkarım dözməyib çəkilişi saxlayıb “müsahibinə” deyib ki, “a kişi, ayıbdır eyy. O söydüyün adamları tanıyırsan?” Sürtük müsahib də qayıdır ki, yox tanımıram. Siz dediniz mən də söydüm”.

Əlqərəz, jurnalist həmkarım sürtük müsahibi yaxşıca tənbehləyib, yola salır. Və bundan sonra o sürtük bir də efirlərdə görünmədi.

İndi də elə bir cayıl jurnalist lazımdır ki, deyəsən “ay deputat, sən heç bilirsən 20 yanvar hadisələrinə hazırlıq Bakıda yanvarın neçəsində başladı? Yanvarın 13-də nə oldu, yanvarın 17-19-də nə oldu?” Sizi inandırım ki, həmin deputatların 99 faizi bu suallar qarşısında gözünü döyəcək. Amma neyləyəsən ki, Azərbaycanın uzaq yox, yaxın keçmişini bilən çox az jurnalist televiziyalarda çalışır. Savadlı və təcrübəli jurnalistlərin əksəriyyəti televiziyalardan məqsədli şəkildə bu və ya digər bəhanələrlə uzaqlaşdırılıb. İndi meydan qalıb qeyri-peşəkarlara. Belə “jurnalistlər” üçün də ən yaxşı “yem” “dejurnu deputatlar”sır.

Bir sual ver, qoy deputat müəllim yarım saat danışsın. Hanı yuxarda dediyim prinsipial jurnalist ki, saxlaya həmin deputatı deyə ki, “a kişi, deputatsan get, kommersiyanla məşğul ol. Bu məsələ sənlik deyil”.

Vallah bu “dejurnu deputatlar”a baxanda Hacı Madərin ölənlərinə min dəfə rəhmət oxuyuram. Kişi 40 ildir ki, cibində mandat gəzdirir. Lakin bir dəfə də olsun, onu siyasətdən, iqtisadiyatdan, beynəlxalq münasibətlərdən danışdığını nə eşitmişəm, nə görmüşəm. Kişi başını aşağı salıb kommersiyası ilə məşğuldur. Eşitdiyimə görə arada yetim-yesirə də əl tutur. Amma bizim bu “dejurnu deputatlar”ımız nə ölüyə haydır, nə diriyə pay.

Birinə desən ki,”ay deputat-müəllim” 20 yanvarla və və yaxud da erməni-türk münasibətləri ilə bağlı bir sanballı yazım var. Onun xaricdə çapına min manat lazımdır”… Vayyy… Bir ağlaşma başlayacaqlar ki, gözlərdən uzaq. Yəni bu adamlar xalq, dövlət üçün yox, korporativ maraqlar üçün danışırlar.

Danışırlar ki, gündəmdə olsunlar. Müğənnilər kimi gündəmdə olmayan deputatı kim tanıyacaq ki?! Hansı məmur tanımadığı deputatın telefonuna cavab verəcək ki?!

Bax, əziz oxucu! Məsələ belədir. Danışan deputatlar seçiciləri üçün danışmır, özü üçün danışır. Danışdıqdan sonrada gedib deputat otağında oturub 4 rəqəmli telefonla ora-bura zəng edirlər. Əvvəlcə, bu günki, televiziya çıxışlarını “gözə soxur”, sonra da mətləbə keçirlər. Özlərinin, qohum-əqrəbalarının problemlərini həll edirlər. Onların qohum əqrəbaları da seçicidir, axı…

İndi qayıdıram, səhər-səhər mənə zəng edən həmkar dostuma: “Qardaş, gördünmü ki, deputatların işi gücü nə qədər çoxdu?”

Mənbə: konkret.az