Qarabağ Dirçəliş Fondu bütün ölkə üzrə strukturlaşmağa başladı

Qarabağ Dirçəliş Fondu bütün ölkə üzrə strukturlaşmağa başladı

Fatimə Hacıbəyli: “Fondun filiallarının və nümayəndəliklərinin yaradılmasına ehtiyac var idi”

Xəbər verildiyi kimi, Qarabağ Dirçəliş Fondunun filialları və nümayəndəlikləri olacaq. Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Qarabağ Dirçəliş Fondunun strukturu”nda əksini tapıb. Qarabağ Dirçəliş Fondunun strukturuna Qarabağ Dirçəliş Fondunun Aparatı və Qarabağ Dirçəliş Fondunun filialları və nümayəndəlikləri daxildir.

Qarabağ Dirçəliş Fondunun filiallarının və nümayəndəliklərinin olmasının əhəmiyyəti haqqında danışan “Vəfa” Sosial-İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli qeyd etdi ki, adıçəkilən fondun yaradılması ilə, ilk növbədə, Qarabağda aparılan tikinti-quruculuq işləri sürətlənəcək: “Fond işğaldan azad olunmuş ərazilərin dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərəcək. Fondun filiallarının və nümayəndəliklərinin yaradılmasına ehtiyac var idi. Məlumdur ki, işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası ölkəmiz üçün birinci dərəcəli prioritet vəzifədir. Danılmaz faktdır ki, dövlətimizin resursları işğaldan azad olunmuş ərazilərə həyatın qaytarılmasına səfərbər edilib. Bütün şəhər və rayonlar yenidən qurulacaq, müasir və təhlükəsiz həyat şəraiti yaradılacaq. Artıq sosial infrastrukturun yenidən qurulması işlərinə başlanıb”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, fondun filiallarının və nümayəndəliklərinin yaradılması Qarabağda bərpa və yenidənqurma işlərinin daha intensiv şəkildə həyata keçirilməsinə şərait yaradacaq. Birlik sədrinin sözlərinə görə, 44 günlük zəfər tariximizdə olduğu kimi, vətəndaşlarımız yenə də həmrəylik göstərməli, Qarabağın yenidən dirçəlməsində yaxından iştirak etməlidirlər. Həm fiziki şəxslər, həm də hüquqi şəxslər yaradılan platformalar vasitəsilə fonda öz ianələrini köçürə bilərlər.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com