RUSİYA VƏTƏNDAŞLARI PUTİN SİSTEMİNİN MƏHVİNİ YAXINLAŞDIRA BİLƏR

RUSİYA VƏTƏNDAŞLARI PUTİN SİSTEMİNİN MƏHVİNİ YAXINLAŞDIRA BİLƏR

Rusiyalı politoloq, publisist Fedor Kraşennikov hesab edir ki, “Qolunovun işi” ilə bağlı səs-küylü ictimai narazılıq ölkə vətəndaşlarının “Volkovun işi” kimi qalmaqallı işlərə laqeydliyinə haqq qazandırmır.

İyunun 10-u Aleksey Navalnının silahdaşı, onun regional qərargah şəbəkəsinin koordinatoru Leonid Volkov ötən il sentyabrın 9-u Moskvada keçirilən mitinqin təşkilində məhkum edildiyi 20 sutkalıq həbsdən sonra azadlığa çıxmalı idi. Ancaq cəza müddəti başa çatdıqdan dərhal sonra onu yenidən məhkəməyə aparıblar. Burada Volkov Sankt-Peterburqdakı analoji mitinqin təşkilinə görə yenidən 15 sutka azadlıqdan məhrum edilib.

Beləliklə, Leonid Volkov ötən il sentyabrın 9-u Vilnüsdə ola-ola Rusiya şəhərlərindəki etirazları şərh etdiyi üçün 35 gününü inzibati həbsdə keçirəcək. Və deyəsən, bu, onun başına gələn sonuncu xoşagəlməz hadisə deyil. Vəziyyətin bütün absurdluğuna baxmayaraq onu sentyabradək həbsdə saxlaya bilərlər. Belə bir informasiya var ki, Volkovu daha altı regionda keçirilən aksiyalara görə ayrı-ayrı mühakimə etməyi planlaşdırılar. Dolayısıyla, onu bu yolla Moskva və Sank-Peterburqda geniş vüsət alan seçki kampaniyalarından təcrid etməyə çalışırlar.

Müəllif qeyd edir ki, qarşıdan gələn seçkilər və onların nəticələri Rusiya rəhbərliyini ötən payız baş verən mitinqlərdən daha çox narahat edir. Artıq indidən məlumdur ki, pensiya yaşının arıtırlması iqtidarın nüfuzuna güclü zərbə endirib və o, həmin zərbədən hələ də özünə gələ bilməyib. Uzun illərdən sonra ilk dəfə “Vahid Rusiya” partiyası və şəxsən Vladimir Putin tərəfindən dəstəklənən namizədlər regionlardakı seçkilərdə məğlubiyyətlə qarşılaşıblar. Ancaq Rusiya elə bir ölkədir ki, mərkəzdə hər şey sakit olduğu müddətcə regionlardakı siyasi burulğanlardan heç biri əhəmiyyət daşımır.

Moskva və Sankt-Peterburqdakı seçkilər ona görə vacibdir ki, bütün Rusiyada siyasi həyatı yeni qeyri-sabit səviyyəyə adlada bilər. Müxalifətçilər bu iki şəhərin qanunverici orqanlarına heç olmasa bir neçə namizədini keçirə və “Ağıllı səsvermə”nin köməyi ilə Kremlə loyal namizədlərə onlara lazım olan çoxluğu formalaşdırmağa mane ola bilsə, onda son illər meydan açıxan hakimiyyət konfiqurasiyası təkcə bu şəhərlərdə sual altına düşməyəcək.

Qarşıdan gələn seçkilər Moskva meri Sergey Sobyanin üçün son dərəcə əhəmiyyətlidir. Deputat korpusuna nəzarətin zəifləməsi onun qeyd-şərtsiz “Moskvanın sahibi” statusuna ciddi zərbə endirəcək və onun federal siyasi perspektivlərini şübhə altına qoyacaq. Sankt-Peterburqa rəhbər postuna namizədliyini irəli sürən Aleksandr Beqlovun vəziyyəti daha pisdir. Müxalifət əlaqəli fəaliyyət göstərsə, Putinin əlaltısı prezidentin doğma şəhərində sarsıdıcı məğlubiyyətlə üzləşə, dövlət başçısının nüfuzuna xələl gətirə bilər.

Leonid Volkov son vaxtlar bu iki şəhərdə məhz seçkilər və “Ağıllı səsvermə” layihəsi ilə məşğul olduğunu gizlətməyib. Onun tamamilə mənasız ittihamlarla təcrid edilməsi bu fəaliyyətin iqtidarı nə qədər narahat etməsinin ən yaxşı sübutudur. 30-cu illərdə Sovet İttifaqında insanların danışdığı üçün ciddi həbs cəzası ilə üzləşdiyi lətifələr arasında bu da olub: “Yoldaş Stalinlə müzakirə aparmaq çox çətindir. Siz ona dəlil irəli sürürsünüz, o, sizi sürgünə göndərir, siz ona istinad verirsiniz, o sizə həbs cəzası!”. Söz oyununun arxasında yarımçıq qalan minlərlə tale və insan faciəsi, eləcə də avtoritar iqtidarın müxalifətlə qarşılıqlı münasibətinin mahiyyəti gizlənir. Hakimiyyətin onlarla mübahisə edib, onlara nəyisə sübut etmək niyyəti yoxdur, o, hökm dilində danışmağa üstünlük verir.

Jurnalist İvan Qolunovu narkotik maddələri istifadə edib, satmaqda ittiham etmək cəhdi Leonid Volkovun inzibati həbs müddəti ilə müqayisədə böyük rezonansa səbəb olub. Təəccüblü heç nə yoxdur: nüfuzlu KİV-dən araşdırmaçı jurnalisti hər gün bu cür biyabırçı üsulla susdurmağa çalışmırlar, amma siyasi fəalların həbsinə Rusiyada artıq alışıblar.

Müəllif ilk növbədə məhz bununla – normaya çevrilən qanunsuzluğa laqeyd münasibətlə mübarizə aparmaq lazım gəldiyini düşünür. İqtidar bu və ya başqa səbəbdən dolayı müəyyən vətəndaşlara qarşı repressiyaları adi hala çevirib. Xoşbəxtlikdən, ölkə əhalisinin əksəriyyəti üçün repressiyalar nöqtəvi olaraq qalır və belə şəkildə də təşəbbüskarlarına ciddi çətinlik yaradır. Ancaq repressiyalara məruz qalan şəxslər bundan rahatlıq tapmır. Bu günlər İvan Qolunovun sağlamlığına dəyən ziyanı və onun nə qədər əsəbiləşdiyini, Leonid Volkovun ədalətli məhkəməyə ümid etmədən həbsdə necə qaldığını yalnız onların özləri və yaxınları bilir.

Lakin Kraşennikov hesab edir ki, sadəcə prinsipsiz hakimlərin və hər şeyə hazır polislərin mövcudluğu ilə fəaliyyət göstərə bilən sistem məhvə məhkumdur. Bütün məsələ ondan ibarətdir ki, vətəndaşlar nümayiş etdirdikləri həmrəylik və aktivliklə bu iflası yaxınlaşdıra biləcəklərmi yoxsa sistemin kollapsı uzanacaq və daha çox taleyi, bəlkə də həyatı məhv edəcək?

Mənbə: www.xpressa.net