"Təyyarəyə, yaxşı kı, bomba yüklənməmişdi, yoxsa Sumqayıta bomba da ata bilərdim..."

"Təyyarəyə, yaxşı kı, bomba yüklənməmişdi,  yoxsa Sumqayıta bomba da ata bilərdim..."

“Rus alay komandiri qırıcını qəsdən şəhər üzərində aşağıdan uçurdu - evlər titrədi...”

“...“Sovet-rus ordusunun Azərbaycandaki həyatı” mövzusu dərindən öyrənilib tariximizə yazılmalıdır...”

1990-1991-ci illərdə Xızı rayon partiya komitəsinin 1-ci katibi, 1991-1992-ci illərdə həmin rayonun İcra Hakimiyyyəti başçısı vəzifələrində çalışmış tanınmış ictimai xadim, Milli Məclisin sabiq deputatı Maksim Musayev Moderator.az-a 31-ci ildönümü ərəfəsində olduğumuz 20 Yanvar qətliamından sonra ərazisində 7 hərbi hissə olduğu rayon əhalisinin sovet-rus ordusuna qarşı etirazları, həmin hərbi hissələrin komandir və zabitlərinin yerli rəhbərliyə qarşı münasibətindən və s. bəhs edən sənədli bir material təqdim edib. Aktuallığını nəzərə alaraq həmin məqaləni dəyərli oxucularımızın diqqətinə çatdırırıq:

“Unutmamalıyıq ki, Azərbaycandan Sovet-rus ordusunu çıxaran Azərbaycan xalqı oldu!..”

(Əvvəli burada: https://www.moderator.az/news/361291.html)

"Başqa bir hərbi hissənin - Sitalçayda yerləşən qırıcı-reaktiv təyyarələrinin rayonun ərazisindən çıxması da yadda qalan oldu. Bu hərbi hissənin komandiri Qolovin rayon sovetinin deputatı olduğundan onunla görüşlərimiz tez-tez olur, çörək kəsir və səmimi söhbətlər edirdik. Bəzi məqamda ürəyini açır, problemlərdən də şikayətlənirdi: “...Aerodroma normadan artıq xeyli çox təyyarə və təyyarəçi göndərilib - Əfqanistandan; çətinliklər var, yeni gələn təyyarəçilər demaqoq-intriqantdırlar, artıq uçuş saatları tələb edirlər; kənd bombalamağa sinov gedirlər;...”. Danışığından belə başa düşmək olurdu ki, bu hərbi hissə Əfqanistandan çıxarılan təyyarələr hesabına gücləndirilir. Bir gün o zəng edib təcili görüşməyimizi istədi. Hərbi hissədə görüşərkən bildirdi ki, bu gecə bir qrup vətəndaş (haradan gəldikləri məlum deyil) qarovulda olan əsgərlərin əl-qolunu bağlayıb və 8 ədəd avtomat silah aparıblar. Köməklik et, milis məsələni araşdırmasalar, “yuxarıdan” məni ağır cəza gözləyir. Onun xahişini yerinə yetirməyə çalışsaq da, alınmadı. Bir neçə gündən sonra yenə təcili görüşməyimi xahiş elədi. Onun iş otağında görüşərkən bildirdi ki, bu gecə də silah oğurluğuna gələnlər var idi, onlardan ikisini əsgərlər güllələyiblər. Silahları qaytarmayana qədər onların meyitlərini saxlayacayıq. Bakiya gəlib faciəni və komandirin tələbini çatdırdım. Bakıdan cavab belə oldu: “...Axşama qədər meyitlər qaytarılmazsa, ölü yiyəsi, qohum-əğrabası hərbi hissəni mühasirəyə alıb, zabit ailələrini girov götürə bilər... Mümkündür ki atışma da ola bilər...”. Deyilənləri gəlib Qolovinə çatdıranda rəngi qaçdı və Qərargaha zəng elədi. Az sonra cənazələr Sumqayıt tərəfə göndərildi. Onunla xudafizləşərkən mənə dedi: “Bizim burada xidmət etməyimiz qeyri-mümkün vəziyyətə gəlibdir, nə qədər tez getsək, yaxşı olar”.

Həmin hərbi hissə və onun komandiri Qolovinlə əlaqədar bir məsələni də qeyd etmək istərdim. Bir dəfə reaktiv təyyarələrdən biri çox aşağıdan, yüksək sürətlə uçaraq Sumqayıt şəhərinin üzərində bir neçə dəfə dövr edib, Altıağacdan dönüb qayıdırdı. Aşağıdan olan uçuş o qədər yaxın idi ki, evlər titrəyir, gurultudan qulaq tutulurdu. Bu cür uçuş yarım saata qədər davam elədi, hamımız narahatlıq keçirirdik (Sumqayıtlılar bu yazını oxusalar, bəlkə də daha ətraflı fikir söyləyə bilərlər). Bir neçə saatdan sonra Sumqayıtdan mənə zəng etdilər ki, aydınlaşdırmışıq ki, həmin təyyarə Xızı rayonunun Sıtalçaydakı aerodromundan havaya qalxıb. Təyyarəçinin etdiyi xuliqanlıq hərəkətindən xəstəxanalarda və uşaq bağçalarında halı pis olanlar var; komandirlə-Qolovinlə danış, təyyarəçini cəzalandırsın... Qolovinlə görüşdüm. Bildirdi ki, dedikləri təyyarəçi də mənəm, xuliqanlıq edən də mənəm. Təyyarəyə, yaxşı kı, bomba yüklənməmişdi, bəlkə də Sumqayıta bomba da ata bilərdim... Səhər tezdən Sumqayıta bazarlığa getmişdim, bazardan çıxarkən xidməti maşınımı yerində görmədim-oğurlanmışdı, taksiyə oturub birbaşa gəldim aerodroma, uçuşa hazır olan təyyarəni götürüb, uçdum Sumqayıta. Bir neçə dövrə vurub hirsimi soyutdum və əli boş evə getdim.... Söhbətimizin sonunda yenə də əvvəlki fikrinə qayıtdı: “...Bizim Azərbaycandakı xidmətimizin sonu yetişib... Əmrimizi nə qədər tezləşdirsələr, sizə də, bizə də sərfəli olar...”. “UAZ” markalı xidməti maşının oğurlanmasının təşkilatçısı kimi Sumqayıtın Xalq Cəbhəsini günahkar bilirdi...

Bu hərbi hissə ilə əlaqədar – bir reaktiv təyyarənin qaçırılması barədə bəzi məqamlardan da danışacağam. Bu işdə təkilatçılardan olmasam da, iştirakçı kimi bəzi epizodları yaza bilərəm (bunu oxuyub ətraflı məlumat verə bilənlər olsa, tarix üçün savab iş görmüş olarlar). Bir gün Qolovin yalvararaq görüş istədi. Yanına gedərkən bildirdi ki, işçilərimizin köməyi ilə (milliyyətcə rus idi) təyyarəmiz qaçırılıb, hazırda Yevlaxdadır. Xahiş etdi ki, kömək elə, təyyarəni qaytarsınlar, əks halda məni hərbi tribunal gözləyir. Bakıya gəlib təyyarələrin yerini dedim, ancaq qaytarmaq söhbətini etmədim. Bir gündən sonra Qolovin yenə yalvararaq məni öz iş otağına dəvət elədi və monitorda təyyarənin Şəkidə olduğunu göstərdi. Xahiş elədi ki, təyyarəni geriyə qaytarsınlar, hər cür əlimdən gələn köməklikər də edə bilərəm...Yenə getdim Müdafiə Nazirliyinə təyyarənin Şəkiyə aparıldığını dedikdə əsəbiləşdilər...Axı biz təyyarənin üzərində yekə bir ot tayası qurmuşuq. Sonra bizə məlum oldu ki, bu tipli təyyarələrdə elə cihaz quraşdırılıb, göstərə bilir ki, “mən buradayam”. Onu da deyim ki, təyyarəni qaçıran azəbaycanlı gənc təyyarəçi idi. Onunla deputat görüşüm zamanı söhbət edərək fəxr etmişdim. Gərək ki, onun soyadı Hüseynov. Adı Vaqif idi. Kim onun haqqında bildiklərini yazarsa, xeyirxaqlıq etmiş olar. Biz belə oğullarımızı tanımalı və tanıtmalıyıq...

(Söhbət Müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi Qarabağ müharibəsi şəhidi Vaqif Qurbanovdan gedir. 13 iyun 1992-ci ildə uçduğu - sovet hərbi hissəsindən qaçırdığı həmin “Su-25” təyyarəsi Əsgəran istiqamətində ermənilər tərəfindən vurulub. Bu günədək meyiti tapılmasa da, məhkəmə Nizami rayon məhkəməsinin qərarı ilə şəhid hesab olunub –S.L.)

Keçək Sitalçaydakı bəhs edilən hərbi hissənin Azərbaycandan getməsinə...

Bir gün səhər tezdən polis rəisi və müavini yanıma gəlib bildirdilər ki, Sitalçaydakı aerodromda bir dənə də olsun təyyarə qalmayıb, əsgər, zabitlər də görünmürlər- bu barədə nazirliyimizə məruzə eləmişik. Dərhal mən də “yuxarılara” və Müdafiə Nazirliyinə bildirdim və onların səlahiyyətli nümayəndəsinin gəlişini istədim. Məlum oldu ki, bu hərbi hissə respublika orqanlarına məlumat vermədən, avadanlıqları təhvil vermədən gediblər. Mənə dedilər ki, rayondaki qüvvələrin köməyi ilə, vəziyyətlə tanış olub, yerində müvafiq qərar qəbul edin. Mühafizəsini bizimkilər gələnə qədər təşkil edin. Birbaşa hərbi hissəyə getdik və gördüklərimizə inanmadıq. Hər şey dağıdılmışdı, divarlar, tavan, pəncərələrlərdə yüzlərlə güllə yeri var idi. Zabit mənzilləri pis günə qoyulmuşdu, elektrik və rabitə xətləri sökülüb atılmışdı. Təyyarələrə gedən yeraltı keçid patron və gilzlərlə o qədər doldurulmuşdu ki, yeriyib axıra kimi gedə bilmədik, ehtiyatlandıq ki, mina qoyula bilər. Yeməkxana antisanitar vəziyyətə salınmışdı. Bir sözlə, vəhşilik-qəddarlıq-düşmənçiliyin şahidi olduq. Sovet ordusunun xarabalığa çevirdiyi bu hərbi hissə, deyilənə görə, hazırda çox nümunəvidir...

Bu işlərin şahidi və iştirakçısı olduğum üçün deməliyəm ki, sovet ordusunu torpağımızdan çıxarmaq ağır, mürəkkəb və təhlükəli məsələ idi. Ölkədəki hərbi bazaları bərpa edib müasir tələblər səviyyəsinə qaldırmaq da xeyli əziyyətli idi...

Rayon ərazisində olan daha bir hərbi hissənin hərbdən və qanundan kənar fəaliyyəti barədə danışmaq lazım gəlir. Bu hərbi hissə də Sitalçay ərazisində idi və SSRİ-nin Qafqaz bölgəsində arsenalı kimi (bəlkə də başqa sahələri də olubdur) ən böyüyü hesab edilirdi. Zabit heyyəti də SSRİ Müdafiyə Nazirliyində hörməti olan, sözü keçənlər idi. Burada xidmət edən zabitlər, hər bazar Altıağac meşələrinə gedərək ov edir, bizim xəbərdarlıqlarımıza məhəl qoymurdular. Əhali isə bundan şikayətlənir, ov etmənin adət halı aldığından və meşədəki heyvanların kökünün kəsildiyindən gileylənirdilər. Flora-faunanı qorumaq üçün fikirləşib çıxış yolu tapdıq. Çətin də olsa, Altıağac Dövlət Qoruğu yaratdıq və həmin hərbi hissənin rəhbərliyinə məktub göndərdik ki, Dövlət Qoruğunda ov etmək qadağandır. Lakin zabitlər yenə də, əsgərləri meşədə “nökər” kimi işlədərək ov adətlərindən əl çəkmədilər. Hərbi hissənin yola salınması ərəfəsində yuxarı rütbəli zabitləri ilə görüşüm oldu. Onlar gizlətmədən və razılıq hissi ilə qeyd etdilər ki, Azərbaycan bizim üçün hərbi xidmətdən daha çox istirahət və kef çəkmək məkanı idi. Bu sözlərdən sonra Sovet ordusunnun bu və ya başqa yolla ölkədən çıxarılmasını gecikmiş olsa da düz hesab elədim...

Sovet hərbçilərinin Azərbaycanda kef çəkmələrinə aid daha bir faktı qeyd etməli olacağam. Xızı rayonunun Giləzi kəndindəki dənizkənarı səfalı bir ərazidə suni göl yaradılaraq koteclər tikilmişdi. Bu “hərbi qoruq” sahəsi idi və 50 ildən çox xüsusi olaraq qorunurdu. Burada yalnız sovet generalları istirahət edə bilərdilər. Əsasən SSRİ-nin iqlimi ağır olan zonasında xidmət edənlər. Sovet hərbçiləri kiçik tipli reaktiv hərbi təyyarələr ilə Sitalçay hərbi aerodromuna enib Giləzi istirahət zonasına gələrək bir müddət dincəlirdilər. Onlar göldə tilovla balıq tutmaqla bərabər, xüsusi katerlə Xəzərdəki qiymətli balıqları tutmaqla da məşğul olurdular. Sonra isə ölkəmizdəki meşələrdən ceyran, qaban, quş ovu edirdilər və çalışırdılar ki bizlərlə qətiyyən görüşməsinlər. Geriyə qayıdanda da təyyarələrini ovladıqları balıq və quş əti, kürü, əsasən də hər növ spirtli içkilərlə yükləyirdilər. Rayondaki SSRİ hərbi hissələrinin son köçünü yola salandan bir neçə gün sonra həmin “hərbi qoruğu” Giləzi kəndinin əliqabarlı sakinlərinə verdik. Sovet generallarının kef elədiyi torpaq, nəhayət ki, öz halal sahibinə qayıtdı...

Onu demək vacibdir ki, sovet ordu hissələri Bakı və Gəncəni möhkəm qucaqlamışdı. Yuxarıda yazılanlar xırda bir rayonun timsalında çox qısa bir şərhlə verilmişdir və bu yazının müəllifi hərb sahəsində mütəxəssis deyildir. “Sovet-rus ordusunun Azərbaycandaki həyatı” mövzusu dərindən öyrənilib tariximizə yazılmalıdır. Və onu da unutmamalıyıq ki, Azərbaycandan Sovet-rus ordusunu çıxaran Azərbaycan xalqı oldu!..”

 

Mənbə: moderator.az