ABŞ-ın Çin uyğurlarını genosid qurbanları kimi tanıması böyük beynəlxalq hadisədir

ABŞ-ın Çin uyğurlarını genosid qurbanları kimi tanıması böyük beynəlxalq hadisədir

Dünya uyğurların haqq səsini eşitməyə başlayıb. Belə ki, ABŞ Dövlət Departamenti Çinin Uyğur müsəlmanlarına qarşı yeritdiyi siyasəti "soyqırım" və "insanlığa qarşı törədilmiş cinayət" elan edib. ABŞ rəsmiləri Çinin Sintszyan-Uyğur muxtar rayonunda uyğurlara qarşı siyasətini “soyqırım” və “insanlığa qarşı cinayət” sayırlar.

Bu açıqlama ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo çıxış edib. “Mövcud faktları diqqətlə araşdırandan sonra belə qənaətə gəldim ki, azı 2017-ci ilin martından Çin (ÇXR) Sintszyanda insanlıq əleyhinə cinayətlər törədib. Bundan başqa, ÇXR-in orada soyqırımı həyata keçirdiyi nəticəsinə gəldim”, - deyə M.Pompeo bildirib. Amerikanın dövlət katibi növbəti dəfə Çinin uyğurlara qarşı siyasətini "insanlığa qarşı cinayət" və "soyqırım" adlandırıb.

ABŞ-ın Çinin uyğur türklərinə, eləcə də qazax, qırğız və digər müsəlman azlıqlara qarşı siyasətini insanlığa qarşı cinayət və soyqırım kimi tanımasının əhəmiyyətini mətbuata şərh edən politoloqlar qeyd edirlər ki, bu, Donald Tramp administrasiyasının yol üstündə olduğu bir zamanda verdiyi çox önəmli qərar kimi qiymətləndirilməlidir. Bu baxımdan, Trampın son qərarının nələrə səbəb olacağı nüfuzlu araşdırma mərkəzlərinin müzakirə mövzusuna çevrilib.

Politoloqlar hesab edirlər ki, bu qərar uyğurlara qarşı Çin tərəfindən törədilən soyqırımın beynəlxalq aləmdə tanıdılması və qəbul edilməsi deməkdir. Bunu mühüm hadisə sayan ekspertlərin fikrincə, bu, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və insanlıq əleyhinə cinayətlərin də beynəlxalq aləmdə tanınmasına perspektivlər açır.

Ekspertlər vurğulayırlar ki, Çinin müsəlman uyğurlara qarşı diskriminasiya siyasətinin ABŞ tərəfindən tanınmasından sonra dünyada rəsmi Pekinə qarşı münasibət dəyişəcək və ona sanksiyalar tətbiq olunacaq.

Tarixçilər qeyd edirlər ki, çinlilərlə müsəlman uyğurlar arasında münaqişənin min ildən artıq tarixi var. Onlar hesab edirlər ki, müsəlman uyğurlar Uyğurstan və ya Şərqi Türküstan adlanan bu ərazilərdə dəfələrlə dövlət qurublar və indi də öz dövlətlərini yaratmaq uğrunda mübarizə aparırlar.

Elxan Şahinoğlu: “Tramp administrasiyası hakimiyyətdən getsə də, son günündə Çinə qarşı sanksiyanı sərtləşdirdi”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, rəhbərlik etdiyi qurum son 5-6 ayda xeyli sayda material yayımlayıb. E.Şahinoğlunun qeyd etdiyinə görə, artıq Böyük Britaniya da Çin rəsmilərinə qarşı sanksiya tətbiq etmək barədə qərar verib və o şirkətlər sanksiyalar altında olacaq ki, onlar uyğurların toplaşdığı əmək düşərgələrinin zəhmətindən “bəhrələnirlər”. “Eynilə də ABŞ son aylar Çinə qarşı sanksiyaları sərtləşdirir. Tramp administrasiyası hakimiyyətdən getsə də, son günündə Çinə qarşı sanksiyanı sərtləşdirdi. Həqiqətən də Çində uyğurlarla bağlı problem həll olunmur, onlar əmək düşərgələrində zorla saxlanılır, “tərbiyələndirilir” və onlara hərəkət məhdudiyyəti qoyulur. Bu da Qərb ölkələrində böyük narahatlıq və narazılıq yaradır. Çinə Qərbdəki insan haqları təşkilatları təzyiq edirlər. Baxmayaraq ki, Çin böyük dövlətdir, iqtisadi imkanları genişdir və Qərb ölkələri Çinlə iqtisadi əməkdaşlıqda maraqlıdırlar, amma insan haqlarının pozulmasına göz yummaq olmaz. Ona görə də Amerika buna göz yummayıb və sanksiyaları sərtləşdirir. Avropa İttifaqı bir az məsələyə ehtiyatlı yanaşır. Çünki Çin əsas iqtisadi tərəfdaşlarındandır. Amma onlar da uyğur məsələsində qəti mövqe ortaya qoyurlar ki, Çində uyğurlar incidilməməli, əmək düşərgələri olmamalı və onların haqları tanınmalıdır. Böyük Britaniya da artıq Avropa İttifaqının üzvü deyil, ona görə də Çinə qarşı sərbəst sanksiya tətbiq edə bilər. Böyük Britaniya Avropa İttifaqının tərkib hissəsi olsaydı, Çinlə bağlı Brüsselin siyasətinə tabe olmaq məcburiyyətində qalardı. Amma artıq Böyük Britaniya Avropa İttifaqının üzvü deyil, Çinlə bağlı istənilən siyasəti yürüdə bilər. Böyük Britaniya bununla göstərir ki, Çinlə iqtisadi əməkdaşlıqda maraqlı olsa da, insan haqlarının pozulmasına göz yuma bilməz. Çin arxayın idi ki, bir çox dövlət iqtisadi əməkdaşlıq məsələsində ondan asılıdır, ona görə də uyğurların başına nə oyun gətirsə, bu dövlətlər ona göz yumacaqlar, ancaq o dövlətlər göz yummadılar”.

E.Şahinoğlunun fikrincə, maraqlıdır ki, Çin bu sanksiyalardan, münasibətlərdən nəticə çıxarıb siyasətini dəyişmir, əmək düşərgələrinin fəaliyyətinə son qoymur: “Əksinə, bu əmək düşərgələrinin fəaliyyətini davam etdirir, uyğurları zorla orada saxlayırlar, müxtəlif ölkələrdə yaşayan uyğurlar da buna etirazlarını bildirirlər. Çində təkcə uyğurlar deyil, digər milli azlıqlar, qazaxlar, qırğızlar da təzyiqlərlə üzləşirlər. Artıq bu məsələlər Qazaxıstanda narazılıq doğurur, Çinin Qazaxıstandakı səfirliyinin qarşında qazaxların, qırğızların və uyğurların sıxışdırılması əleyhinə ara-sıra etiraz nümayişləri baş verir” - deyə politoloq vurğuladı.

Azər Həsrət: “Əslinə qalanda ABŞ-ın bu addımı uyğurları müdafiə etmək istəyindən deyil, Çinə əlavə basqı əldə etmək məqsədindən irəli gəlir”

İllərdir bu prosesi yaxından izləyən siyasi şərhçi Azər Həsrət də baki-xeber.com-a şərhində qeyd etdi ki, Çində uyğurlara qarşı yürüdülən dövlət siyasəti həqiqətən də çox dəhşətli, acınacaqlı, insanlığa zidd bir siyasətdir: “Əslinə qalanda söhbət müsəlmanlardan getmir. Çinin islamla, müsəlmanlarla heç bir davası yoxdur. Sadəcə olaraq, islam Çin üçün bir bəhanədir. Əslində, Çinin davası türklərlədir. Tarixdən bilindiyi kimi, uyğurlar qədim türk xalqıdır, türklüyün beşiyi məhz doğu Türküstanda, Çinin Sintszyan əyalətindədir. Ora insanlığın, bəşəriyyətin tarixinin çox qədim dövrlərinə işıq tuta biləcək bir məkandır. Hətta dünya alimləri araşdırıblar və məlum olub ki, Misir piramidalarından öncə məhz doğu Türküstanda piramidalar tikilib. Təbii ki, o torpaqlar tarixin ilk dönəmlərindən türk torpaqları olduqlarına görə piramidaları da türklərin tikdiyinə inanmalıyıq. Çin dövləti həmin piramidaların üstlərini qumla basdıraraq onları dünyaya göstərməkdən çəkinir. Hətta Doğu Türküstana səfər edən xaricilərə konkret istiqamətlərdə məkanlara səfər etmək yasaqdır. Doğu Türküstanda elə kəndlər, elə yaşayış məntəqələri var ki, ora xarici ölkələrdən kiminsə ayaq basmasına icazə verilmir, həm də piramidaları kiminsə görməsinə imkan yaradılmır. Bütün bunlar onunla bağlıdır. Çin dövləti türk millətinə qarşı, sadəcə olaraq, insanlığa zidd bir siyasət yürüdür. Yəni qədim çinlilər bir zamanlar türklərin qorxusundan 7 min kilometr uzunluğunda bir divar hörməyə məcbur qalmışlar. Həmin divarı hörməklərinə səbəb də türklərlə bacara bilməmələri idi. Məhz bunun açısını çıxarmaq üçün uzun illərdir Doğu Türküstandakı soydaşlarımıza qarşı soyqırım siyasəti yürüdülür. Bunu islam ilə bağlayıb, dünyanın, xüsusilə də xristian Qərbin diqqətini yayındırmağa çalışırlar. Amma, qeyd etdiyim kimi, bunun islamla heç bir əlaqəsi yoxdur. Çinin yürütdüyü siyasət türk millətinə qarşı siyasətdir və bu siyasətin altında günü bu gün 20 milyondan çox uyğur soydaşımız inləməkdədir. Onların ailələrini pərən-pərən salırlar, uyğur ailələrindəki oğlan və qızları götürərək Çinin başqa şəhərlərinə işləmək adı ilə aparır, sonra da ailələri ilə əlaqələrini kəsirlər. İnsanlığa yaraşmayan tərzdə çinliləri gətirib uyğur ailələrinin içində məcburi yaşadırlar. Özü də qadınlardan ibarət uyğur ailələrinin içərisinə gətirib çinli bir kişini salırlar ki, millətlər, ailələr bir-birinə “inteqrasiya” olunsun. Təbii ki, bunun da çox acınacaqlı nəticələri var. Düşünürəm ki, Türk dünyası, türk dövlətlərini birləşdirən Türk Şurası bu məsələyə biganə qalmamalıdır. Biz mümkün olan bütün platformalarda səsimizi qaldırmalıyıq.

ABŞ Dövlət Departamentinin qərarına gəlincə, əlbəttə, Amerika dünyada insan haqlarının qorunması ilə məşğul olan bir dövlətdir. Amma təəssüflər olsun ki, bu davranışlar daha çox ABŞ-ın öz maraqlarına söykənir. Əslinə qalanda ABŞ-ın bu addımı uyğurları müdafiə etmək istəyindən deyil, Çinə əlavə basqı əldə etmək məqsədindən irəli gəlir. Biz əmin olsaydıq ki, ABŞ doğrudan da uyğurları, türkləri düşünür, o zaman onun səmimiyyətinə inanardıq. Adicə bir misal. Azərbaycanın illərdir erməni hərbi təcavüzündən çəkdiyi zülmə ABŞ tamam fərqli yanaşırdı. Elə olsaydı və ABŞ həqiqətən də ədalət tərəfdarı olsaydı, zamanında Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsini tələb edərdi. Amma biz bunu heç vaxt eşitmədik” - deyə A.Həsrət vurğuladı.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com