20 Yanvar şəhidləri Pekində anılıb - VİDEO

Azərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyində 20 Yanvar hadisələrinin ildönümünə həsr olunmuş anım mərasimi keçirildi.

Çində yaşayan soydaşlarımızın və tələbələrin iştirak etdiyi tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Qanlı yanvar hadisələrinin tarixi köklərindən danışan səfir Əkrəm Zeynallı bildirdi ki, keçmiş SSRİ rəhbərliyi azadlıq və suverenlik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının istəyini boğmaq üçün 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya hərbi birləşmələr yeridilməsinə, əliyalın xalqın gülləbaran edilməsinə əmr verib.

Qeyd olundu ki, 20 Yanvar müasir tariximizdə ən qanlı günlərdən biri olmaqla yanaşı, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsidir. Sovet rəhbərliyinin azadlıq uğrunda mübarizəyə qalxan zərbaycan xalqını silah gücünə susdurmaq niyyəti insan tələfatı ilə nəticələnsə də, xalqımızın iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Vətəninin azadlığını və suverenliyini qoruyaraq şəhid olan Azərbaycan xalqının mərd övladları parlaq qəhrəmanlıq salnaməsi yaratdı. 20 Yanvar hadisələri Azərbaycanın azadlıq və müstəqillik mübarizəsində həlledici rol oynadı və 1991-ci il oktyabrın 18-də Azərbaycan öz müstəqiliyini elan etdi.

20 Yanvar hadisələrinin builki anım mərasiminin əvvəlkilərdən fərqləndiyini vurğulayan səfir Əkrəm Zeynallı qeyd etdi ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin Qarabağı Ermənistanın işğalından azad etməsi 20 Yanvar hadisələrinin qurbanları da daxil olmaqla, bütün şəhidlərimizin haqq mübarizəsinin ədalətli yekunu oldu. Bu zəfər Azərbaycanın güclü liderə, qüdrətli orduya sahib olduğunu nümayiş etdirməklə yanaşı, beynəlxalq aləmdə ölkəmizə olan münasibəti də xeyli dəyişib.

Sonda 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olundu. Tədbir iştirakçıları hadisələri əks etdirən fotosərgini izlədi.

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Falçı ona 22 yaşında öləcəyini, amma tanınmış adam olacağını deyib

SONRAKI XƏBƏR

Gəncədə 20 Yanvar qurbanları anılıb - VİDEO