Polad Bülbüloğlu Prezidentin çağırışına niyə səs vermədi? - ƏTRAFLI

Polad Bülbüloğlu Prezidentin çağırışına niyə səs vermədi? - ƏTRAFLI

Yanvarın 14 -də Prezident İlham Əliyev Şuşada olarkən həm Azərbaycan, həm Ermənistan və həm də beynəlxalq aləm üçün əhəmiyyətli mesajlar verdi. Həmin mesajlardan biri də erməni vandalları tərəfindən dağıdılan Qarabağ və ətraf ərazilərin hansı dövlətlərlə yenidən quruculağı ilə bağlı idi.

Bu mesaj təkcə dövlətlərə deyil, həm də cəmiyyətin aktiv üzvlərinə də ünvanlanmışdı. Azərbaycan Prezidentinin çağırışına ilk reaksiya qardaş Türkiyədən gəldi. Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı öz hesabına Şuşada Üzeyir Hacıbəyli adına məktəb tikdirmək istədiyini açıqladı. Bağçalının bu comərtliyi çoxları kimi məni də qürurlandırdı. Amma digər tərəfdən təşəbbüsün təkliyi eyni dərəcədə məni məyus etdi.

Çünki gözləyirdim ki, nəinki Qarabağ kökənli, eləcə də digər bölgələrdən olan imkan sahibləri də ölkə başçısının çağırışına səs verəcək. Çox təəssüf ki, bu, olmadı. Cənab Prezident yarızarafat, yarıciddi Polad Bülbüloğlunun ünvanına dedi ki, “Polad yəqin ki, gəlib atasının evini təmir edəcək”. Hətta bu çağırış da cavabsız qaldı.

Polad Bülbüloğludan bir həftədir ki, səs-səmir yoxdur. Amma hamımız bilirik ki, Polad Bülbüloğlu istəsə nəinki, ata evini, hətta Rusiyadakı dostlarını və şəxsi imkanlarını səfərbər etsə, Şuşanı yenidən tikər. Təəssüf ki, hələlik bunu görmürük. Nə Polad Bülbüloğlundan, nə də ki, digər soydaşlarımızdan.

Mən də bir jurnalist marağı ilə ərkim çatan, əslən Qarabağdan və işğaldan azad olan digər rayonlardan olan imkan sahiblərinin bəzilərinə zəng etdim. Soruşdum ki, cənab Prezidentin çağırışına nə vaxt qoşulursunuz? Çox təəssüf ki, hərəsi bir söz dedi, bir bəhanə gətirdi.

Yalnız bir nəfərdən başqa. Əslən Qubadlı rayonundan olan və hazırda Moskvada yaşayan Nizami Piriyev sorğuma həvəslə cavab verdi. Dedi ki, “Düzü, cənab Prezidentin məlum çıxışına qulaq asa bilməmişəm. Amma çox gözəl təşəbbüsdür. Mən dünəndən bu işə razıyam. Hər zaman, ən böyük xəyalım Qubadlıda nə isə tikmək, yaxşı bir iz salmaqdır. İnşallah, yaxın vaxtlarda mən müvafiq instansiyalarla danışacam. Nə məsləhət görsələr, mən hazıram”…

Doğrudur, mənim ən xoşum gəlməyən iş başqaların pulunu saymaqdır. Amma bu dəfə neftçalalılar demiş məsələ “alayı cürdür”. Axı Dağlıq Qarabağın və ətraf rayonların sosial-iqtisadi inkişafını bütövlükdə dövlətin üstünə qoymaq azından insafsızlıqdır. Bu gün 7-dən 77-dək bütün imkan sahibləri sözləri ilə deyil, əməlləri ilə dövlət başçısına kömək etməlidirlər. Bu məqsədlə oturub bir balaca araşdırma apardım. İmkanlı qarabağlıları göz önünə gətirdim. İlk ağlıma gələn Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov oldu. Bir dəfə Bayram müəllim səmimi şəkildə etiraf etdi ki, “cavanlıqdan kommersiya ilə məşğulam”. Maraq üçün tərcümeyi-halına baxdım. Bəlli oldu ki, cavan vaxtlarından Şuşa “raypo”sunun müdiri işləyib. Sonra müxtəlif yerlərdə çalışıb. 2009-cu ildən isə icra başçısıdır. Yəni kifayət qədər imkanı var. Ən azı Şuşada şəxsi vəsaiti hesabına 4-5 məktəb, 4-5 xəstəxana və bir o qədər də uşaq bağçası tikdirməyə bu adamın imkanı var.

Digər bir tanınmış Qarabağlını yada salım. Bu, Elman Məmmədovdur. Bu adam 10 il Xocalı Rayon İcra Hakimiyyətinin başçısı işləyib. 21 ildir ki, deputatdır. Necə deyərlər, xocalılıların ağsaqqallarından biridir. Onun da maddi imkanları Bayram müəllimin imkanından artıq olar ki, əskik olmaz. O da istəsə, ən azı Xocalı şəhərindəki təhsil və səhiyyə ocaqlarını öz vəsaiti hesabına yenidən qura bilər. Amma hələlik Elman müəllim siyasətlə məşğuldur. İki gündən bir Vladimir Vladimiroviçi Rüstəm Muradova görə biabır edir. 2 gün əvvəl də Sergey Lavrovu yıxıb sürüdü.

Ağlıma gələn digər imkanlı şəxs Əli Həsənov oldu. Əli müəllim 20 ildən artıq “qaçqınkom”un sədri işləyib, Baş nazirin müavini olub. Onun imkanı lap böyükdür. Əli Həsənov istəsə, bütöv Cəbrayılı şəxsi vəsaiti hesabına yenidən tikər. Təbii ki, istəsə. Hələ qardaşı Ramiz Həsənovu demirəm. Ramiz müəllim də ən azından 10 ildir ki, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısıdır. Amma burda bir əmma var. Siyavuş Novruzov ötən gün dedi ki, “Əli Həsənov 5-ci kolonunun fəallarındandır”. İndi bilmirəm bu məsələ necə olacaq?!

Yadıma düşən digər imkanlı soydaşımız Cavid Qurbanovdur. Cavid Qurbanov istəsə nəinki Kəlbəcəri yenidən tikər, hətta Ağdamdan doğma kəndinə – Ağdabana dəmir yolu çəkər. Şükür Allaha Cavid müəllimin imkanı daha genişdir.

Ağdam Rayon İcra Hakimiyyətinin icra başçısı Vaqif Həsənov 3 ildir ki, icra başçısıdır. Amma o da ömrü boyu “yağlı” vəzifələrdə işləyib. İmkanı pis deyil. İstəsə, ən azı Ağdam şəhərinin tikilməsini xeyli hissəsini öz üzərinə götürər.

Yəni, beləcə dövlət-xalq birliyi hesabına ən qısa zamanda Dağlıq Qarabağı və ətraf əraziləri cənnətə döndərə bilərik. Amma, istəsək. Neyləyək ki, bizlər də milli məsələ gələndə cibimizin ağzını rezinlə bağlayırıq. Elə zənn edirik ki, milli məsələdə bizim vəzifəmiz ancaq danışmaqdır. İş görmək, vəsait xərcləmək lazım gələndə hamımız (daha çox məmurlarımız) bir ağızdan deyirik: “Allah Prezidentimizin canını sağ eləsin. Onun sayəsində bütün problemlərimiz tezliklə həll olunacaq”. Amma unuduruq ki, qazandığımız milyonlar məhz dövlət başçısının ölkədə yaratdığı siyasi-iqtisadi sabitlik hesabınadır. Bu gün Azərbaycanda qeyri-rəsmi milyarderlər var. Məsələn, Prezidentin sabiq köməkçisi Əli Həsənovun təkcə Nərimanov rayonunda 500 milyon manatlıq əmlakı üzə çıxdı. İndi gör Ramiz Mehdiyevin nələri var. Hələ Eldar Mahmudovu, Əbülfəz Qarayevi, Hacıbala Abutalıbovu və digərlərini demirəm. Dünən Cahangir Əsgərovun xaricdəki şirkətlərinin bir qisminin siyahısı mətbuatda dərc olundu. Bu gün nəinki nazirlərimizin, hətta icra başçılarımızın imkanı var ki, Qarabağı öz vəsaitləri hesabına cənnətə döndərsinlər. Amma neyləyək ki, istəmirlər. Onlar Azərbaycandan daha çox Avropada investisiya yatırmağa maraqlıdırlar

Ən qəribəsi budur ki, adlarını çəkdiyim və çəkmədiyim məmurlarımızın tam əksəriyyəti Qarabağda pul xərcləmək yox, Qarabağda aparılacaq quruculuqdan pul “tutmaq” eşqindədir. Hər vasitə ilə icra olunacaq layihələrə öz şirkətlərini dürtmək istəyirlər. Hə, bir də Qarabağın cənnət guşələrində obyekt yeri “ternalayırlar”. Məndə olan məlumata görə, təkcə o zonadan yox, digər bölgələrdən olan milyonçularımız, milyarderlərimiz artıq bu istiqamətdə hərəkətə keçiblər. Olsun, nəyi pisdir. Amma gərək otel, restoranla iş bitməsin.

Bir az da təhsilə, səhiyyəyə pul xərcləsələr, pis olmaz. Bu yerdə yadıma düşən bir nümunəni oxucularla bölüşmək istəyirəm. Bir tanışım var. Uzun illərdir ki, tikinti biznesi ilə məşğuldur. O danışırdı ki, “Volqaqradda yeni yaşayış massivi salmaq istəyirdik. Şəhər rəhbərliyi ilə görüşəndə bizə dedilər ki, “nə qədər yer istəyirsiniz verəcəyik. Ancaq bir şərtimiz var. Salacağınız yaşayış massivində planauyğun bütün infrastrukturlarını siz quracaqsınız. Məktəb, xəstəxana və hətta uşaq bağçasını da siz tikəcəksiniz”. Məcbur olub razılaşdıq”. Deməyim odur ki, bəlkə bu nümunədən biz də istifadə edək. Məncə pis olmaz…

Surxay Atakişiyev,

 

Mənbə: konkret.az