Londonda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd edilib

Londonda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd edilib

Azərbaycanın Böyük Britaniyadakı Səfirliyi və Londonda fəaliyyət göstərən Azərbaycan Evinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd edilib.

APA-nın Britaniya bürosu xəbər verir ki, tədbir koronavirus məhdudiyyətlərinə görə onlayn videokonfrans formatında keçirilib.

Tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadə, AR Millət vəkili, Azərbaycan-Böyük Britaniya Parlamentlərarası işçi qrupun rəhbəri Cavanşir Feyziyev, ictimai xadimlər, xarici qonaqlar və Azərbaycan diasporunun üzvləri iştirak ediblər. Mərasimdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 20 Yanvar faciəsinin kədərli olduğu qədər tariximizin şanlı səhifəsi olduğunu qeyd edib. O, bildirib ki, həmin gün Azərbaycan xalqı öz azadlıq əzmini göstərdi.

Millət vəkili C.Feyziyev Azərbaycanın azadlığı uğrunda həyatlarını itirən bütün şəhidlərin ruhunu yad edib, 20 Yanvarın Azərbaycanın və Azərbaycanla yanaşı SSRİ-nin tərkibinə daxil olan digər ölkələrin müstəqilliyinin bərpası üçün böyük təkan olduğunu bildirib.

Tədbirdə daha sonra Azərbaycan evinin rəhbəri Ali Tekin Atalar, Dağlıq Qarabağ münaqişəsi üzrə ekspert, antropoloq alim Tamara Draqadze çıxış edərək 20 Yanvar faciəsi haqqında öz xatirələrini, fikirlərini bölüşüblər.

Daha sonra Qanlı Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş olunub. Anım mərasimi Londonda yaşayan tarzən Rafiq Rüstəmovun çıxışı ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün, həmçinin, Londonda yaşayan azərbaycanlı Şəfiqə Robertsin təşəbbüsü və təşkilatçılığı ilə bir qrup xanım soydaşımız 20 Yanvar faciəsindən və Bakıda sovet qoşun hissələri tərəfindən qətlə yetirilən şəhidlərimizdən bəhs edən bukletləri Londonun müxtəlif tarixi məkanlarında paytaxt sakinlərinə təqdim ediblər. Bukletlərdə Azərbaycan xəritəsinin təsviri, 20 Yanvar faciəsindən fotolar əks olunub, tarixi faktlar sadalanıb.

Mənbə: apa.az