Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir

Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir

Bakı, 12 iyun, AZƏRTAC

Xilaskarlıq ali dəyər olmaqla bərabər, bir insanın taleyinə yazılmış məsuliyyət yükü, eyni zamanda, qürur təzahürüdür. Tarixin çətin sınaqlarına sinə gərmək, bütün təzyiqlərə baxmayaraq, var etmək və yaşatmaq gücü hər kəsə məxsus keyfiyyət deyil. Yaşatmaq missiyası dövlət anlamına gəldikdə isə onun qüdrətinin, aliliyinin mahiyyəti daha da qabarıq görünür və yaşadan insanın xarakterində təzahür olunan əzəmət gözlərimizin qarşısında canlanır. Fransanın “Kuryer Internasional” jurnalının redaktoru Aleksandr Adlerin Ulu Öndərə həsr etdiyi məqalələrin birində yazır: “Tanrı bu şəxsiyyəti təkcə öz xalqı üçün deyil, həm də başqa xalqlara son dərəcə mürəkkəb tarixi bir məqamda göndərmişdir. O, bir sıra ciddi böhranlar keçmiş və onları dəf etmişdir. O, çətinliklərin hamısına mətanətlə sinə gərmiş və onu mənən və cismən məhv etmək üçün göstərilmiş bütün cəhdlərə baxmayaraq, daha yüksəklərə qalxmışdır”.

Bu fikirləri AZƏRTAC-a YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib.

V.Seyidov deyib ki, böyük dövlətçilik təcrübəsinə, yüksək liderlik qabiliyyətinə malik olan bu qüdrətli dövlət xadiminin yenidən siyasi cəbhəyə qayıdışını təkcə xalq deyil, həm də zaman tələb edirdi. Çətin sınaqlarda möhkəmlənmiş, zəngin siyasi təcrübəyə malik olan dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqı qarşısında həmin məsuliyyətli tarixi vəzifəni qəbul etmiş, böyük xilaskarlıq missiyasını dönmədən, qətiyyətlə həyata keçirmişdir. Nüfuzlu siyasi liderlər bir qayda olaraq ictimai inkişafın ən böhranlı, dönüş anında məsuliyyəti çiyinlərinə götürərək bütöv bir xalqın, millətin xilaskarına çevrilirlər. Ulu Öndərin diqqəti çəkən fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda, yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti xüsusi vurğulanmalıdır. Azərbaycan xalqı ən çətin, mürəkkəb vəziyyətlərdə öz liderinə inanır, əminliklə öz liderinin ən çətin dövlətçilik sınaqlarından üzüağ çıxacağını bilirdi. Tale 1993-cü ildə Azərbaycan xalqını növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalqın yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də məhz bu gerçəklikdən qaynaqlanırdı.

Ümummilli Liderimiz xalqın çağırışına müsbət cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır. Üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək, fədakarlıq, işgüzarlıq, mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik kimi fövqəl keyfiyyətlərdən məharətlə bəhrələnən Heydər Əliyev xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtarmış, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur.

Azərbaycanın son 40 illik tarixinin elə bir mərhələsi yoxdur ki, orada bu fenomenal şəxsiyyətin nəhəng işləri olmasın. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Bu dahi şəxsiyyət zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi fitri keyfiyyətləri sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.

Heydər Əliyevin həyatının müxtəlif dövrləri bir–biri ilə üzvü surətdə bağlıdır. O, dəfələrlə qeyd edirdi ki, “mən həyatımın heç bir səhifəsindən imtina etməmişəm”. O, bütün həyatı boyu eyni yüksək prinsipləri və amalları, mənəvi dəyərləri rəhbər tutmuşdur. Bütövlük, tamlıq, ardıcıllıq, ədalətlilik və prinsipiallıq onun xarakterinin mühüm cəhətləri idi.

Heydər Əliyev adı məğlubiyyət sözünü tarixin heç bir əyyamında yaxına buraxmayıb. Ona qarşı antitəbliğat kampaniyaları təşkil ediblər, fürsət düşdükcə, dəstə-dəstə, qrup-qrup üzərinə hücum çəkiblər, məqamdan yararlanıb hüquqlarını pozmağa, ona ləkə vurmağa çalışıblar. Amma Heydər Əliyevi məğlub edə bilməyiblər, bunu heç kim bacarmayıb. Heydər Əliyev məğlubedilməz şəxsiyyət idi. O, dünyaya sanki qələbələr üçün gəlmişdi.

Heydər Əliyev xaraktercə böyük inam sahibi idi. Bu inam ikitərəfli səciyyə daşıyırdı. Bir tərəfdən özünə və arxalandığı xalqın potensialına inamdan, digər tərəfdən xalqına təqlid etdiyi gələcəyə sarsılmaz inamdan ibarətdir. Ulu Öndər dəfələrlə bu fikri təkrarlamaqdan yorulmurdu: “Mənim yeganə arxam–dayağım, inamım və dəstəyim Azərbaycan xalqıdır. Xalqına, onun müdrikliyinə sonsuz inamı Heydər Əliyev siyasi liderliyində ideal səviyyəyə qaldırmışdı. O, xalqını hakimiyyət aləti kimi istifadə edən siyasətçilərdən deyildi. Əksinə, öz siyasi hakimiyyətini xalqın adından və xalqın gələcəyi naminə vasitə hesab edirdi.

Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Ulu Öndərin Azərbaycanla, xalqla bağlı arzuları bitib-tükənməz, Vətənə, xalqa olan məhəbbəti hədsiz hüdudsuz idi. Onun ürəyi Azərbaycan qədər geniş idi. O, dünyanın hansı ölkəsinə gedirdisə Azərbaycanı, onun problemlərini də ürəyində aparırdı. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu. Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalışdı. Haqqın, ədalətin bərpası, ölkənin inkişafı üçün çəkdiyi min bir əziyyət onun tale və ömür yolu oldu.

Heydər Əliyev şəxsiyyəti bütün sistem və ölçülərin fövqündədir. Fəqət bu ucalıq onun böyük dövlət xadimi, böyük ictimai xadim və bütün bunların hamısından da əvvəl, böyük azərbaycanlı olması faktını qətiyyən kölgədə saxlamır. Bəli, Heydər Əliyev hər şeydən əvvəl zəmanəmizin ən böyük azərbaycanlısı idi və onun idealları bu həqiqətdən qida alırdı. O, arzularında yaşatdığı Azərbaycanı hələ birinci hakimiyyəti dönəmindən qurmağa başlamışdı. O, Azərbaycan dövlətinin rəhbəri kimi fəaliyyətə başladığı ilk illərdən bütün islahatlarını bir həqiqətin istisnasız təsdiqinə yönəltmişdi: o, müstəqil bir respublikanın təkcə bir başçısı yox, lideridir. Azərbaycan xalqının Ümummilli Lideri...

Zəngin və şərəfli ömür yolu keçmək, fenomenal keyfiyyətləri ilə milyonların qəlbində ölməzlik məşəli yandırmaq, millətinə azadlıq hissini bütün varlığı ilə yaşatmaq xoşbəxtliyi çox az liderə nəsib olur. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir. Bu baxımdan, ulu öndər Heydər Əliyev bütöv bir xalqın tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmış dahi şəxsiyyətdir.

Bu gün müstəqil Azərbaycan dünya siyasətinin reallığıdır. Bayrağımız bayraqlar sırasında, millətlər evi üzərində dalğalanır. Bu, Heydər Əliyevin, müdrik rəhbərin doğma xalqına yarım əsrlik xidmətinin ən yüksək nümunəsi, xalqımızın ən böyük qoruyucu dəyəridir.

Bu məqamda Ulu Öndərin sözləri yada düşür: “Keçdiyimiz yola nəzər salarkən aydın olur ki, biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin bir mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin məsuliyyət hissi ilə yanaşmalıdır”.

Böyük şəxsiyyətin söylədiyi bu dəyərli sözlər hər an bizlərin yol göstəricisi olmalıdır, kimliyimizə, gələcəyimizə sahib çıxmaq üçün bu sözlərdən bəhrələnməliyik. Müstəqilliyimizə xələl gətirmək istəyənlərin arzusunu ürəyində qoymaq üçün bu sözlərdən qüvvət almalıyıq. Çünki ölkəmiz inkişaf etdikcə, onun qüdrəti artdıqca dostlarımızın sevinci ilə bərabər, bizləri istəməyən qüvvələrin qısqanclıq hissi də özünü büruzə verir və zaman–zaman ölkəmizə qarşı ittihamlar irəli sürülür. Bu ittihamların üzərindən xətt çəkmək, onlara layiqli cavab vermək isə hər birimizin vətəndaşlıq borcu olmaqla bərabər, Ulu Öndərin ruhu qarşısında mənəvi borcumuzdur.

Ulu Öndər uzaqgörən siyasətçi kimi bunları öncədən bilirdi, duyurdu və məhz ona görə də canı qədər sevdiyi Azərbaycanın gələcəyini etibarlı əllərə əmanət edərək onun müstəqilliyinin əbədi olmasını təmin etdi. Qlobal transformasiya proseslərinin mürəkkəb dövründə layiqli siyasi varis olmağın özü də çətin vəzifədir. Xüsusilə ulu öndər Heydər Əliyev kimi müdrik liderin işlərini ləyaqətlə davam etdirmək böyük bacarıq tələb edir. Prezident İlham Əliyev sübut etdi ki, dahi siyasətçinin və böyük dövlət xadiminin ən layiqli varisidir. Bütün dünyada olduqca intensiv, gərgin, ziddiyyətli və qarışıq proseslərin getdiyi, qlobal trendlərdə qeyri-müəyyənliyin hökm sürdüyü bir mərhələdə müstəqil dövlət quruculuğu kursunu yaradıcı şəkildə inkişaf etdirmək, əlbəttə, tarixi xidmətdir.

Artıq böyük dövlətlər və iri şirkətlər sabitliyin, dayanıqlı inkişafın və konkret fəaliyyət kursunun mövcud olduğu, riskləri olmayan ölkələrlə əməkdaşlığa üstünlük verirlər. Dünyanın bütün dövlətləri Cənubi Qafqazda tərəfdaş kimi ilk olaraq Azərbaycanı seçirlər. İmzalanan sazişlər, reallaşan layihələr, logistik-tranzit göstəricilər, əməkdaşlıq formatlarının tətbiqi, xarici siyasətdə sabit mövqe və s. bu kimi parametrlərə görə Azərbaycan regionun həqiqi lideridir. Əminliklə demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin qurduğu dünyəvi Azərbaycan dövləti öz tarixinin coşqun yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Biz bunu Azərbaycan iqtisadiyyatının uğurlarında, ölkədə sosialyönümlü siyasətin xalqı birləşdirən gücündə görürük. Bu gün dünya arenasında sürətlə müasirləşən, iqtisadi uğurları, demokratikləşmə səviyyəsi ilə layiqli mövqeyini təmin edən, qüdrətli Azərbaycan canlanır. Bu fəxarəti isə bizlərə yaşadan Ulu Öndərin siyasi məktəbinin layiqli müdavimi Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin məntiqi nəticəsidir.

Mənbə: azertag.az