Ermənistanın Baydenə ümidləri də puç olub gedir – erməni mediasının etirafları...

Ermənistanın Baydenə ümidləri də puç olub gedir  – erməni mediasının etirafları...

Fikrət Sadıqov: “Seçki kampaniyası dönəmində verilən bütün vədlər icra olunmur”

Məlum olduğu kimi, Cozef Baydenin prezident seçilməsi ermənilərin ümidlərini artırıb. Onlar hesab edirlər ki, guya Bayden ermənilərin maraqlarından çıxış edəcək. Bu arada Bayden administrasiyasına erməni mənşəli iki Amerika vətəndaşının təyin edilməsi Ermənistanda sevinclə qarşılanıb. Baydenin ermənilərə olan müəyyən simpatiyası da sirr deyil.

Ancaq bütün bunlara baxmayaraq, erməni mediası yazır ki, Baydendən gözləntiləri böyük olsa da, ABŞ-ın Ermənistanla bağlı siyasəti dəyişməyəcək: “Çünki ABŞ-ın Ermənistana qarşı münasibəti dəyişsə də, siyasəti dəyişməyəcək. ABŞ-Rusiya, ABŞ-İran və ABŞ-Türkiyə münasibətləri Ermənistana da öz təsirini göstərəcək. Bizim strateji müttəfiqimizə iqtisadi təzyiqlər, qonşu İrana münasibətdə sanksiyalar bizim iqtisadiyyatımızı birbaşa vurur. Gərgin münasibətlər bizim manevr imkanlarımızı daha da çətinləşdirir. ABŞ-ın Cənubi Qafqaz siyasəti istiqamətində korrektələr olacaq. Ancaq bu korrektələr də son müharibənin nəticələri nəzərə alınaraq gerçəkləşdiriləcək”.

Belə məlum olur ki, praqmatik mövqedən məsələlərə yanaşan ermənilər digərlərindən fərqli olaraq, bu mövzuda fərqli düşünürlər. Anlayırlar ki, Vaşinqton üçün əsas Birləşmiş Ştatların dövlət maraqlarıdır, ermənilərin maraqları yox.

“Bayden Obama dönəmində vitse-prezident işlədiyinə görə Azərbaycanın Cənubi Qafqazda oynadığı rolun fərqindədir”

Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqov da hesab edir ki, Bayden məhz ABŞ-ın maraqlarından çıxış edərək siyasi mövqe sərgiləyəcək: “Bayden seçki kampaniyası zamanı müəyyən qədər milli azlıqlarla bağlı şüarlarla çıxış edib. Ancaq bu heç də o demək deyil ki, Bayden prezidentliyi dövründə ermənilərin maraqlarından çıxış edəcək. Təbii ki, bu belə olmayacaq. Bayden məhz ABŞ-ın maraqlarını prioritet seçəcək. Bir sıra vacib problemlər var ki, onlar ön sıradadır. Digər tərəfdən, Qarabağda müharibə artıq qurtarıb və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Biz mülki vətəndaşlarla müharibə aparmırıq. Döyüşlər zamanı dinc ermənilər soyqırıma məruz qalmayıblar. Azərbaycanın heç vaxt belə bir niyyəti də olmayıb. Azərbaycan dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, Dağlıq Qarabağda yaşayan ermənilər Konstitusiyamıza əməl edəcəklərsə, o zaman heç bir problem yoxdur. Onu da unutmaq olmaz ki, seçki kampaniyası dönəmində verilən bütün vədlər icra olunmur. Bayden də bu kontekstdən çıxış edərək bir sıra məsələlərə praqmatik mövqedən yanaşacaq. Başqa bir tərəfdən, Azərbaycan Cənubi Qafqazın güclü bir oyunçusudur. Bayden də Barak Obama dönəmində vitse-prezident işlədiyinə görə regionu yaxşı bilir. Üstəlik, Azərbaycanın Cənubi Qafqazda oynadığı rolun fərqindədir. Ona görə də bütün bunları nəzərə alacaq”.

Politoloq onu da qeyd etdi ki, Bayden məhz sadalanan faktorlardan çıxış edərək siyasət yürüdəcək.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com