Xalqımız Şəhidlər xiyabanına qalib vətəndaş kimi getdi - Deputat

Xalqımız Şəhidlər xiyabanına qalib vətəndaş kimi getdi - Deputat

“1990-cı ilin 20 Yanvar hadisəsindən sonra həmin gün Azərbaycanda matəm günü kimi qeyd edilir. Bu hadisə hər il hüznlü gün olaraq anılıb. Bu il əvvəlki illərlə müqayisədə fərq onda idi ki, xalqımız Şəhidlər xiyabanına qalib vətəndaş olaraq getdi. Çünki 44 günlük haqq savaşımızda qalib gəldik və torpaqlarımızı düşməndən azad etdik”.

Bu sözləri Publika.az-a danışan Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, 90-cı ilin 20 yanvar tarixində Azərbaycan xalqı öz müstəqilliyinə qovuşmaq üçün əzmkarlıq nümayiş etdirdi: “İnsanlar silah-sursatsız sovet ordusunun qarşısına çıxaraq məhz Azərbaycan xalqının nə qədər böyük və əzmkar bir xalq olduğunu nümayiş etdirdilər. Əlbəttə ki, bundan sonrakı mərhələdə Azərbaycanın müstəqilliyi elan olundu, o vaxtkı dövrlər çox keşməkeşli keçdi. Hakimiyyətdə olanlar, xüsusilə AXC-Müsavat cütlüyü xalqımıza qarşı xəyanət etdilər. Ancaq 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra və son 17 ildə də cənab Prezident İlham Əliyev tərəfindən hər il 20 Yanvar hüzn günü ilə bağlı sərəncamlar imzalanırdı. Bu il isə 20 Yanvar daha fərqli keçdi. Çünki ötən ilin 27 sentyabr tarixində başlayan və 10 noyabrda bitən Vətən müharibəsi Azərbaycan xalqının şanlı qələbəsi ilə başa çatdı”.

C.Osmanovun sözlərinə görə, bizim hər birimiz qeyd edə bilərik ki, bütün şəhidlərimizin qisası alındı: “Düşmən ordusu darmadağın edildi. Azərbaycan təkcə Ermənistana deyil, həm də dünya erməni faşizminə qalib gəldi. Bu dəfə tamam fərqli insanlar Şəhidlər xiyabanına axın etdi. Təkcə paytaxt Bakıda deyil, Azərbaycanın bütün şəhər və rayonlarında hər kəs Şəhidlər xiyabanına getdi. Onlar şəhidlərimizi anmaq üçün əvvəlki illərlə müqayisədə tamam fərqli hisslərlə gedirdilər. Çünki biz qalibik, Azərbaycan xalqı qalib xalqdır. Hər bir şəhidimizin qisası Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə döyüş meydanında ordumuzun rəşadəti, xalqımızın birliyi ilə düşməni darmadağın edərək alındı”.

Akqabay Mıradov

Mənbə: publika.az