Ermənistanda daxili vəziyyət, xarici vəziyyət və xaric vəziyyət...- Əkbər QOŞALI

Ermənistanda daxili vəziyyət, xarici vəziyyət və xaric vəziyyət...- Əkbər QOŞALI

Ermənistanda ara qarışıb, məzhəb itib. Ermənistan adı ilə qoşa çəkilməyi ən çox haqq edən söz "neqativ" sözüdür - əcəb də yaraşır; Ermənistanda yalnız bir halda pozitiv var, o da "COVİD-19"la bağlıdır. Bu anlamda "pozitiv", o anlamda "neqativ" intensivləşməkdədir oralarda.

Ermənistandakı uğursuz, baş tutmamış dövləti qəbul etməyənlərdən biri kimi, Ermənistan haqqında yazarkən, danışarkən ikili hisslər keçirdiyimi də vurğulamalıyam. O torpaqlar bizimdir, yaddaşda bizimdir, ruhda bizimdir, coğrafi adlarda bizimdir, gələcəkdə də bizim olması arzu-təmənnamızdır. - Yəni bizim olan yerlərdə bizim yaşamaq, oralara gedib-gəlmək, ziyarət etmək hüququmuz, imkanımız olmalıdır. Ən azı, mədəni, mənəvi, ruhi baxımdan bizim olan o yerlərdən hüquqən bizim olan bu tərəflərə təhlükə gəlməməlidir. Bununçün Ermənistan iki şərtdən birinə cavab verməlidir: normal qonşuluğa islah olunmalı, haqq yoluna gəlməlidir. Bununçün qudurğan Paşinyan, onun zülümkar sələfləri Azərbaycandan üzr istəməli, öz xalqını acı həqiqətlərlə tanış etməli, boş xəyallar aləmindən gerçək yerə endirməlidir.

İkinci variant, Ermənistanda sağduyu, ağıl önplana keçməli, özlərinə adambalası kimi bir başçı seçməli, ləyaqətli hökumət seçməli və o hökumət əbədi sülhə sadiq olmalıdır - əbədi sülhə! Hər iki variant gerçəkçi təsir bağışlamaya bilər, ancaq 44 günlük müharibədən öncə də, bir çox ideyalar, proqnozlar qeyri-mümkün görünürdü. Bu sətirlərin müəllifi Vətən Müharibəsindən xeyi öncə, Tovuz hadisələrindən sonra "Ermənistanın qeyd-şərtsiz Təslim Aktı" layihəsini hazırlayıb, yayarkən də, bəziləri tərəfindən xəyalpərəstlikdə ittiham edilirdi; sosial şəbəkədə bəndənizə "görəsən, özü öz yazdığına inanırmı?" sualını ünvanlayanlar vardı. Mən Ermənistanın Təslim Aktını Şuşada, Cıdır Düzündə, 2020-ci ildə imzalanacaq kimi göstərmişdim, 10 noyabr 2020-ci il tarixli bəlli Üçtərəfli Anlaşma məhz Şuşa işğaldan azad olunduqdan sonra, virtual olaraq imzalandı. Hansı ki hətta xeyli optimist belə illa da Şuşanın azad olunmasının çox çətin olduğunu deyirdi...

İndi Ermənistanda post-müharibə sindromunun dərinləşməsi təkzibolunmaz faktdır. Döyüşlər 10 noyabrda dayanıb, ermənilər hələ də meyid daşıyır, cəsəd yığır, itkinlərin ölü olduğunu xımır-xımır elan edir.

- Sosial-iqtisadi geriləmə, əhalinin sosial durumunun daha da ağırlaşması Ermənistan gerçəkliyinin ta özüdür.

- "Uğursuz dövlət"də siyasi mübarizənin kəskinləşməsi, Nikol Paşinyan hakimiyyətinin daxildə ciddi təzyiqlərə məruz qalması da erməni cəmiyyətinin gerçəkliyidir.

 

- Cinayətkar Köçəryan-Sarkisyan klanının hakimiyyəti ələ keçirməkçün əvəzçıxma əməlləri və planları bir yandan, "dabanyalayan" Paşinyanın ortaçaplı dirənişi bir yandan, üçüncü tərəf olmağa çalışanlar da o biri yandan - hamısının da gözü, qulağı xaricdə... Belə bir "dövlət"in rəhbəri nə etməlidir? - Azərbaycan Prezidentinin məşhur sözləri ilə ifadə etsək, enidməlidir o bayrağı dirəkdən, büküb qoymalıdır cibinə, getməlidir işinin dalınca... İş? - İndi Ermənistanda ən çox axtarılan kateqoriyalardan biri də bu olsa gərək... İş, aş, baş... İş olmadan aş olmur, aş olmayınca heç bir hökumətin başı dik olmur. Bir gün deyil, beş gün deyil... Bir il deyil, beş il deyil... Bir əsrdən bir qədər artıqdır qondarılmış Ermənistan Respublikası güzəştlər, xarici dəstəklər və yıxılmağa yumşaq yer gəzmək hesabına bir təhər sürünə-sürünə mövcud olub. Azərbaycan Dəmir Yumruğu başına dəyəndən sonra acı həqiqətlərə oyanmağa daha yaxın görünsə də, deyəsən, daha bir zərbəyə də ehtiyac duyur... Dəmir Yumruq yerindədir - bunu Azərbaycan Prezidenti Şuşada duyurdu: məhz hərbi formada, məhz Şuşada, məhz hərbçilər önündə çıxış edərkən! Burada heç nə təsadüf deyil və təsadüflərə bel bağlayan Ermənistan təvafüqən tarix səhnəsindən çəkiləcəkdir...

Ermənistanda daxili vəziyyət deyərəkən, əslində bir qədər qüsurlu cümlə qurmuş oluruq - çün Ermənistanda daxili vəziyyət yoxdur - oradakı vəziyyət ya xaric vəziyyətdir ya da xarixi vəziyyət! Bir ölkəninki daxili vəziyyəti, demək olar, mütləq şəkildə xaricdən asılıdır, o ölkənin dikbaşlıq etməsi gülüncdür, deyilmi?

BAYRAĞIMIZ UCA OLSUN!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Mənbə: olaylar.az