"Qardaş Türkmənistan gücümüzə güc qatdı" - DEPUTAT

"Qardaş Türkmənistan gücümüzə güc qatdı" - DEPUTAT

“Azərbaycan sülhsevər və dinc əməkdarlıqda maraqlı olan dövlətdir və ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək bizim konstitusiyamızın hətta preambulasında dövlətimizin ali niyyəti kimi bəyan olunub”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə digər hövzə dövlətlərindən daha çox və daha davamlı səylər göstərib: “Hətta vaxtı ilə Azərbaycan Prezidenti bu məqsədlə özünün xüsusi nümayəndəsini müəyyən edib, Xarici işlər nazirliyimizin isə böyük bir strukturu, məhz qeyd edilən sferada fəaliyyət göstərib.

Bu səylər Xəzərdə bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına xidmət edib, nəticədə 2001-ci ildə Qazaxıstanla, 2002-ci il tarixində Rusiya Federasiyası ilə, 2003-cü il tarixində isə Qazaxıstan və Rusiya Federasiyası ilə birlikdə Xəzərin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında razılaşmaya, ən nəhayət isə, 2018-ci ildə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb.

Azərbaycanın niyyəti ortadadır – Xəzərin dostluq və əməkdaşlıq gölünə çevrilməsi. Bu mənada Aşqabadda Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağında birgə fəaliyyət anlaşması böyük tarixi hadisədir və tam məsuliyyətimizlə deyə bilərik ki, memorandumla Azərbaycan 2021-ci ilə növbəti ciddi diplomatik uğurla damğasını vurmuş oldu”.

Deputat vurğulayıb ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı “Dostluq” yatağı Sovet dövründə Azərbaycan neftçiləri tərəfindən iki ölkənin dəniz sərhədində kəşf olunub: “Sonrakı dövrlərdə hər iki dövlətin müstəqillik qazanması, fərqli inkişaf yoluna qədəm qoyması bu zəngin yataq ətrafında vəziyyəti dəyişib.

Açıq deyək, zaman-zaman bizim Türkmənistanla münasibətlərimiz müəyyən dövrlərdə məhz bu yatağın istismarı ilə bağlı anlaşılmazlıq ucbatından mürəkkəbləşib, bu isə həm Türkmənistan, həm də Azərbaycanın dövlət maraqlarına cavab verməyib, habelə bəzi maraqlı dairələr üçün yataq ətrafında müşahidə olunan problemli vəziyyətdən təsir aləti kimi istifadə potensialı yaratmaqda idi.

Bu gün biz “Dostluq” yatağının işlənməsi sahəsində razılığa gəlməklə həm Azərbaycan-Türkmənistan münasibətlərində yeni bir səhifə acmış olacaq, həm də zəngin yatağın birgə işlənməsi Xəzərdə yeni əməkdaşlıq formatı müəyyən edəcək. Birgə iqtisadi maraqlar və ortaq fəaliyyət ikisi də oğuz boyundan olan qardaş Azərbaycan və Türkmənistan xalqlarının daha da yaxınlaşmasına səbəb olacaq. Digər tərəfdən “Dostluq” yatağının zəngin geoloji imkanları bizim üçün əlavə gəlir, maliyyə perspektivləri deməkdir. Təbii ki, müharibədən sonra, habelə pandemiya sonrası bu kimi əlavə resursların meydana çıxması ölkəmiz üçün əlavə üstünlüklər yaradır.

Toxuna biləcəyimiz digər mühüm məqam isə Azərbaycanın enerji dəhlizi kimi rolunun artması ilə bağlıdır. Bilirsiniz ki, Orta Asiya dövlətləri üçün Avropaya ən qısa və ən güvənilən yol sabit, stabil tərəfdaş olan Azərbaycandır. Digər Orta Asiya dövlətləri kimi Türkmənistanın da öz ortağı Azərbaycanın dəhlizindən istifadə imkanları təbii ki, gücümüzə güc qatacaq”.

Nərgiz Mirzəyeva

Mənbə: konkret.az