"Bu, bizim milli iradə və həmrəyliyimiz, milli oyanışımızla bağlıdır" - Qabil Hüseynli

"Bu, bizim milli iradə və həmrəyliyimiz, milli oyanışımızla bağlıdır" - Qabil Hüseynli

“20 Yanvar hadisələrinin bu ilki anım tədbirlərinin əvvəlki illərdən fərqlənməsi 44 günlük müharibədə qazandığımız uğurlarla birbaşa bağlıdır. 44 günlük müharibədə qazandığımız böyük zəfər öz əhəmiyyətinə, ictimai və milli şüura təsirinə görə demək olar ki, müqayisə edilməz bir hadisədir. 20 Yanvar hadisələrində hüznlə yanaşı bir sevinc də var. Bu, bizim milli iradə və həmrəyliyimiz, milli oyanışımızla bağlıdır”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloqun fikrincə, 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı hərbi cinayət, Vətən müharibəsi isə ölkəmizə qarşı hərbi cinayəti törədənlərin üstümüzə qaldırdığı ermənilərə qarşı aparılan mübarizənin möhtəşəm bir nəticəsi idi: “Azərbaycan xalqı torpaqlarını azad etdi və bu məsələdə Ali Baş Komandan İlham Əliyevin misilsiz xidmətlərini qeyd etmək lazımdır. Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, həmişə ona qarşı düşmən mövqedə dayanmış dövlətin onurğa sütununu sındırdı. Onun dizini yerə qoydu. Dünya xalqları içərisində şərəfli yer tutduğunu sübut edən akta qol çəkdi”.

Qabil Hüseynlinin fikrincə, 20 Yanvar hadisələri, milli azadlıq hərəkatına, müstəqilliyə gətirib çıxarmış milli oyanışın katalizatoru idi:

“Sovet imperiyası bu oyanışın qarşsını almağa çalışırdı. Buna təkan verənlərdən biri də ermənilərin Dağlıq Qarabağdakı separatçı hərəkətləri idi. Bu prosesdə Azərbaycan xalqı çox ciddi surətdə təşkilatlandı, ayağa qalxdı. Çox ciddi milli şüur nümunəsi ortaya qoydu. Amma sovet imperiyası buna qara yaxdı və milli oyanışa dini, fundamentalist bir hərəkat kimi qiymətləndirdi. Dünyaya da bu cür təqdim etməyə çalışdı. Güya, milli azadlıq fədailərinin məqsədi Azərbaycanı SSRİ-nin tərkibindən çıxarıb dini-teokfratik bir rejimə çevirməkdir.

Halbuki, qətiyyən belə bir şey yox idi. Elə bu bəhanə ilə də Bakıya böyük bir hücum təşkil edildi. Qanlı Yanvar hadisələri 147 adamın ölümü, 700-dən artıq insanın yaralanması ilə başa çatdı. O zaman Bakının küçələrində qan su yerinə axırdı. Mən o hadisələrin canlı şahidiyəm. Həmin hadisələr insanın bədənində axan qanı dondururdu. Bunlar yada düşdükcə insanlarda dərin hüzn yaradırdı. O vaxtdan xeyli müddət keçib. 20 Yanvar hadisələri həm də milli azadlıq hərəkatına təkan verdi. Artıq təşkilatlanmış xalq Sovet İmperiyası ilə əlaqəni tam kəsmək uğrunda mübarizəyə başladı. Heç 8 ay keçməmiş parlamentdə milli müstəqillik aktını qəbul etdilər. Azərbaycan xalqı sovet ittifaqında milli müstəqillik haqqında konstitusiya aktını qəbul edən ilk ölkələrdəndir. Bu mənada 20 Yanvar hadisələri milli qürur və oyanış simvoludur”.

Mənbə: publika.az