Avropa İttifaqının Azərbaycana qarşı mövqeyi dəyişir

Avropa İttifaqının Azərbaycana qarşı mövqeyi dəyişir

Erməni diasporasının və onu dəstəkləyən Avropanın bəzi ölkə və dairələrinin misli görülməyən səylərinə baxmayaraq, Vətən müharibəsindən sonra Avropa İttifaqının (Aİ) Azərbaycanın və digər Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyə dair mövqeyində hər hansı dəyişiklik baş verilməyib.

REAL TV-nin Avropa bürosu xəbər verir ki, 2021-ci ilin yanvar ayının 20-də tam çoxluqla (340 lehinə, 100 əleyhinə) qəbul edilmiş Avropa Parlamentinin illik doktrinal və hüquqi təsirə malik Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin (Common Foreign and Security Policy-CFSP) tətbiqi barədə qətnaməsi və 2021-ci il üçün yol xəritəsi sayılan bu hesabat sənədində (23-cü bənd) növbəti dəfə ŞT ölkələrinin (o cümlədən Azərbaycanın) beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə Aİ-nin dəstəyi birmənalı şəkildə vurğulanıb.

Sənəddə qeyd edilir ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat müsbət qarşılanır, gələcək sülh üçün bu razılaşmanın daha yaxşı perspektivlər açacağına ümid ifadə olunur, müəyyən məsələlərlə bağlı birtərəfli deyil, balanslı yanaşma nümayiş etdirilərək, tərəflərə bərabər çağırışlar edilir.

Hazırkı sənəddə ŞT dövlətləri arasında qonşularla, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərə dair ayrı-ayrı tövsiyələr səsləndirilsə də, məsələlərin məhz beynəlxalq hüquq, norma və prinsiplər əsasında və ilk növbədə ərazi bütövlüyü çərçivəsində həll edilməsinin gərəkdiyi bildirilib.

Beləliklə, Aİ-nin 2016-cı ildən etibarən Azərbaycanın və digər ŞT ölkələrinin müstəqilliyinin, suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsinə dair formalaşmış mövqeyi dayanıqlı hüquqi yanaşma və siyasət kimi davam etdirilməkdədir.

 

Mənbə: www.realtv.az