“90 faiz azərbaycanlılar yaşamış Şuşaya erməni şəhəri deyək?” - Paşinyan müxalif deputatın ağzından vurdu...

“90 faiz azərbaycanlılar yaşamış Şuşaya erməni şəhəri deyək?” - Paşinyan müxalif deputatın ağzından vurdu...

Əli Mahmud: “Nəhayət ki, Paşinyan özündə cəsarət tapıb həqiqəti etiraf edib, bununla ermənilərin iddialarının boş və cəfəng olduğunu deyib”

Ermənistanın baş naziri Nikol Paşinyan nəhayət ki, Şuşanın Azərbaycan şəhəri olduğunu etiraf edib. Paşinyanın parlamentdə deputatlara Şuşa haqqında söylədikləri Ermənistanda rezonans doğurub.

N.Paşinyan müxalif “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zohrabyanın sualına cavab verərkən deyib: “Qarabağ münaqişəsi başlayana qədər Şuşa sakinləri arasında azərbaycanlıların sayı 90 faizdən çox idi. Yəni siz demək istəyirsiniz ki, əhalisinin 90 faizindən də artığı azərbaycanlılar olmuş Şuşa statusuna görə erməni şəhəridir?!”.

Sözsüz ki, Paşinyanın erməni deputatın sualına sualla cavab verməsi çox mətləbləri aydınlaşdırır, yəni Şuşa heç vaxt ermənilərin olmayıb, azərbaycanlıların olub, burada həmişə də azərbaycanlılar yaşayıb. Paşinyanın bu fikri ermənilərə “gedin o yanda oynayın”, “Şuşanı birdəfəlik başınızdan çıxarın” mesajıdır.

“Şuşanın ermənilərə heç bir aidiyyəti olmadığını etiraf etməklə Paşinyan erməni müxalifətinin və erməni separatçılarının ağzından daşla vurub”

“Qarabağa aparan yol” qəzetinin baş redaktoru, AYB üzvü, tanınmış şair-jurnalist Əli Mahmud “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Şuşada tarixən ermənilər yaşamayıb, bu şəhərin əzəli və əbədi sakinləri Azərbaycan türkləri olublar. Şuşanın işğalından sonra Ermənistan hökuməti tərəfindən qanunsuz şəkildə ermənilərin Şuşaya köçürüldüyünü və süni şəkildə ermənilərin sayının artırıldığını deyən Ə.Mahmudun sözlərinə görə, çar dövrünün kameral siyahılarında burada azərbaycanlıların sayının 90 faizdən artıq olduğu göstərilib. “Şuşa tarixi Azərbaycan şəhəridir və bu şəhərin əsasının Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulduğu təkzibolunmaz faktdır. Şuşanın əhalisi həmişə azərbaycanlılar olub. Burada az sayda başqa xalqlar da yaşayıb, amma şəhər əhalisinin 90 faizdən çoxu azərbaycanlılar olub. Şuşa işğal edildikdən sonra Ermənistan hökuməti Şuşanı erməniləşdirmək, “erməni şəhəri” kimi qələmə vermək üçün xaricdən və Ermənistanın özündən qanunsuz şəkildə erməniləri köçürərək Şuşada yerləşdirmişdi. Ali Baş Komandanın rəhbərliyilə müzəffər ordumuz Şuşanı düşmən işğalından azad etdi və bununla da Ermənistanın hərbi-siyasi rəhbərliyinə, erməni separatçılarına böyük tarixi dərs verdi.

Paşinyan çox yaxşı bilir ki, indiyə qədər erməni tarixçilərinin, sosioloqlarının, politoloqlarının uydurduqları miflər, yalanlar, başqatmalar işə yaramır, ona görə də belə bir etiraf edib. Əslində, Paşinyan bununla erməni separatçılarına demək istəyib ki, Şuşa heç zaman erməni şəhəri olmayıb, Şuşaya qarşı əsassız iddianızdan əl çəkin, bu şəhər tarixi Azərbaycan şəhəri olub, azərbaycanlılara məxsusdur. Nəhayət ki, Paşinyan özündə cəsarət tapıb həqiqəti etiraf edib, bununla ermənilərin iddialarının boş və cəfəng olduğunu deyib. Şuşanın ermənilərə heç bir aidiyyəti olmadığını etiraf etməklə Paşinyan erməni müxalifətinin və erməni separatçılarının ağzından daşla vurdu. Bilmirəm, Paşinyan nə qədər səmimi olub bu açıqlamanı verəndə. Amma həqiqəti, faktı etiraf edib. Yəqin bu etirafı Paşinyana baha başa gələcək, onsuz da müxalifət onu devirmək üçün gecə-gündüz çalışır. Bu onların öz işləridir. Əsas odur ki, müzəffər Ali Baş Komandanımız İlham Əliyev Şuşanı bizə - öz əzəli və əbədi sakinlərinə, xalqımıza qaytarıb.

Bir məqamı da qeyd edim. Bu şəhərdə doğulub boya-başa çatan yüzlərlə azərbaycanlı dövlət, mədəniyyət, elm xadimi, sənətkarlar, memarlar, müğənnilər, dünya şöhrətli insanlar var. Görün onların arasında bir nəfər də olsun erməni varmı? Yoxdur. Bu gün Şuşanın işğaldan azad edilməsi faktı ilə Ermənistanda barışmayan qüvvələr çoxdur, onlar hər gün separatçı bəyanatlar səsləndirirlər. Amma bunlar faydasızdır. Şuşa Azərbaycanın tarixi şəhəri, mədəniyyət mərkəzidir” - deyə Ə.Mahmud qeyd etdi.

O, həmçinin, bildirdi ki, Avropa səyyahları, Avropa yazıçıları Qarabağ haqqında yazdıqları yazılarda Qarabağın, Şuşanın bir Azərbaycan, türk şəhəri olduğunu, buradakı əhalinin azərbaycanlılar olduğunu bildiriblər: “Bütün bunlar faktdır. Mən özüm uzun illər Şuşada yaşamışam, orada işləmişəm, həyatımın və fəaliyyətimin böyük hissəsi bu şəhərlə bağlıdır. Mənim kimi yüzlərlə, minlərlə insan var ki, həyatının hər bir anında Şuşa var. Şuşa azaddır, Şuşa tarixən olduğu kimi, bu gün də bizimdir, həmişə bizim olub, həmişə də bizim olacaq”.

Mənbə: www.baki-xeber.com