Ermənilərin Sumqayıt yalanlarını ifşa edən 33 il əvvələ aid fakt yenidən Rusiya teleməkanında - SSRİ baş prokurorunun müavininin unikal çıxışı...

Ermənilərin Sumqayıt yalanlarını ifşa edən 33 il əvvələ aid fakt yenidən Rusiya teleməkanında - SSRİ baş prokurorunun müavininin unikal çıxışı...

Afsəddin Nəbiyev: “Bu kimi məlumatların ortaya çıxması ermənilərin ifşa edilməsi baxımından faydalıdır”

Adətən ermənilər iddia edirlər ki, 1988-ci ilin fevral ayının 27-28-də Sumqayıtda baş verən hadisələr zamanı ölən ermənilər münaqişə zamanı öldürülən ilk şəxslər olublar. Guya məhz bu hadisədən sonra qarşıdurma kəskinləşib.

Ancaq Rusiya telekanallarından biri erməni yalanlarının ifşası ilə bağlı arxiv məlumatlarını açıqlayıb. Həmin verilişdə ermənilərin yalanı ifşa edilib. Söhbət 1988-ci ilin martında SSRİ-nin baş prokurorunun birinci müavini Aleksandr Filipoviç Katusevin Dövlət Mərkəzi Televiziyasındakı “Mövqe” (“Pozitsiya”) verilişinə verdiyi müsahibədən gedir. Müsahibədə prokuror açıq şəkildə bildirir ki, Dağlıq Qarabağ münaqişəsi zamanı ilk öldürülən şəxs erməni yox, azərbaycanlı olub. Hadisə 1988-ci ilin fevral ayının 22-də Əsgəran rayonu ərazisində baş verib. Ermənilərin atəş açması nəticəsində 2 azərbaycanlı gənc qətlə yetirilib. 33 əvvəl efirə gedən bu materialın yenidən yayılması, ermənilərin bərk narahatlığına səbəb olub. Çünki bu, illərdir onların uydurduğu yalanın ifşa olunmasına səbəb olub.

Nəzərə alsaq ki, sözügedən materialı biz yox, digər bir ölkə yayıb, o zaman bu, erməni yalanlarının ifşasında nə kimi rol oynayacaq?

“Rusiya arxivlərində erməni yalanları ilə bağlı məlumatlar çoxdur”

Məsələyə münasibət bildirən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin sözlərinə görə, bu kimi məlumatların ortaya çıxması ermənilərin ifşa edilməsi baxımından faydalıdır: “ Əslində, münaqişənin ilk dəfə kimlər tərəfindən törədilməsi bütün dünyaya məlumdur. Münaqişənin tarixinə nəzər yetirsək görərik ki, ermənilər 200 il əvvəl Rusiya imperiyası tərəfindən məqsədyönlü şəkildə İrandan, Türkiyədən Qarabağa köçürülüb. İrandan Qarabağa köçürülən ermənilər hər zaman bu bölgənin sabitliyinə təhlükə olublar. Ermənilər bu bölgəyə köçürülməzdən əvvəl regionda insanlarımız dinc şəraitdə yaşayıblar. Rusiya tarixin müxtəlif dövrlərində ermənilərdən bir alət kimi istifadə edib. Bu siyasət indi də davam edir.

O ki qaldı otuz üç il öncə münaqişəni ilk başlayan tərəfin kim olmasına, bunu üzə çıxarmaq o qədər də çətin iş deyil. Sözügedən hadisələr həm arxiv mənbələrində, həm də o dövrün mətbuatında geniş işıqlandırılıb. Xüsusən də Rusiya arxivlərində erməni yalanları ilə bağlı məlumatlar çoxdur. Siyasi iradə olsa, həmin məlumatlar daha çox yayılar. Keçmiş SSRİ-nin baş prokuroru Katusev sıradan biri olan şəxs deyil. Həqiqətən o bu məsələyə obyektiv yanaşıb. İlk öldürülənlər Əsgəranda ermənilərin atəş açması nəticəsində iki azərbaycanlı gənc oldu. Ümumiyyətlə, ermənilər hətta sovet dönəmində də Qarabağda terror aktları törətməkdən çəkinməyiblər. Elə 60-cı illərdə ermənilərin Qarabağda dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri terror və sui-qəsdlər haqqında hüquq-mühafizə orqanlarında kifayət qədər məlumat qalmaqdadır. Ermənilərin cinayətləri haqqında məlumatları bütün dünyaya çatdırmağı davam etməliyik. Ermənilərin “gücü” onların yalan təbliğatıdır. Ancaq o da var ki, cidanı uzun müddət çuvalda gizlətmək mümkün deyil”.

Sədr müavini hesab edir ki, erməni yalanları zamanla onların əleyhinə işləyəcək. O zaman daha çox həqiqət ortaya çıxacaq.

Mənbə: www.baki-xeber.com