“Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov

Qarabağda aktiv əməliyyatlar vaxtı sosial şəbəkələrin Azərbaycan seqmentində yazılanları həm də qarşı tərəfin diqqətlə oxuması müzakirə olunurdu. Ermənistan mətbuatını izləyəndə müşahidənin doğru olduğunu görmək mümkündür. Xüsusilə Ermənistanın media mütəxəssisləri azərbaycanlıların yazdıqlarını diqqətlə izləyir.

Bizimyol.info xəbər verir ki, Aram Qabrelyanov “Telegram”da müşahidələrini yazıb. Mediamenecer azərbaycanlı sosial şəbəkə istifadəçilərinin statuslarının monitorinqini keçirib. O, xeyli məsələlərə görə təəccübləndiyini bildirib.

Aram Qabrelyanov

“Birinci unikal situasiya Paşinyanla bağlıdır. Azərbaycanda sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti Paşinyanı lap tərifləməsə belə, onu ehtiyatla dəstəkləyirlər. Nikolu tanımayan, münqişədən xəbəri olmayan biri yazılanları oxusa, elə bilər ki, Paşinyan Azərbaycanın hörmətli insanlarından biridir. İkinci nüans bizim vətəndaşlarla bağlıdır. Rusiyada yaşayan soydaşlarımızın təxminən 90 faizi Paşinyanın istefasını istəyir. Paşinyanın Rusiyadakı bütün əleyhdarları Putini dəstəkləyir, Navalnıya nifrət edirlər. Paşinyanın tərəfini saxlayan həmyerlilərimiz isə rusları və Putini sevmir”.

Qabrelyanovun üçüncü qeydi Ermənistan vətəndaşları haqdadır. Media mütəxəssisi deyir ki, öz ölkəsində yaşayan həmvətənlərinin 70 faizi Paşinyanı sevmir. Əksəriyyət etirazını təhqirlə bildirir. Yalnız 20 faiz qansız və qalmaqalsız gedişin tərəfdarıdır. Qabrelyanov Ermənistan vətəndaşlarının yalnız 10 faizinin baş naziri dəstəklədiyini bildirir. Burada Rusiyadan xoşu gəlməyənlərin xüsusi çəkisi var.

Mediamenecer yazır ki, indi həm Rusiyada, həm də Ermənistanda keçmiş prezident Robert Köçəryanın tərəfdarlarının sayı artıb. Onun ölkəni ağır vəziyyətdən çıxaracağını düşünənlər çoxdur. “Azərbaycan cəmiyyəti isə Köçəryana nifrət edir. Bu da başadüşüləndir”,- hesabat müəllifi yazıb.

Robert Koçaryan

Qabrelyanov böyük ehtimalla Köçəryanın danışıqlar prosesini uzatmaq bacarığına diqqət çəkmək istəyir. Çünki torpaqların işğalı daha çox Levon Ter-Petrosyanın adı ilə bağlıdır. Köçəryan onun postuna 1998-ci ildə keçib. O, 10 il Ermənistana başçılıq edib.

Qeyd edək ki, adətən, Qabrelyanov kimi şəxslərin açıqlamaları Paşinyanı satqın çıxarmaq cəhdindən başqa bir şey olmur. Ermənistan cəmiyyətində hələ də Qarabağdakı ağır məğlubiyyəti bütün çalarları ilə qəbul etmək istəmirlər. Paşinyanın “Azərbaycanın adam olması” iddiası uğursuzluğu sığortalamaq üçün istifadə edilir.

Bu arada Ermənistanda Paşinyanın tərəfdarlarının 10 faiz olması da inandırıcı deyil. Paşinyanın tərəfdarları deyildiyindən çoxdur. Çünki müxalifət Paşinyanın istefası tələbi ilə meydanlara adam yığa bilmir. Açıq-aşkar görünür ki, Qarabağ artıq Ermənistan əhalisini çox da narahat etmir. Əksəriyyət tədricən Paşinyanın sülh planını dəstəkləyir və başa düşürlər ki, bu plan heç bir ölkəyə qarşı ərazi iddiaları irəli sürmədən dinc yaşayışı nəzərdə tutur.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Paşinyanın Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edəcəyini gözləyirəm - İqbal Ağazadə

SONRAKI XƏBƏR

Mütəxəssis: “Dünyada koronavirusa təkrar yoluxma hadisəsi 30-dan çox deyil”