Ukrayna Gürcüstanın hərbi helikopterlərini modernləşdirəcək

Ukrayna Gürcüstanın hərbi helikopterlərini modernləşdirəcək

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Ukraynanın təyyarə və helikopterlərin istehsalı üzrə iri şirkəti olan “Motor Sich” şirkətinin nümayəndə heyətini qəbul edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyində bildirilib.

Görüşdə dünyanın ən qabaqcıl hərbi sənaye şirkəti ilə gələcək əməkdaşlıq planları müzakirə olunub.

Qeyd edilib ki, Gürcüstanın “Motor Sich” şirkəti ilə əməkdaşlığı ölkənin hərb sənayesinin inkişafı və müdafiə qüvvələrinə məxsus təyyarələrin modernləşdirilməsinə yönəlib.

Ukrayna nümayəndə heyətinin Gürcüstana səfəri çərçivəsində Gürcüstanın “Delta” hərbi-elmi-texniki mərkəzi, “Тbilaviamşeni” MMC (Tbilisi Aviasiya Zavodu) və “Motor Sich” şirkəti arasında üçtərəfli memorandum imzalanıb.

Sənədə əsasən, tərəfdaşlar “Mi-8” çoxfunksiyalı helikopterlərinin mühərriklərinin əsaslı təmiri və modernləşdirilməsi üçün birgə layihələr həyata keçirəcəklər.

Nazirlikdə qeyd olunub ki, Ukrayna şirkətinin istehsal etdiyi mühərriklər dünyanın 100-dən çox ölkəsində müxtəlif növ təyyarələrdə istifadə olunur.

Mənbə: azpolitika.info