Medvedyev İrəvanı Gürcüstan ssenarisilə hədələdi: Paşinyan addım-addım uzaqlaşır

Medvedyev İrəvanı Gürcüstan ssenarisilə hədələdi: Paşinyan addım-addım uzaqlaşır

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev yenidən qalmaqallı açıqlaması ilə gündəmə gəlib. Bu dəfə o, Ermənistanı hədələyib.

Görünən odur ki, Ermənistanın son dövrlər xarici siyasət kursunda müşahidə olunan dəyişikliklər, İrəvanın Moskva ilə ənənəvi əlaqələrdən uzaqlaşaraq Qərblə siyasi və təlükəsizlik əməkdaşlığını genişləndirməsi Kreml dairələrində ciddi narahatlıq doğurur.
Bu fonda Medvedyev Ermənistanın apardığı siyasətin və Qərbin İrəvandakı fəaliyyətinin ölkəni Gürcüstanın aqibəti ilə üz-üzə qoya biləcəyi ilə təhdid edib.
Bu açıqlama Moskvanın İrəvana qarşı daha sərt addımlara keçə biləcəyinə işarə sayıla bilərmi?
Konfliktoloq Üzeyir Şəfiyev Bakupost.az-a bildirib ki, Medvedyevin açıqlaması Qərbə inteqrasiya yolunu tutan İrəvanın geri çəkilməsi üçün ona hədə-qorxu gəlmək taktikasıdır:
“Bu Rusiya tərəfindən Ermənistana yönəlik nə birinci, nə də sonuncu sərt bəyanat deyil. Rusiya öz imperiya dayaqlarını itirmək istəmir. Qərbin Ermənistanda möhkəmlənməsi Rusiya üçün “anakonda təhlükəsi” yaradır. Ermənistanın ticari-iqtisadi və loqistik əlaqələrinin 60 faizi Rusiyaya bağlıdır. Bu mənada Ermənistan birdən-birə Rusiyadan qopa bilməz. Ermənistan yarananda da Rusiyanın layihə dövləti kimi yaranıb. Paşinyan bunun da fərqindədir. Ona görə də o, xarici siyasət vektorunu dəyişmək istəyir. Bu isə Moskvanı qıcıqlandırır. Medvedyev və digər Rusiya rəsmilərinin bu şəkildə ritorikaları Ermənistana qarşı dövlət terroru xarakteri daşıyır. Ona görə də Gürcüstan ssenarisini xatırladırlar”.
Həmsöhbətimiz bu fonda Paşinyanın geri çəkiləcəyini zənn etmir:
“Paşinyan Qərbin layihəsidir və ondan da dəstək alır. Onlar bütün vasitələrdən istifadə edib, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq istəyirlər. İndi Paşinyan ehtiyatlı bəyanatlar verir. Amma güman ki, sonda Qərb mövqeyini üstün tutacaq”.
Ekspert Rusiyanın Ermənistanda hansısa hərəkətlənmələr edəcəyini mümkün hesab edir:
“Ancaq indi başı Ukraynaya qarışdığından Ermənistana vaxt ayıra bilmir. Paşinyan da Moskvanı qıcıqlandırmadan, addm-addım ondan uzaqlaşır. Amma Rusiyanın İrəvana qarşı hansısa daha real addımlar ata biləcəyi də mümkündür”.
Bütün bunlar isə konfliktoloqa görə, Ermənistan uğrunda ABŞ ilə Rusiya arasında gərgin perspektiv vəd edir:
“Burada güclü mənafe toqquşması gedir. Rusiya terror dili, şantaj ritorikası ilə danışmaqdansa, daha cəlbedici ideyalar irəli sürsə, Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələri də Qərbə deyil, elə Moskva ilə bərabərhüquqlu əməkdaşlığa üstünlük verərdi. Amma təəssüf ki, Rusiyanın bütün konfiqurasiyaları neoimperial ideyalar üzərində qurulub. Paşinyan ev tapşırığı üzrə hərəkət edəcək. Rusiya köhnə metoddan əl çəkməzsə, postsovet məkanındakı bütün təsir imkanlarından məhrum olacaq”.
Rüfət Sultan,
BakuPost

Mənbə: www.bakupost.az