Lavrov Qarabağdakı sülhməramlılara STATUS istəyir

Lavrov Qarabağdakı sülhməramlılara STATUS istəyir

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qarabağdakı sülhməramlıların statusunun dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını söyləyib.


Buta.ws xəbər verir ki, XİN başçısı rus sülhməramlılarına beynəlxalq mandat verilməsini nəzərdə tutub.


Onun bu fikrini deputat Qüdrət Həsənquliyev etirazla qarşılayıb. Q.Həsənquliyev hesab edir ki, rəsmi Bakı Rusiya sülhməramlılarına beynəlxalq səviyyədə hər hansı statusun tanınmasına imkan verməməlidir. Çünki bu, on illər ərzində bizə Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etməyə imkan verməyəcək. Deputat qeyd edib ki, sülhməramlılara beynəlxalq status verilsə və onların Azərbaycanda qalması bizim yox, beynəlxalq birliyin qərarından asılı olsa, münaqişə heç vaxt həll olunmayacaq: “Biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edə bilməyəcəyik”.


Siyasi təhlilçilərin fikrincə, Rusiya Ermənistanla müttəfiq olduğu üçün onun ordusu balanslı sülhməramlı fəaliyyət göstərə bilməz. Lavrov isə deyib ki, sülhməramlıların mandatı məsələsi Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşmanın predmeti olmalıdır. Ancaq sülhməramlıların yerləşdiyi ərazi Azərbaycana məxsus olduğu halda, niyə Ermənistanla da danışıqlar aparılmalıdır? Bəs beynəlxalq hüquq üzrə ekspertlər nə düşünür? Azərbaycana “BMT təhlükəsi” ciddidirmi?


Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyevin bildirdiyinə görə, rus sülhməramlılarının mandatı bizim diplomatik gücümüzdən asılıdır. Onun fikrincə, diplomatik təzyiq gücümüz sülhməramlıların səlahiyyətini məhdudlaşdırmağa kifayət edəcəksə, o zaman status müəyyənləşdirilə bilər.


Ekspert hesab edir ki, beynəlxalq praktikadan çıxış edərək buna nail ola bilərik: “Məsələnin ən yaxşısını Xarici İşlər Nazirliyi bilir. Ümumiyyətlə sülhməramlıların fəaliyyəti fərqli olur. Bəzən sülhməramlıların hərbi əməliyyat həyata keçirmək səlahiyyəti olur, bəziləri isə məhduddur. Məsələn, BMT-nin Afrikada hərbi əməliyyat səlahiyyəti olub, hərbi əməliyyatlar da keçirib. Amma keçmiş Yuqoslaviyada elə geniş səlahiyyəti olmayıb. Onu də desəm ki, sülhməramlıların standart səlahiyyəti var, yalan olar. BMT-dən fərqli olaraq, ATƏT-in göndərdiyi sülhməramlıların səlahiyyəti məhdud olur. Belə deyək, sülhməramlılara mandat verən qurumun özünün nə qədər geniş səlahiyyəti varsa, onun da sülhməramlıya bir o qədər səlahiyyət vermək hüququ olur”.


Ekspertin sözlərinə görə, 10 noyabr bəyanatı üçtərəfli razılaşma ilə həll edilib: “Əgər diplomatik vasitələrin təzyiq gücü sülhməramlıların fəaliyyətini məhdud tutmağa bəs edəcəksə, onda status dəqiqləşdirilə bilər. Çünki Kəlbəcər, Laçın qaytarılıb, halqanı daraltmışıq, masadakı təzyiq gücümüz artıb. Şəxsi qənaətimə görə, sülhməramlıların statusunu bir neçə ay sonra dəqiqləşdirmək daha yaxşı olar.


Əvvəlcə, kommunikasiya açılsın, tərəflər arasında nifrət dərəcəsi azalsın. Demirəm ki, ermənilərlə barışacağıq, amma nifrətin dozası azalandan sonra sülhməramlıların səlahiyyəti da azalacaq. Odur ki, münasibətlərin bir az yumşalmasından sonra sülhməramlı qüvvələrin statusu müəyyənləşə bilər. Sadəcə, indi onların statusu müəyyənləşməyib deyə nə istəyirlər edirlər".


Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, rus əsgərləri həm də Azərbaycan-Ermənistan sərhədində mövcuddurlar: “Daha doğrusu, müharibə vaxtı biz gördük ki,
Ermənistanın Azərbaycanla sərhədlərində rus hərbçiləri dayanıb. O zaman sülhməramlı məsələsi yox idi. Üstəlik, Zəngilan və Qubadlıda delimitasiya zamanı biz gördük ki, sülhməramlılar da hansısa formada bu prosesdə iştirak edirlər. Əlbəttə, Ermənistan sərhədlərində duran rus əsgərlərinin mandatı ilə bağlı danışıqlarda İrəvan rəsmiləri iştirak edə bilər və bu, təbii olardı. Ancaq Azərbaycan ərazisindəki sülhməramlıların mandatı ilə bağlı məsələdə Ermənistan iştirak etməməlidir. Bu prosesin iştirakçısı Azərbaycan, Türkiyə və Rusiya olmalıdır”.


Politoloq yada salır ki, Minsk Qrupunun zamanında bu məsələdə Ermənistan da tərəf kimi iştirak edirdi: “Amma müharibədən sonrakı mərhələdə bu işdə Türkiyə və Rusiya müşahidəçiləri, Rusiyanın sülhməramlı qüvvələri iştirak edir. Bir də ərazinin sahibi olan Azərbaycan tərəfidir. Ermənistan bu prosesdə niyə olmalıdır?”


Xatırladaq ki, Rusiya sülhməramlılarının bəzi hallarda “qırmızı xətti” keçməsi Azərbaycan dövlətinin də diqqətindən yayınmayıb və lazımi xəbərdarlıqlar edilib. Yanvarın ilk həftəsində Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətinə münasibət bildirərkən demişdi ki, sülhməramlı qüvvələrin orada funksiyası var və noyabrın 10-da bu funksiya təsbit edilib.


Sitat: “Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik”.

Mənbə: buta.ws