"Bu layihələr Xəzərdə türk dövlətlərinin gücünü təmin edir" - DEPUTAT

"Bu layihələr Xəzərdə türk dövlətlərinin gücünü təmin edir" - DEPUTAT

Xəbər verdiyimiz kimi, yanvarın 21-də Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" imzalanıb.

İmzalanan bu anlaşmanın iqtisadi əhəmiyyətini Sonxeber.az-a şərh edən deputat Müşfiq Cəfərov bildirib ki,Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlərin əsasının 1992-ci ilin iyun ayından qoyulmasına baxmayaraq, zəngin karbohidrogen ehtiyatlarına malik bu iki türk dövləti arasında siyasi əlaqələr uzun müddət formal mahiyyət daşıyıb:

"Hələ 1999-cu ildə ATƏT-in İstanbulda keçirilən zirvə toplantısı zamanı Azərbaycan, Türkiyə, Gürcüstan və Türkmənistan prezidentləri arasında "Transxəzər qaz boru xəttinə dair hökumətlərarası Bəyannamə" imzalanmışdı və ilkin razılığa görə, 2000-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə yanaşı, Transxəzər qaz kəməri layihəsi də reallaşma müstəvisinə gətirilməli idi. Lakin müəyyən səbəblərdən bu, baş tutmadı. Azərbaycan həmin dönəmdə yataqlarla bağlı mübahisəni dərinləşdirməmək üçün təmkinlik göstərdi. ABŞ-nın da dəstəklədiyi bu regional layihə Xəzərətrafı enerji ehtiyatlarının Qərbə nəqli yönündə önəmli marşrut idi.

2007-ci ildə Türkmənistanın yeni prezidenti, ölkəsinin daxili və xarici siyasətinin aspektlərinə yenidən baxan Qurbanqulu Berdiməhəmmədovun münasibətləri yeni tərzdə, dünyada gedən qlobal proseslərə uyğun şəkildə qurmağa çalışması Azərbaycanla əlaqələri yeni inkişaf mərhələsinə çıxardı. İki Xəzəryanı ölkənin siyasi əlaqələrində yenidən canlanma hiss olunmağa başladı.

Bildirim ki, Xəzəryanı iki ölkə nəinki özlərinin enerji təhlükəsizliyini təmin edir, həm də başqa ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır və bu rol gələcəkdə artacaq. İki müstəqil dövlət olan Türkmənistan və Azərbaycan öz enerji potensialını tamamilə reallaşdırıb. Həyata keçirilən sərmayələr və layihələr Xəzərdə türk dövlətlərinin gücünü təmin edir. Ümumiyyətlə Azərbaycan və Türkmənistan arasındakı münasibətlər təkcə bu ölkələr üçün deyil, həm də bütün Mərkəzi Asiya, Xəzər, Qafqaz regionu üçün böyük əhəmiyyət daşıyacaq".

Deputat vurğulayıb ki, zəngin karbohidrogen ehtiyatları olan Azərbaycan və Türkmənistanın regionda enerji siyasəti məsələlərinə eyni mövqedən yanaşmalarının və energetika sahəsində əməkdaşlıqla bağlı razılaşmalarının uğurlu nəticəsini yaxın zamanlarda görəcəyik:

"Bu gün Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında qarşılıqlı Anlaşma Memorandumunun imzalanması ilə neft-qaz sahəsində zəngin təcrübəsi olan Azərbaycanın bunu Türkmənistan tərəfi ilə bölüşməsinə şərait yaradacaq. Azərbaycanda neft-qaz sahəsində dünya standartlarına uyğun geniş infrastruktur yaranıb və ölkəmiz bütün bu imkanları qarşılıqlı maraq doğuran tərəfdaşlıq üçün təqdim etməyə tam hazırdır. Dövlətlər arasında aparılan faydalı fikir mübadiləsinə, regionda gələcək enerji və kommunikasiya layihələrinin inkişafına böyük töhfə olan, həm siyasi, həm də iqtisadi əhəmiyyət daşıyan həmin tədbir göstərdi ki, Azərbaycan və Türkmənistan rəqib deyil, açıq əməkdaşlığa hazır olan ölkələrdir. Bu əməkdaşlıq həm iki ölkə, həm də region dövlətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq mühitinin yaranması üçün zəruridir. Artıq bu mühit mövcuddur və Azərbaycan tərəfi bu mühitin daha da yaxşılaşmasının tərəfdarıdır".

Aysel Yusifqızı

Mənbə: sonxeber.az