“Müharibədə təkcə bir seqment üzrə 200 milyon dollar itirdik” - Vardanyan

Qarabağda son müharibənin Ermənistanın enerji sisteminə vurduğu ziyanın miqdarı barədə hazırda ümumi bir qiymətləndirmə yoxdur. Ancaq bölgədəki su elektrik stansiyalarının itkisindən dəyən maddi ziyanın miqdarı məlumdur.

KONKRET.az xəbər verir ki, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Akop Vardanyan bunu “Aykakan Jamanak” (“Erməni vaxtı”) qəzetinə verdiyi müsahibəsində deyib.

“Deyə bilərik ki, itirilən otuza yaxın stansiyaların dəyəri, yarımstansiyalarla birlikdə təxminən 200 milyon dollara çatır. Bunların hamısı xüsusi mülk idi”-deyə nazir müavini bildirib. O əlavə edib ki, 2021-ci ildə “DQR”-dən Ermənistana 330 milyon kilovatsaat elektrik enerjisi gəlməsi planlaşdırılırdı. Bölgədəki hidroelektrik obyektlərin Azərbaycanın nəzarəti altına keçməsi Ermənistanın enerji sektoru üçün ciddi tarif problemi yaratdı.

Bu baxımdan, bu il Ermənistana Qarabağdan verilən elektrik enerjisi daha bahalı tariflə əvəz olunacaq. Çünki Ermənistan nüvə stansiyasının planlaşdırılmış təmir işləri üçün uzun müddət dayanacaq. “Mövcud plana görə, elektrik stansiyası 15 May – 2 Oktyabr tarixlərində təmirə dayanacaq. Yük iyul, avqust və sentyabr aylarında daha çox olacaq. Plana görə problemlər yaranmamalı idi, amma bu aylarda ehtiyatımız olmayacaq. Qəzalardan və digər problemlərdən çəkinəcəyimizə ümid edirik”, – deyə Vardanyan əlavə edib.

Dağlıq Qarabağın özündə istehlakçılara elektrik enerjisi verilməsinə gəlincə, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən bildirilib ki, hazırda yerli elektrik təchizatı şəbəkəsi demək olar ki, tamamilə bərpa edilib. Lakin Qarabağ yarımstansiyalarının əksəriyyəti zədələndiyindən fasilələr yaranır. Nazirlikdən o da bildirilib ki, rus sülhməramlıları və bölgədə yerləşən Rusiyanın müvafiq idarələrinin mülki mütəxəssisləri Qarabağda enerji təchizatı sistemlərinin bərpasına mühüm töhfə verirlər.

Ermənistandakı çətin iqtisadi vəziyyət və Qarabağ müharibəsindəki ağrılı məğlubiyyət ölkədəki siyasi böhranı bir qədər də dərinləşdirib. Ermənistan iqtisadiyyatı sentyabrın 27-də hərbi əməliyyatların başlamasından əvvəl də son dərəcə çətin vəziyyətdə idi. Və 44 gün davam edən müharibə nəticəsində COVID-19-un yayılması epidemioloji vəziyyəti bir qədər də ağırlaşdırıb. Müharibənin nəticələri dövlət büdcəsindəki yükləri bir qədər də artırıb.

Yerli mütəxəssislərin fikrincə, müharibə nəticəsində Ermənistanda birbaşa və dolayı itkilərin həcmi milyardlarla dollar qiymətləndirilir.

Surxay Atakişiyev

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Trampın oğlu “Telegram”a keçmə səbəbindən danışdı

SONRAKI XƏBƏR

ABŞ-ın Azərbaycandakı səfirliyində "20 Yanvar" ın 31-ci ildönümünə həsr olunan tədbir keçirilib