Qeqam Nazaryan: "Paşinyan, 7 min övladımızı sən öldürdün"

Qeqam Nazaryan: "Paşinyan, 7 min övladımızı sən öldürdün"

“Bizim ailə və digər 18 yaşlı hərbi xidmətə çağırılanların ailələri oğlanlarımızın hazırlıqsız olduqları və atəş etmə təcrübələrinə sahib olmadıqları üçün təhlükəsiz yerlərə göndərildikləri barədə verilən məlumatlara inanırdıq. Yalnız başqaları və ölkə üçün narahat idik. Sonra oğlum Abqarın dostu ilə birlikdə 28 sentyabrdan bəri ön cəbhədə olduğu ortaya çıxdı. Uşaqlar Füzulidə həddindən artıq aktiv mövqeyə köçürüldülər. Uşaqlar iki gün pilotsuz təyyarələr və raketlərlə döyüşdülər. 29 sentyabrda oğlum iki dostu ilə birlikdə öldü”.

KONKRET.az xəbər verir ki, bu sözləri Alternativ Layihələr Qrupunun üzvü Qeqam Nazaryan Satik Seyranyanın “Pressinq” müəllif proqramına verdiyi müsahibədə söyləyib.

Onun sözlərinə görə, Abqarın cəsədi sentyabrın 30-da tapılıb və morqa aparılıb. Yalnız 3 yanvar tarixində valideynlər övladlarının cəsədini Heratsi meyitxanasında tapmağı bacarıblar.

“3 yanvarda oğlumuzun cəsədini tapdıq. Meyit uzun müddət orada idi. Mənə oğlumun yanında hərbi biletinin olmadığını, kimliyi bilinməyənlərin arasında olduğunu izah etdilər. Amma sonra içəri girəndə cəsədi gördülər, tanınmasının mümkün olduğunu dedilər. İndi insanlar yanıma gəlir və deyirlər: sən şanslı insansan, çünki oğlunu tapdın”, – deyirlər. Görün biz nəyə sevinirik, İlahi?”, – deyə Nazaryan heyrətini ifadə edib.

O, cavabsız suallar çox olduğu üçün fakt araşdırma qrupu yaradıb. Bu, əsgərlər, ölənlərin valideynləri, itkin düşənlər, hərbi əsirlər üçün bənzərsiz bir platforma olacaq. “Birgə problemlər qaldıracağıq, eyni zamanda oğullarımızın xatirəsinin canlı qalması üçün addımlar və tədbirlər görəcəyik. Anna Akopyanın dediyi kimi, oğullarımız “boş yerə” ölmədilər, Vətən adına döyüşdülər. Gələcəkdə digər 18-20 yaşlı uşaqlarımızın nahaq yerə ölməməsi üçün hər şeyi etməliyəm”, – deyə Nazaryan əlavə edib.

Qeqam Nazaryan israrla deyib ki, “Nikol, Anna, Makunts, David Tonoyan və digərləri hərəkətlərinə görə cavabdeh olmalıdırlar”.

Nazaryanın qeyd etdiyi kimi, Ermənistanda hakimiyyət dəyişikliyi baş verdikdə daxildə bir Nürnberq məhkəməsi olacaq: “Nikol, Anna və onların bütün cinayətkar qrupu məhkəməyə veriləcək, çünki bu proses olmadan Ermənistan xalqının bir dövlətə sahib olmaq və irəliləmək kimi haqqı yoxdur. Bütün bunlara dözsək, dövlətə sahib olmaq hüququnu itirəcəyik. Nikol Annanın bunkerlərdə etdiyinin cavabını verməlidir. Bunkerlərdə mənəvi dəstək nə deməkdir? Sən başa düşürsən?

“Artsax” komandirlərinə bir sualım var: Annanın bu bunkerlərdə olmasına necə dözdünüz? Xahiş edirəm, mənə deyin, Anna orada nə etdi, uşaqların necə öldüyünü film kimi izlədi? Biz belə prinsipsiz bir xalqıq? Nikolun gözlərinə baxaraq deyirəm: Nikol, mənim Abqarımı, Davidi, Nareki, Aramı, Armeni və digərlərini sən öldürdün.

Hamısını öldürdün, cinayət əməlləriniz nəticəsində ən azı 5-7 min övladımızı öldürdünüz. Anna ilə bir an əvvəl mühakimə olunmalısınız, əks halda insanlar bu şokdan çıxmayacaqlar. Bu qədər valideyn dövlətin övladlarımızın ölümünə cavabdeh olanları cəzalandırmayacağını görəndə vəziyyət nəzarətdən çıxacaq. Nikol oğlumu öldürdü, amma mən onun uşaqlarının – Mariamik, Aşotik, Şuşan və Arpinin xoşbəxt yaşamasını istəyirəm. Amma bunun üçün bir şərtim var – Nikol və Anna mühakimə olunmalıdır. Bir çox insanlar yalnız bu müharibənin günahkarları cəzalandırıldıqda ayağa qalxa və bellərini düzəldə bilərlər.

Nikol və Anna bir kamerada oturacaqlar və Mikael Minasyanın (Ermənistanın Vatikandakı keçmiş səfiri – red.) təklifi reallığa çevriləcək: qurbanların adlarını daim dinləyəcəklər. Şurnux, Hadrut və digər təslim olan kəndlərin adlarını eşidəcəklər”.

Nazaryan sonda əminliklə deyib ki, Nikol hakimiyyətdə olarkən baş nazir kürsüsündə olduğu müddətdə Azərbaycanda saxlanılan erməni əsirlərin geri qaytarılması məsələsi hər vasitə ilə süründürüləcək.

Mənbə: konkret.az