Azərbaycanla Türkmənistanın anlaşması Orta Asiyada yeni imkanlar açdı

Azərbaycanla Türkmənistanın anlaşması Orta Asiyada yeni imkanlar açdı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması Xəzər hövzəsi ölkələrinin gələcək əməkdaşlığına geniş perspektivlər açır və Mərkəzi Asiya ölkələri üçün Azərbaycanın tranzit əhəmiyyətini daha da gücləndirir. Qazaxıstanlı ekspertlər bu qənaətdədir.

Azərbaycanla Türkmənistan arasında uzun illər davam edən anlaşılmazlığa son qoyulması və Xəzər dənizindəki mübahisəli yatağın birgə istismarı haqqında anlaşmanın imzalanması Mərkəzi Asiyanın Türkmənistana qonşu olan digər dövlətləri tərəfindən də məmnuniyyətlə qarşılanıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qazaxıstanın Avrasiya İnteqrasiyası İnstitutunun eksperti Samat Nurtaza hesab edir ki, bu tarixi hadisə türk dövlətləri arasında inteqrasiyaya yeni impuls qazandıracaq.

“Xəzər bizim ortaq dənizimizdir. İki qardaş dövlət, Azərbaycanla Türkmənistanın belə bir anlaşma sənədinə qol qoyması Türk dünyası üçün yeni bir birlik mesajı oldu. Qazaxıstana gəldikdə onu deyə bilərəm ki, bizim üçün bunun ciddi iqtisadi faydaları olacaqdır. Xəzərə çıxışı olmayan Özbəkistan, Qırğızıstan, Türkiyə kimi ölkələr də bu anlaşmanın yaradacağı tranzit imkanlardan yararlanacaqlar. Qarabağ münaqişəsinin Azərbaycanın qələbəsi ilə sona çatması, Naxçıvana dəhlizin əldə olunması isə çoxdan gözlədiyimiz yeni reallığı ortaya qoyub. Gələcəkdə bütün region ölkələrinin, o cümlədən, İstanbuldan Altaylara qədər türk dövlətlərinin Xəzər üzərindən keçməklə bu koridordan təhlükəsiz şəkildə faydalanması, tarixi İpək Yolunun yeni modelinin inkişafı perspektivi yaranıb”.

Politoloq Amangeldi Kurmetulı isə deyir ki, iki dövlət arasındakı anlaşma memorandumu bölgədə təhlükəsizliyi gücləndirməklə yanaşı, Türkmənistanın və dogər Mərkəzi Asiya ölkələrinin başqa dövlətlərdən asılılğını azaldacaq, iqtisadiyyatın və enerjidaşıyıcıların şaxələndirilməsinə münbit zəmin hazırlayacaq.

“Qardaş Azərbaycanla Türkmənistan arasında anlaşılmazlıqların aradan qaldırılması, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi haqqında Anlaşma Memorandumunun imzalanması təkcə iki ölkəyə deyil, bütün Türk dünyasına yeni imkanlar açacaq. Belə ki, indiyədək öz enerji resurslarını Rusiya və Çin üzərindən üzərindən ucuz qiymətə satan Türkmənistan üçün yeni iqtisadi qaynaqlar və enerji xətlərinin diversifikasiyası şansı yaradacaq. Bu hadisə bizim üçün də çox önəmlidir. Çünki sözügedən anlaşma Transxəzər boru xəttinin çəkilməsi və yüksək təlabatlı, inkişaf etmiş Avropa bazarına çıxışın əldə olunması məsələsini yenidən aktuallaşdıracaq.

Bu da öz növbəsində Türkmənistanla bərabər digər Mərkəzi Asiya dövlətlərinin, xüsusilə Özbəkistan və Qazaxıstanın da enerji ixracının şaxələndirilməsi baxımından həyati əhəmiyyət daşıyır. Azərbaycan isə həm geosiyasi, həm də tranzit ölkə kimi öz önəmini artıracaqdır. İki qardaş dövlətin başçılarının sənədi imzalaması, işlənəcək yatağa simvolik olaraq “Dostluq” adının verilməsi, ən başlıcası bu görüşün xoş dialoq və qarşılıqlı səmimiyyət şəraitində keçməsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətində aktiv iştirak etməyən Türkmənistan üçün bu platformanı da cəlbedici hala gətirəcək”.

Qeyd edək ki, Azərbaycanla Türkmənistan arasındakı Anlaşma Memorandumu 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyadan sonra Xəzəryanı ölkələr arasında əməkdaşlıq istiqamətində imzalanan ilk dövlətlərarsı müqavilədir.

Mənbə: konkret.az