Rusiyada aksiyalar - 10 Navalnı belə Putini yıxa bilməz, amma...

Rusiyada aksiyalar - 10 Navalnı belə Putini yıxa bilməz, amma...

Putin Sobçakla və yaxud hansısa kommunist kolxoz sədri ilə adının bülletenə düşməsinə razılaşırsa, Navalnı ilə yarışmağı da özünə rəva bilməlidir

Yanvarın 23-də paytaxt Moskva və Peterburq da daxil olmaqla, Yekaterinburq, Ufa, Orenburq və daha bir neçə şəhərdə keçirilən aksiyalar haqda Rusiyanın mərkəzi telekanalları susmağa üstünlük verdi. Yalnız Kremldən qismən müstəqil informasiya siyasəti yürüdən, geniş yayım imkanı olan RBK bu qadağalardan kənara çıxmağa çalışdı.

Əlbəttə ki, dünyanın indiki vaxtında istənilən hakimiyyətin informasiya blokadası yaratması çətindir, çünki hərənin əlində bir telefon var, bu kimi aksiyalarda isə yüzlərlə bloger iştirak edir və xəbərlər anındaca onların vasitəsilə bütün dünyaya yayılır. Hökumət yerli hakimiyyətlərlə razılaşdırılmamış aksiyanın qarşısını bütün mümkün vasitələrlə aldı. Kommunikasiyalara nəzarət edən “Roskomnadzor” sosial şəbəkələrdə mitinqə dəvət mesajlarını “azyaşlılara çağırış”adı altında anındaca sildi, aksiyaçıların toplaşdığı ərazilərdə interneti blokladı, polis isə sərt müdaxilə edərək xeyli adamı həbs etdi.

Halbuki günlərdi Rusiya telekanallarındakı siyasi tok-şoularda ekspertlər ABŞ Konqresində baş verən hadisələri uzun-uzadı təhlil edir, prezident Trampın (artıq sabiq) və eləcə də tərəfdarlarının sosial şəbəkələrə girişinin yasaqlanmasını “demokrtayaya zidd addım”və “biabırçılıq” hesab edərək vayslanırdılar.

İndi Rusiyanın şəhərlərində dövlət strukturlarına Konqresdəki kimi hücum olmadı, insan təlafatı da yoxdur, siyasi böhran əlaməti də yoxdur, amma bu etrirazlar barədə saatlarla müzakirə açılmayacağı da aydındır.

Yeri gəlmişkən, ABŞ hadisələri ilə Rusiyadakı son aksiyalar arasında əlaqə qurmaq olar. Hətta Rusiyada həftəsonu baş verənləri yanvarın 6-da Vaşinqtondakı hadisələrin davamı, daha doğrusu, cavabı kimi də qiymətləndirmək mümkündür. Yada salaq ki, Tramp tərəfdarlarının Kapitoliyaya hücumu ABŞ-da ən yüksək səviyyədə “Putinə son hədiyyə” kimi qiymətləndirilirdi.

Yanvarın 15-də isə gözlənilmədən Aleksandr Navalnı 3 gün sonra Rusiyaya qayıdacağını bəyan etdi. Almaniya hökuməti Putinin tənqidçisi adlandırdığı Navalının “Noviçok” maddəsilə zəhərləndiyini təsdiqləsə də, buna dair dəlilləri Rusiyaya vermədi. Etiraf etmək lazımdır ki, bu müəmmalı zəhərlənmə olayı 2018-ci ilin martında Londonda eyni maddə ilə zəhərləndiyi deyilən keçmiş kəşfiyyatçı Sergey Skripal olayı kimi rezonans doğurmadı. Bu isə o deməkdir ki, budəfəki zəhərlənmə olayını Rusiyanın əleyhinə planlaşdırıldığı kimi həyata keçirmək mümkün olmadı. Avropa İttifaqı və Britaniya Navalnının zəhərlənməsinə görə bəzi Rusiya hakimiyyəti nümayəndələrinə qarşı sanksiya tətbiq etdi.

Kremlə qarşı ittihamlar Vaşinqtondan da səsləndi, amma maraqlıdır ki, Trampdan deyil, 2020 seçkilərində demokratları rəqibi olmuş indiki prezident Co Baydendən. “Kreml siyasi rəqibini susdurmaq üçün bir daha sevimli silahı olan “Noviçok” sinfinə aid kimyəvi maddədən istifadə edib. Prezident olandan sonra müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Putin rejiminin cinayətlərinə görə məsuliyyət daşıması üçün çalışacağıq” deyə, indiki prezident bildirmişdi.

Müalicəsini tamamlayandan sonra bir müddət də Almaniyada qalan müxalifət liderinin qayıtmaq qərarı belə görünür ki, Kreml üçün bir az gözlənilməz oldu. Onun ölkə kənarında olması Kremlin maraqlarına daha uyğun idi. Çünki Navalnı yeganə müxalifət lideridir ki, həm Putin rejimində yaşamaq istəməyən gənclər arasında müəyyən reytinqi var, son illər isə məhz onun çağırışı ilə anti-hökumət aksiyaları baş tuturdu.

Onun Rusiyadan kənarda fəaliyyəti təhlükəsiz idi və Kreml üçün əlavə başağrısı olmayacaqdı, üstəlik, ölkəyə hər hansı səbəbdən qayıtmaması istər-istəməz onun tərəfdarlarının əhval-ruhiyyəsinə mənfi təsir edəcəkdi. Bu səbəbdən onun arxasında duran qüvvələr(bu Qərb kəşfiyyatı, maraqlı dövlətlər və Putinin xaricdəki müxalifəti də ola bilər)Navalnın Rusiyaya qayıtmasına qərar verdilər.

O qayıdan kimi isə Qərbin əsas hədəfində olan adam-Rusiya prezidenti haqda ifşaedici material yayımlandı. Belə ki, Navalnının Antikorrupsiya Fondu Qara dəniz sahilində Rusiya prezidentinə məxsus olduğu iddia edilən milyardlıq dəbdəbəli imarətin videosunu yaydı. 4 gün sonra isə Rusiyada aylardı davam edən sakitlik pozuldu, Putin əleyhdarları yenidən meydanlara çıxdılar.

Putinin olduğu iddia edilən imarətin şəkillərinin və videosunun əldə edilməsini yerli “mənbələrə” bağlılığını axtaranlar da var, “Putinin ətrafı ondan bezib” kimi uzaqgedən nəticələr çıxaranlar da. Amma bu Qərb kəşfiyyat mənbələrinə aid materiala daha çox oxşayır.

Navalnı nə qədər bəzək-düzək vurulsa da, o çapda adam deyil-hakimiyyət içərisində dəstəyi yoxdur, oliqarxlar isə onunla işbirliyinə gedərsə, hər şeylərini bir gündə itirmiş olarlar.

Əvvəla, Rusiya hakimiyyəti çoxrəngli deyil. Putin son konstitusiya dəyişikliyi ilə mümkün mərkəzdənqaçma meyllərini əngəllədi, hakimiyyəti davam etdirmək iddiasını qanuniləşdirdi. Əsas bölgələrdə Putinin liderliyini qəbul etməyən idarəetmədə ola bilməz, bu sahədə nəzarət çox güclüdür. Hətta bir sıra vilayətlərdə kommunistlərin və ya lideral-demokrtaların yerli seçkilərdə qalibiyyətinin qarşısını almaq mümkün olmursa, sonradan ən müxtəlif yollarla, hətta cinayət işi açmaqla o adamlar idarəetmədən uzaqlaşdırılırlar. Hansısa bir əyalətdə yerli nümayəndə, bələdiyyə sədri, hətta polis rəisi Putindən narazı ola bilər. Amma bu kimi halların hakimiyyətə heç bir ciddi təsiri yoxdur, eləcə də müxalifətə əlavə maliyyə və tərəfdar gətirmir. Rusiya yalnız Kremldən ibarət deyil, amma şübhə yoxdur ki, məhz o saraydan etibarlı şəkildə idarə olunur. Sızmalar, komanda arasında narazılıqlar, üst səviyyədə korrupsiya var. Amma bütün bunlar Putindən xəbərsiz də deyil. Putinin nəzərindən yayınmaq olar, amma onu aldatmaq, arxasından iş çevirmək, müxalifətə maliyyə axıtmaq mümkün deyil. Bir qısa müşahidə: Putin qəbul etdiyi məmurun gətirdiyi kağız-sənəddən əvvəl, daima onun düz gözünün içinə baxır…

Rusiya ordusu ən yaxın, bəlkə də varisi olacaq adamının əlindədir, polis sistemi, kəşfiyyat da eləcə. İqtisadi komandadan Putin razı deyil, amma vergi sistemində yaxşı mənada fərqlənmiş, bir il əvvəl isə baş nazir vəzifəsinə gətirilmiş Mixail Muşustin hökuməti Rusiyanın sosial siyasətində nəzərəçarpacaq dəyişikliklər edə bilib. Ruslar bir xalq olaraq ən minimum olsa da, sosial rifahı əsas götürür, bunun üçün isə stabil hakimiyyətin lazım olduğunu yaxşı başa düşür.

Navalnı isə nə qədər bəzək-düzək vurulsa da, o çapda adam deyil-hakimiyyət içərisində dəstəyi yoxdur, oliqarxlar isə onunla işbirliyinə gedərsə, hər şeylərini bir gündə itirmiş olarlar. Ona ən yaxşı halda, bir şəhərin meri kürsüsünü etibar etmək olar. Kremlə sahiblənməsi isə heç vaxt…Hətta 10 Navalnı belə, indilikdə Putin hakimiyyətinə ciddi təhlükə yarada bilməz.

Əlbəttə, Navalnın gücü və reytinqinin müəyyənləşməsi üçün ədalətli seçkiyə ehtiyac var. Ümumiyyətlə, bu adamı bütün seçkilərə, son olaraq Moskvadakı yerli orqanlara keçirilmiş seçkilərə buraxılmasını əngəllədilər. Putin Sobçakla və yaxud hansısa kommunist kolxoz sədri ilə adının bülletenə düşməsinə razılaşırsa, Navalnı ilə yarışmağı da özünə rəva bilməlidir.

Bu ilin sentyabrında Dumaya seçkilər olacaq. Kreml indidən iddia edir ki, sentyabrda keçiriləcək seçkiyə xarici qüvvələr müdaxilə etmək üçün fəallaşacaq. Müşahidə yanlış deyil. Bu səbəbdən Qərbin Navalnı ssenarisi və bu adamın adı ətrafında hadisələr 2021-ci ildə davam edəcək…

Nazim SABİROĞLU

Mənbə: konkret.az