“DTX xaricdən idarə olunan və Azərbaycanda dövlət qurumları və şirkətlərin əməkdaşlarını hədəfə alan kiberdələduzluq şəbəkəsi haqqında maraqlı məlumat yayıb. Açıqlamaya diqqət etdikdə maraqlı sxem görünür”.
Bu barədə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz öz “Facebook” səhifəsində yazıb.
O bildirib ki, qurumlarda davamlı kibertəhlükəsizlik təlimləri, sosial mühəndislik simulyasiyaları və insidentlərin operativ bildirilməsi mexanizmləri qurulmalıdır:
“Xüsusi proqramlarla dövlət qurumları və şirkətlərin əməkdaşlarının adları, vəzifələri, fotoları, telefon nömrələri kütləvi toplanıb. Sonra rəhbərlərin adı və fotosu ilə saxta “WhatsApp” hesabları yaradılıb. Özü də Azərbaycan mobil operatorlarının nömrələrindən istifadə olunub.
Bu +994 nömrələrin cinayətkarların əlinə necə keçdiyi açıqlanmır.
Güman ki, yerli vasitəçilər üzərindən əldə edilmiş SIM/eSIM-lərdən, başqa şəxslərin adına rəsmiləşdirilmiş və ya ələ keçirilmiş nömrələrdən istifadə oluna bilərdi.
Əməkdaşa rəisi adından “təcili” tapşırıq göndərilib, sonra o, guya hüquq-mühafizə orqanının nümayəndəsi olan başqa saxta hesaba yönləndirilib. Sonda xarici hesaba pul köçürülməsi və ya başqa tapşırıqlar tələb olunub.
Baş verənlər bir daha göstərir ki insan amili həmişə öndədir. Rəhbərin fotosu və adı WhatsApp hesabının həqiqiliyini sübut etmir. Pul köçürülməsi, məxfi məlumatın verilməsi və qeyri-adi “təcili tapşırıqlar” başqa etibarlı kanal vasitəsilə mütləq təsdiqlənməlidir. Xüsusilə maliyyə əməliyyatlarında ikili təsdiq mexanizmi olmalıdır.
Baş verənlər bir daha göstərir ki, qurumlarda davamlı kibertəhlükəsizlik təlimləri, sosial mühəndislik simulyasiyaları və insidentlərin operativ bildirilməsi mexanizmləri qurulmalıdır.
DTX artıq şəbəkənin bəzi iştirakçılarını müəyyən edib.
Güman ki, mobil nömrə və SIM məlumatları, cihaz və IP izləri, platformaların texniki məlumatları və maliyyə tranzaksiyalarının əlaqələndirilməsi cinayətkarların izinə çıxmağa imkan verib.
Cinayətkarların, platformaların və bank hesablarının müxtəlif ölkələrdə olması isə beynəlxalq əməkdaşlığı zəruri edir. DTX də xarici dövlətlərin aidiyyəti qurumları və beynəlxalq texnologiya şirkətlərinin təhlükəsizlik bölmələri ilə birgə araşdırmanın davam etdiyini bildirib".
Mənbə: yenisabah.az