“Şəhərin bir başından o biri başına getmək 3 saat çəkir”
Ali məktəblərin Bakıdan köçürülməsi ilə bağlı məsələ yenidən aktuallaşıb. Hesab edilir ki, Sovet dövründə əksər ali məktəblərin Bakıda yerləşməsi urbanizasiya prosesini sürətləndirib. Bölgələrdən “beyin axını”na səbəb olub.
Ekspertlərin fikrincə, bir sıra ali məktəblərin regionlara köçürülməsi Bakıda tıxacların aradan qaldırılması, paytaxtın yükünün azaldılması baxımından da yaxşı olardı. Hesab edilir ki, ali məktəblər köçürülərsə bölgələrdə yeni iş yerləri, sosial infrastrukturlar formalaşar, turizmin inkişafına şərait yaranar.
Müasir İnkişaf İctimai Birliyinin sədri, Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Mübariz Göyüşlü Cebhe.info-ya açıqlamasında deyib ki, universitetlərin bölgələrə köçürülməsi əhali sıxlığını aradan qaldıra bilər:
“Ali məktəblərin Bakıdan köçürülməsi məsələsi zaman-zaman gündəmə gəlir. Bunu şəhərin yükünün, sıxlığının azaldılması baxımından izah edənlər heç də haqsız deyillər. Çünki şəhərin mərkəzində yerləşən böyük ali məktəblərimizin onminlərlə müəllim və tələbə kontingentinin, xüsusən də rayonlardan Bakıya oxumağa gələn tələbələrin, işçi heyətinin gündəlik iş rejimində ali məktəblərə gediş-gəlişi həm şəhərdəki sıxlığı, həm də yollardakı tıxacı həddən artıq gərgin edir.
Təsəvvür edin ki, şəhərin bir başından o biri başına getmək üçün bəzən 2-3 saat vaxt sərf etməli olursan. Hazırda internet əsridir, sürət əsridir. Günün ən verimli, məhsuldar çağını tıxaclarda keçirmək həm insanın əsəbini gərginləşdirir, həm də enerjisini demək olar ki əlindən alır. Sən gün ərzində daha çox iş görə biləcəyin halda bu say yarıya enir. Üstəlik tıxacın yaratdığı əsəb və gərginlik işin keyfiyyətinə də təsir edə bilir”.
“Hazırkı binalar rahat tədris və fəaliyyət üçün o qədər də əlverişli deyil”
M.Göyüşlü hesab edir ki, sıxlığı yaradan təkcə ali məktəblər deyil: “Bakıdakı sıxlığı ancaq ali məktəblərin mövcudluğu ilə izah etmək fikrimiz yoxdur. Müvafiq dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin də burada yerləşməsi sıxlığa təsir edir. Amma əlbəttə ki, əsas səbəb ali məktəblərdir.
Təsəvvür edin ki, bir tək BDU-da 25 minə qədər, bəlkə hətta daha çox kontingent var. Digər ali məktəblərimizi heç demirəm. Bu qədər insan günün bütün saatlarında, xüsusən də pik saatlarında hərəkətdə olduğu zaman əlbəttə ki, sıxlıq artacaq.
Mən mövzunu ancaq şəhərin sıxlığının azaldılması istiqamətində kökləmək və bununla yekunlaşdırmaq istəməzdim. Ali məktəblərin şəhərdən kənara çıxarılması həm də onların inkişafı baxımından da müsbətdir.
Bizim ali məktəblər 50-70 il bundan əvvəl tikilmiş, o zamankı əhali sayına uyğun olaraq ərsəyə gətirilib. Amma hazırda əhali çox artıb və ona uyğun olaraq da tələbə, müəllim kontingenti, işçi heyəti də çox artıb. Hazırkı binalar rahat tədris və fəaliyyət üçün o qədər də əlverişli deyil.
Ona görə də düşünürəm ki, şəhər kənarında ayrılmış müvafiq yerlərdə universitetlərimiz üçün geniş dərs otaqları, hər bir müəllim üçün ayrıca iş otaqları olan, konfrans zalları, kitabxanalar, laboratoriyalar və s. yerləşəcək bir kompleks tikmək olar. Burada həmçinin tələbə yataqxanaları da inşa etmək mümkündür.
Beləliklə biz həm tələbələrimizin qalması üçün, təhsili üçün geniş imkanlar, həm də onlara dərs deyən müəllimlərimiz üçün ayrıca iş otağı şəraiti yaratmış olarıq.
Bununla da təhsilimizin keyfiyyətli inkişafında yeni bir mərhələ açılmış olar”.
“Bizdəki infrastruktur keçmiş SSRİ-dən qalmadır”
QHT sədrinin fikrincə, ali məktəblərin yerləşməsi ilə bağlı Türkiyə modelinə üstünlük verilə bilər: “Bu məsələdə də qardaş Türkiyədən nümunə götürə bilərik. Bizdə olan durum keçmiş SSRİ-dən qalmadır.
Amma biz köhnə sovet təhsil formatından qurtulmaq üçün qardaş ölkənin yüksək səviyyəli təhsil formalarını tətbiq edə bilərik. Orada demək olar ki, hər bir universitetin çox böyük ərazisi, geniş auditoriyaları, hər bir müəllimin ayrıca iş otağı və s. imkanlar var.
Təhsilə, elmə çox böyük diqqət göstərilir. Nəticə də var. Türkiyə artıq elm, təhsil, texnologiya sahəsində çox uğurlu addımlar atır. Ona görə düşünürəm ki, biz də gələcəkdə bu cür nümunələrdən geniş şəkildə istifadə etməliyik”.
Mənbə: cebhe.info