Rusiya böyük dəyişikliklər ərəfəsində: “Bu prosesin başlanması qaçılmazdır”

Rusiya böyük dəyişikliklər ərəfəsində: “Bu prosesin başlanması qaçılmazdır”

Rusiyada hökumət əleyhinə kütləvi aksiyalar davam edir. Narazılar müxalifət lideri Aleksey Navanlının azad olunmasını tələb edirlər. Maraqlıdır ki, etiraz aksiyalarında fəallıq daha çox bölgələrdə müşahidə edilib.

“Vəziyyət öz axarından çıxarsa...”

Milli Cəbhə Partiyası sədrinin müavini Ehtiram Mehtiyev Cebhe.info-ya açıqlamasında deyib ki, baş verən hadisələr Rusiya üçün təhlükəli sonluqla bitə bilər:


“Rusiyanın bir neçə şəhərində minlərlə insanın korrupsiyaya qarşı etirazı günün əsas hadisəsi oldu. Hadisələr artıq dünya mətbuatının gündəminə çevrilib. ABŞ-da Con Baydenin andiçmə mərasimindən az sonra baş verən hadisələr maraqlı suallar doğurur. Hesab edilir ki, burada Qərbin rolu var. Əgər vəziyyət öz axarından çıxarsa Rusiyada sabitlik pozula bilər. Ümumiyyətlə baş verən hadisələr gözlənilən idi. Putin siyasi opponentlərini sıradan çıxarmışdı, müxalifətə təzyiq edirdi”.

E.Mehtiyev hesab edir ki, baş verən nümayişlər təkcə Navalnıya görə deyil: “Xalqı ayağa qaldıran başqa səbəblər var. Daha çox sosial-iqtisadi problemlərdən narazıdır.

Öz xalqını diktatura rejimi ilə əzən Putinə qarşı xalq bu dəfə güzəşt etməyəcək. Polisin qəddarlığına baxmayaraq artıq iri şəhərlərdə, o cümlədən Moskvada və inqilablar şəhəri Piterdə minlərlə insan etirazlara qoşulur. Hesab edirəm ki, siyasi hərəkətlilik dalğa effekti yaradacaq”.

“Proses etnik məcraya yönələ bilər”

E.Mehtiyevin fikrincə, federasiyada yaşayan digər millətlər də Putin rejiminə qarşı başlanmış etirazlara qoşulacaq:

“Proseslərə Rusiyada yaşayan qeyri rusların və qonşu dövlətlərin də qoşulması qaçılmazdır. Tarixin müxtəlif dövrlərində qonşularına rahatlıq verməyən, hələ də imperiya iddiaları ilə yaşayan Rusiyanın bölünmə prosesinin başlanması qaçılmazdır. Xalqlar birliyi bu prosesi daha da dərinləşdirə bilər. Bir sözlə, proses etnik məcraya yönələ bilər. Çünki Vladimir Putin Rusiyada yaşayan qeyri rusların öz ana dilində təhsil almaq hüququnu əlindən alması ilə bağlı verdiyi qərar artıq etnikləri də hiddətləndirmişdi.

Bu da Rusiyanın parçalanmasına və uzun illərdən bəri müstəqillik arzusunda olan xalqların azadlığına təminat verə bilər. Ümumiyyətlə, Rusiyanı cilovlamaq üçün bu nümayişlərin nəticə verənədək davam etməsi çox vacibdir. Putin Rusiyası dəyişməlidir. Demokratik idarəçilik xalqın sosial durumuna da müsbət təsir edəcək”.

Aydın

 

 

Mənbə: cebhe.info