Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir

Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir

Aleksey Navalnı 2008-ci ildə Gürcüstana qarşı daha qəddar mövqedə idi. O vaxt onun verdiyi açıqlamaları "tükürpədici" adlandırmaq olar. Bu barədə bir qədər sonra... İndi isə proseslərin cari gedişinə nəzər salaq.

“Aleksey Navalnı inqilabı”nın postsovet məkanında doğurduğu eyforiya sarsıldı. “Putinin sarayı” filmi yanvarın 19-dan bur yana 77 milyon baxış toplasa da, sonrakı günlərdə gündəmdə mövqeyini qoruyub saxlaya bilmədi. Ancaq kim necə düşünür-düşünsün, Aleksey Navalnı Rusiya cəmiyyətində “protest elektoratının lideri” kimi faktora çevrilib. Artıq onu inkar etmək mümkün deyil. Buna səbəb Navalnı hərəkatının Putinin şəxsi-siyasi portretini qaralamasındadır.

Vladimir Putinin olduğu deyilən saray

Hakimiyyəti boyunca yüksək reytinqlərlə ölkəni idarə edən prezident Vladimir Putunin avtoritetinə ciddi zərbə vuruldu – bu, faktdır. 23 yanvardan əvvəlki Putin siyasi profil olaraq artıq qalmayıb. Hətta 13 yanvardan əvvəlki də yoxdur. Doğrudur, "Navalnı inqilabı" gözləndiyindən daha çox virtual maraq toplasa da, gözləndiyindən daha az real dəstək qazandı. Bu fikirlə razılaşmayanlar olacaq; 130-dan çox şəhərdə on minlərlə insan küçələrə çıxaraq “Aleksey Navalnıya azadlıq!”, “Putin oğrudur!”, “Putin çıx get!” kimi şüarlar səsləndirdilər, polislə əlbəyaxa savaşa qalxdılar. Bunlar sıradan hadisələr deyil. Ancaq bu hadisələrdən sonra cavabı verilməsi vacib olan suallar çıxır.

Bu suallara keçməzdən əvvəl bir nüansa diqqət çəkmək də lazımdır: sosial şəbəkələr siyasətin kommunikativ resurslarını artırdıqca, yeni siyasi trend ortaya çıxıb. Bu, dünyanın aparıcı kəşfiyyat təşkilatlaının bu və ya başqa ölkədə avtokrat liderləri asanlıqla ifşa edə, cəmiyyətlərin narazı kəsimlərini ayağa qaldıraraq küçələrə tökməyi bacarması ilə bağlıdır. Vaxtilə Vladimir Lenin “Qəzet kollektiv təbliğatçı, təşviqatçı və təşkilatçıdır” demişdi. Bu gün eyni fikirləri sosial şəbəkələrin gücü haqqında demək olar. Hətta yəqin ki, bu dəqiqələrdə Putinin beynində bir fikir dolaşır: “Youtube kollektiv təxribatçıdır”.

Suallara gəlincə, ən çox maraq doğuran məsələlər var:

- Birncisi, Navalnı Putinə qalib gələcəkmi?

- İkincisi, Putin getsə, Navalnı gəlsə, Rusiya bir yana, postsovet ölkələr üçün necə olacaq – yaxşı, yoxsa pis?

- O cümlədən və xüsusilə Azərbaycan üçün...

Bunlar indi ən çətin suallardır. Birinci suala cavab axtarsaq, belə bir tendensiya adi gözlə görünür ki, 2000-ci illərin “rəngli inqilablar” zənciri artıq bir yerdə çoxdan qırılıb; inqilab sponsorlarının avtokrat sayaraq devirməyə çalışdığı rejimlərə artıq “əksinqilab peyvəndi” vurulub. Bir növ “inqilab əleyhinə immunitet” yaranıb. Artıq Argentinadan Serbiyaya, Gürcüstandan Ukraynaya qədər bir çox ölkələrdə qələbə çalmış “rəngli inqilab”lar seriyası davam edə bilməyib. Gözümüzün qarşısında 2003-2005-ci illərin Azərbaycanı, sonrakı dövrlərin Venesuela nümunəsi var. Həmin o Venesuelada hətta ABŞ başda olmaqla bir sıra dövlətlər müxalifət liderini prezident kimi tanısa da, Nikolas Maduronu “sona qədər” devirmək mümkün olmadı. Eyni şeyi ötənilki Belorus seçkiləri, Lukaşenkoya qarşı ayaqlanmalar haqqında da demək olar; onu devirmək üçün hər şey etdilər, ancaq devirə bilmədilər. Belorusun da Tixonovskisi vardı – həbsdədir, Tixonovskayası vardı, mühacirətdədir. İndi onları kim xatrlayır? Kəşfiyyatların mətbəxində süni siyasi mayalanma nəticəsində yetişdirilən blogeliderləri ictimai yaddaş ilk uğursuzluqdaca iqnor edə bilər. Navalnı qarşısında da bir-birinə diametral əks olan iki - nikbin və bədbin - perspektiv açılır. Triumfal qələbə şansı qədər ağır məğlubiyyət təhlükəsi var.

Rusiyada etirazlar

Bir tendensiya da ərəb ölkələri ilə bağlıdır. Hətta açıq silahlı müqavimətlər də bütün ərəb ölkələrində eyni nəticəni vermədi. Örnək: Suriya. Orada diktator Bəşər Əsəd ölkənin əsas hissəsinə nəzarəti itirsə də, hakimiyyətini saxlaya bildi. Bu arada ABŞ-ın özündə, Avropanın böyük ölkələrində də cəmiyyətlər çalxalandı, etiraz hərəkatları qalxdı. Ancaq bunların da heç biri gözlənilən siyasi nəticələrə səbəb olmadı. Dediymiz kimi, sanki “inqilab seriyası”, “inqilab zənciri” qırılıb. Bu baxımdan Rusiyada ayaqlanmış müxalifətin də qələbə şansı ilə məğlubiyyət perspektivi ən yaxşı halda yarıbayarıdır.

İkinci suala baxaq. Biz Navalnının xarici siyasəti haqqında nəsə bilirikmi? Hə, bircə onu bilirik ki, onun 2008-ci il avqustun 8-də Rusiya-Gürcüstan müharibəsində Putin-Medvedyev tandemindən daha sərt mövqe tutması ilə bağlı iddialar var. Hər halda Navalnı o iddiaları təkzib etməyib. “Demokrat” Navalnı Gürcütandakı separatçı Abxaziyanı və Cənubi Osetiyanı, Gürcüstanın tam blokadasını dəstəkləmişdi, bütün gürcüləri Rusiyadan qovmağı və hətta Tbilisiyə qanadlı raketlər atmağı təklif etmişdi. Buradan da çıxış edərək onun Qarabağa dair mövqeyi haqqında fikir yürütmək olar.

Azərbaycan cəmiyyəti hazırda Dağlıq Qarabağda olan Rusiya qoşunlarının “sülhməramlı” missiyasına inanmır. Eyni şeyi “Rusiya demokratiyası”na da şamil etmək olar; azərbaycanlılar öz yaxın tarixindən və real acı təcrübəsindən bilir ki, Azərbaycanın əraziləri 90-cı illərin birinci yarısında məhz Rusiyada “demokrat” Yeltsinin (yeri gəlmişkən, Ermənistanda “demokrat” Ter-Petrosyanın) hakimiyyəti dövründə işğal olunub. Xocalıda soyqırım aktı da Yeltsinin dövründə olub, Şuşa da, Laçın da, Kəlbəcər də, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan da rus “demokrat”ların hakimiyyət illərində Rusiyann birbaşa dəstəyi ilə zəbt edilmişdi. Azərbaycanda demokratik seçkilərdə qanuni seçilmiş Prezidentə qarşı hərbi qiyam da, sonunda dövlət çevrilişi də Moskvada planlaşdırıldı və Yeltsin komandasının zamanında baş verdi. Bugünkü hadisələrdə də rusların başının özünə qarışacağını düşünüb Qarabağda, ölkə siyasətində arxayınlaşmaq da olmaz; unutmayaq ki, 1993-cü ilin payızında Rusiyada parlament prezidentə müharibə elan edəndə və Yeltsin də həmin parlament binasını topa tutan günlərdə Rusiya hərbçiləri Zəngilanda və Qubadlıda Ermənistanla sərhəd kəndlərimizi işğal edib düşmənə bağışlayırdı.

Rusiyada etirazlar, Novosibirsk

Bəli, avtokrat Putinin Azərbaycana yönəlik siyasəti də imperiya maraqları və ədaları ilə bağlıdır. Ancaq “demokrat” blogelider Navalnının da postsovet məkana dair planları Putuindən fərqlənməyəcək və hətta bir az daha sərt ola bilər. Rusiya hərbçisi sülhməramlı, Rusiya dipliomatı xoşməramlı olmadığı kimi, Rus siyasətçisi də demokrat deyil. Ona görə də Rusiyadakı hadisələrdən siyasi ekstaza gəlməyin də, isterikaya qapılmağın da yeri yoxdur. Yəni Vladimirin yerinə Alekseyin gəlməsi Rusiyanın dönüb başqa ölkə olması ilə nəticələnməyəcək.

Mənbə: www.bizimyol.info