"Rusiya dağılır deyə fikirləşənlər yanılırlar" - Zərdüşt Əlizadə

"Rusiya dağılır deyə fikirləşənlər yanılırlar" - Zərdüşt Əlizadə

"Rus xalqının, sadə əhalinin ayağa qalxmasının heç bir əhəmiyyəti yoxdur".

Yeniavaz.com xəbər verir ki, bu sözləri Modern.az-a Rusiyadakı etiraz aksiyaları haqqında danışarkən politoloq Zərdüşt Əlizadə deyib. O qeyd edib ki, Rusiyada rejim çox sərt və güclüdür:

“Orada hakimiyyət rus qvardiyasına söykənir və böyük sayda rüşvətxor, vicdansız məmur kütləsi var, hansılar ki, Putinin mövcud hakimiyyəti ətrafında sıx birləşiblər. Pərakəndə etirazçıların ayağa qalxması rejimi laxlada bilməyəcək. Deyilənə görə, Moskvada 20-40 min arası insan ayağa qalxmışdı. 30-40 şəhərin hər birində isə hərəsində bir neçə yüz adam etirazlara qoşulmuşdu. 2000-dən yuxarı adam həbs edilib.

Cəza aləti işə düşəcək. Etirazçılar ciddi cəzalara məhkum olunacaqlar. Qalanları isə axına qoşulub sakitləşəcəklər. Rusiyada bu etirazlar vaxtaşırı təkrarlanır, hətta bundan qat-qat böyük şəkildə etirazlar yaşanıb. Heç bir nəticəsi olmadı. Rusiya təbii sərvətlərin hesabına, tüfeyli rejimin, dövlət vəsaiti hesabına təşkilatlanması, əhalinin isə pərakəndəliyi, savadsızlığı imkan vermir ki, rus xalqı düşdüyü tilsimli dairədən çıxsın. Mən düşünmürəm ki, Putin rejimi belə etirazlar nəticəsində dağılsın. Rusiya dağılır deyə fikirləşənlər yanılırlar”.

Etirazların Vladimir Putinin regiondakı nüfuzuna təsirinə gəlincə, Zərdüşt Əlizadə hesab edir ki, hadisələr bölgədəki siyasətinə də, nüfuzuna da təsir göstərməyəcək:

“Rusiyanın xarici siyasətinin əsas cizgiləri artıq müəyyənləşib. Rusiya siyasəti zora, gücə, ətrafdakı dövlətlərin hakim zümrələrinin satqınlığına yönəlib. Buna görə, Rusiya hələlik MDB məkanını əsasən nəzarətdə saxlaya bilir.

ABŞ Rusiyadakı vəziyyətdən istifadə edib, müdaxilə edə bilməz. Hərbi yolla müdaxilə mümkün deyil. Rusiyaya qarşı sanksiyalar həyata keçirilir. Rusiya hakim zümrəsinin bu sanksiyalar vecinə deyil. Rus xalqı isə acından ölürsə, canı cəhənnəmə. Kimdir, onları sayan? Odur ki, Amerikanın da Avropanın da Rusiyaya təsir imkanları çox məhduddur.

Hesab edirəm ki, Rusiyanın gələcəyi Rusiya daxilində gedən siyasi proseslərlə müəyyənləşir. Nə vaxta qədər ki, hakim zümrənin içərisində ciddi çat yaranacaq, hakim zümrə özü laxlayacaq, “yem bazası” daralanda zümrədaxili döyüşlər, mübarizə başlayacaq. Bundan sonra Rusiyada nə isə dəyişə bilər. Amma sosial ruh baxımından heç nə dəyişməyəcək. Daha bir sosialist təcrübəsi, ədalətili quruluş qurmaq cəhdi istisnadır.

Əhali bu təcrübəyə qayıtmaz. Orada heç təəccüblü deyil ki, kimsə milyarderdir, kimsə acından ölür. Bu quruluş davam edəcək. Həmin quruluşdakı ədalət ölçüsünü artırıb, azaltmağa gəldikdə isə bu əhalinin siyasi mədəniyyətindən asılıdır. Rus xalqının siyasi mədəniyyət səviyyəsi çox aşağıdır. Odur ki, mən rus xalqı üçün yaxın onilliklərdə hansısa çıxış yolu görmürəm”.

Mənbə: www.yeniavaz.com