“Dostluq” iki ölkənin gəlirlərini böyük ölçüdə artıracaq

“Dostluq” iki ölkənin gəlirlərini böyük ölçüdə artıracaq

"Bu həm də Azərbaycan-Türkmənistan münasibətlərinin dərinləşməsi bu baxımdan bütün Türk Dünyasının taleyində yeni mərhələnin başlanğıcını qoyur”

"Azərbaycanla Türkmənistan arasında imzalanmış Memorandum türk dünyası üçün olduqca mühüm tarixi əhəmiyyətə malikdir”.

Bunu “Sherg.az”a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Partiya sədri bildirib ki, anlaşma Azərbaycanla Türkmənistan arasında strateji əməkdaşlığın inkişafına təkan verəcək:

“Eyni zamanda sənədin mənəvi və siyasi əhəmiyyəti də böyükdür. Bu anlaşma Xəzəryanı ölkələrlə Azərbaycanın neft və qaz sektorundakı əməkdaşlıq imkanlarını genişləndirməklə yanaşı, həm də Türk Şurası çərçivəsində əlaqələrin güclənməsi, türk birliyinin dərinləşməsi baxımından körpü rolunu oynayacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi anlaşma ölkələrimizi, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq. “Dostluq” yatağındakı enerji resurslarının birgə işlənməsi, hasil edilməsi və dünya bazarına çıxarılması bir yandan hər iki ölkənin gəlirlərini böyük ölçüdə artıracaq. Digər yandan isə bu bir yeni əməkdaşlıq platformasına çevriləcək. Böyük siyasi birliklər üçün ilk növbədə möhkəm iqtisadi zəminin mövcud olması vacibdir. Azərbaycan-Türkmənistan münasibətlərinin istiləşməsi, dərinləşməsi bu baxımdan bütün Türk Dünyasının taleyində yeni mərhələnin başlanğıcını qoyur”.

Mənbə: sherg.az