Türkiyə Misirin Ankara, Ər-Riyad və İslamabad arasında bağlanmış Məkkə sazişinin iştirakçısı olmasında maraqlıdır.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Əl-Ələmeyndə misirli həmkarı Bədr Əbdül Ata ilə görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
"Biz bu məsələni ən başından misirli qardaşlarımızla müzakirə edirik", - deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, Misirin pakta qoşulması məsələsi ətraflı nəzərdən keçirilmə mərhələsindədir. Fidan iki ölkənin regional problemlərin həllində sıx əməkdaşlığını vurğulayıb və bu təşəbbüs çərçivəsində Misirin tezliklə rəsmi tərəfdaş olacağına ümidvar olduğunu bildirib. O həmçinin dəqiqləşdirib ki, Məkkə sazişi üçüncü tərəflərə qarşı durmaq məqsədi daşımır.
Avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlman, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Pakistan hökumətinin rəhbəri Şahbaz Şərifin iştirakçısı olduğu Məkkə sazişinin imzalanma mərasimi keçirilib. Bu müqavilənin şərtlərinə əsasən, imzalayan dövlətlərdən birinə hər hansı hücum birliyin bütün üzvlərinə hücum kimi qiymətləndiriləcək.
Hüseyn İbadlı
Mənbə: publika.az