Korotçenkodan KRİTİK AÇIQLAMA: "Bayden Azərbaycanla bağlı..."

“Ümid etmək istərdim ki, Baydenin Azərbaycanla bağlı siyasəti kifayət qədər təmkinli olacaq. Hər halda, Azərbaycan Ermənistan deyil, ona təzyiq göstərmək alınmayacaq”.

Publika.az "Musavat"a istinadla xəbər verir ki, bunu “Moskva-Bakı” portalına rusiyalı hərbi-siyasi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko söyləyib.

“Bu gün Cənubi Qafqazda yeni reallıqlar var. Azərbaycan Qarabağ müharibəsində qalib gəlib və öz ərazi bütövlüyünü bərpa edib. O, həm də Avropanın enerji təhlükəsizliyində iştirak edən bir dövlətdir. Eyni zamanda, biz artıq erməni lobbisinin, ABŞ Konqresində erməni lobbiçilərinin funksiyalarını yerinə yetirən şəxslərin fəallaşdığını görməkdəyik. Onlar artıq bu “kartı” oynamağa çalışırlar. Amerikadakı və Rusiya da daxil olmaqla bir sıra digər ölkələrdəki erməni lobbisi nüfuzlu, maddi baxımdan güclüdür, ona görə də o, Bayden administrasiyasından Azərbaycana qarşı düşmən siyasi qərarlar vermək üçün istifadə etməyə çalışacaq”, - deyə analitik qeyd edib.

Korotçenkonun sözlərinə görə, istənilən halda rəsmi Bakı Azərbaycan-ABŞ təmaslarını, diplomatik münasibətlərini kifayət qədər yüksək səviyyədə həyata keçirə biləcək. “Azərbaycan yetərincə iri, müstəqil oyunçudur, Avropa Birliyi üçün enerjidaşıyıcılarının mühüm tədarükçüsü, ümumiyyətlə nüfuzlu və sayılan bir ölkədir. Və burada dialoq hörmətlə aparılacaq”, - deyə təhlilçi vurğulayıb.

Rusiyalı ekspertə görə, o ayrı məsələdir ki, Azərbaycan öz siyasətini, ABŞ isə öz siyasətini həyata keçirəcək və burada həmişə olduğu kimi, dünya arenasında tərəflərin hər biri özləri üçün mümkün kompromislər çərçivəsində istədiklərinə nail olacaq.

“Bayden rəhbərliyinin siyasətində ermənipərəst “qulaqlar” qabarıq görünəcəkmi? Bunu gələcək göstərəcək. Tramp administrasiyasında İsrailin təsirinin nə qədər güclü olduğunu hamımız xatırlayırıq. İndi erməni lobbisinin vəzifəsi ən azından özü üçün bu cür mövqe təmin etməkdir. Düşünürəm ki, onlar üçün bu, çox çətin bir vəzifə olacaq”, - deyə o, əlavə edib.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyada Aleksey Navalnının azadlığı tələbi ilə aksiyalar davam edir

SONRAKI XƏBƏR

2021-ci ildə TikTok-da olacaq 10 trend