“Bibi” özünün ən böyük düşmənidir”

“Bibi” özünün ən böyük düşmənidir”

Donald Tramp administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahunun reytinqinin düşməsini nəzərə alaraq, müxalifət nümayəndələri ilə ehtiyatlı, qeyri-rəsmi təmaslara başlayıb.

“Axios” portalına istinadən xəbər verilir ki, bu addım Ağ Evin Yaxın Şərq təşəbbüslərini riskə atmamaq məqsədilə atılır.

Nəşr yazır ki, İsrail müxalifətinin siyasətçiləri ortaq tanışlar, sponsorlar və müttəfiqlər vasitəsilə Tramp və onun ətrafına neytrallığı qorumaq xahişi ilə siqnallar ötürüblər:

“Oval kabinetdə keçirilən son görüşlərin birində Tramp Netanyahudan seçkiqabağı reytinq göstəriciləri ilə maraqlanıb. İsrail Baş naziri tərəddüd etsə də, köməkçisi siyasətçinin “qalib gəldiyini” bildirməyə tələsib. Lakin reallıqda Netanyahu rəy sorğularında rəqiblərinə uduzur və Tramp mətbuatın diqqətinə baxmayaraq, indiyədək ona açıq dəstək ifadə etməyib”.

Həmçinin nəşr əlavə edib ki, Vaşinqtonun mövqeyini dəyişməsinə son rəy sorğularının nəticələri səbəb olub:

“Belə ki, Netanyahunun koalisiyası Knessetdə (İsrail parlamenti – red.) yalnız 49-53 yer ala bilir. Sabiq Baş Qərargah rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət koalisiyası isə 67-70 mandata sahib çıxmaq imkanına malikdir.

Ağ Ev 2019-cu ilin siyasi böhranının təkrar olunmasından ehtiyat edir və oktyabrın 27-də keçiriləcək seçkilərin nəticələrindən asılı olmayaraq, Qəzza zolağında HƏMAS-ın tərksilah edilməsindən Səudiyyə Ərəbistanı ilə sövdələşməyə qədər mühüm regional razılaşmaların irəliləməsini təmin etmək istəyir”.

Portalın mənbələri onu da iddia edir ki, Trampın Netanyahuya qarşı real münasibəti rəsmi səviyyədə görünəndən daha soyuqdur. ABŞ Prezidenti İsrail Baş nazirinə şəxsi rəğbəti olmasına baxmayaraq, onun hərəkətlərindən səmimiyyətlə məyus olur.

“Bibi” (B. Netanyahu) özü-özünün ən böyük düşmənidir”, – deyə mənbələr Trampın sözlərindən sitat gətirib.

İsrail Baş nazirinin keçmiş müşaviri Beni Briskin isə hesab edir ki, Tramp ABŞ Konqresinə noyabrın 3-nə planlaşdırılan seçkilər ərəfəsində Netanyahunun ziddiyyətli nüfuzuna görə ondan uzaqlaşa bilər.

Mənbə: qafqazinfo.az