YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin videokonfransı keçirilib

YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin videokonfransı keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı gənclər birliyinin 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon icra hakimiyyətinin ictimai-humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, Binəqədi rayon gənclər və idman idarəsinin rəis müavini Rüfət Əhmədov, YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin şura üzvləri və fəalları iştirak ediblər.

İclası giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri Fəsli Nəbiyev iştirakçılara yığıncağın gündəliyində olan məsələlərlə bağlı məlumat verib. Qeyd edib ki, gündəlikdə iki məsələ YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin 2020-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabatı və 2021-ci ilin I yarımilliyi üzrə Fəaliyyət Planının təqdim olunması dayanır. Gündəlikdə olan məsələlər səsverməyə qoyulduqdan sonra qəbul edildi. Daha sonra Fəsli Nəbiyev geniş hesabat məruzəsi ilə çıxış edərək, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı gənclər birliyinin 2020-ci il ərzində öz fəaliyyətini Yeni Azərbaycan Partiyasının Nizamnamə və Proqramına, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və rayon təşkilatının müvafiq Fəaliyyət Planına uyğun qurulduğunu bildirib.

Hesabat məruzəsi təqdim edildikdən sonra məruzə ətrafında çıxışlar başlayıb.

YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin idarə heyətinin üzvləri İsa Bayramov, Yeganə Cavadova çıxış edərək, gənclər birliyinin 2020-ci ildə fəaliyyətinin qənaətbəxş olduğunu qeyd ediblər. YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov gənclər birliyinin 2020-ci ildə geniş tədbirlər keçirdiyini, xüsusilə gənclərin həm pandemiya dövründə, həm də Vətən müharibəsi zamanı xüsusi fəallığını vurğulayıb. Bildirib ki, gənclər birliyi 2021-ci ildə öz fəaliyyətini daha da aktivləşdirməli və azad olunmuş torpaqlarımızdakı quruculuq işlərində, Azərbaycanın haqq səsinin beynəlxalq müstəvidə geniş təbliğ olunmasında öz töhvəsini verməlidir.

Hesabat məruzəsi səsverməyə qoyularaq qəbul edildikdən sonra, gündəlikdə duran ikinci məsələ -YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin 2021-ci ilin I yarımilliyi üzrə Fəaliyyət Planının müzakirəsi məsələsinə baxılıb.

Fəaliyyət Planını təqdim edən YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin idarə heyətinin üzvü Göyüş Göyüşov 2021-ci ilin birinci yarısında Vətən müharibəsi haqqında və “Nizami ili” çərçivəsində daha çox tədbirlərin nəzərdə tutulduğunu vurğulayıb. Fəaliyyət Planı səsverməyə qoyularaq qəbul edilib.

Sonda 2020-ci ildə YAP Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gənc fəxri fərmanla təltif edilib. Fəxri Fərmanla təltif olunan gənclərdən Aslan Aslanov, Heydər Bayramov, Vüsalə Fətullayeva və Tacəddin Qafarov göstərilən diqqətə görə öz təşəkkürlərini bildiriblər. Hesabat yığıncağına yekun vuran YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri Fəsli Nəbiyev gəncləri daha da fəal olmağa çağırıb.

Zümrüd BAYRAMOVA

Mənbə: sia.az