Naxçıvan yolu Turan birliyinə aparan yol olacaq

Naxçıvan yolu Turan birliyinə aparan yol olacaq

Böyük qələbə təkcə Azərbaycan üçün əhəmiyyətli deyil. Bu uğur sayəsində Türkiyə də yeni imkanlar qazanır. Mehri dəhlizinin açılışı qardaş ölkə iqtisadiyyatına böyük fayda gətirəcək.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatı bu məsələyə xüsusi diqqət ayırır. “Milliyet” Naxçıvana yolun açılmasının ölkənin ayrı-ayrı bölgələrinə müsbət təsirindən bəhs edən təhlil yazısı hazırlayıb. Məqalədə Azərbaycanla Ermənistanın sərhədlərinin yenidən müəyyənləşdirilməsinin 4 bölgəyə və 1 dövlətə böyük səmərə gətirəcəyi qabardılıb. “Milliyet” Türkiyənin şərqindəki İğdır, Qars, Ardahan, Ağrı vilayətlərini və Gürcüstanı nəzərdə tutur. Qəzet hesab edir ki, xüsusilə türk bölgələri üçün dəhlizin açılması intibah əhəmiyyəti daşıyır.

Azərbaycanla Türkiyənin birbaşa quru yol əlaqəsinin yaranması qardaş ölkədə çox yüksək qiymətləndirilir. Mütəxəssislər hesab edir ki, Ankara bir neçə istiqamətdə iqtisadi səmərə görəcək. Yazıda Türkiyə-Qazaxıstan iqtisadi əlaqələrinin inkişaf perspektivinə xüsusi yer verilib. Ekspers Saparbay Jubayevin açıqlaması ayrıca fərqləndirilib.

 

Aktau, Qazaxıstan

Jubayev deyib ki, Azərbaycanla dəniz vasitəsilə yük gəmilərinin qarşılıqlı qəbulu mümkün idi. İndi isə Naxçıvan yolu geniş imkanlar yaradır. Çindən gələn yükləri quru yolla birbaşa Rusiyaya və İrana çatdırmaq olar. Ekspert Türkiyə-Azərbaycan-Qazaxıstan arasındakı yeni əlaqə imkanını “qardaş ölkələrin marşrutu” adlandırıb. Jubayev əlavə edib ki, indiki halda Qazaxıstan Bakı-Tiflis-Qars dəmiryolu xətti ilə Avropaya yük daşıya bilir.

Mehri dəhlizi Türkiyənin Orta Asiyaya, Çinə çıxışını rahatlaşdırır. Çin Avropaya ticari yükünün 50, dəmiryolu yükünün isə 10 faizini Qazaxıstan ərazisindən keçirərək çatdırır. Jubayev hesab edir ki, Naxçıvan yolu bu istiqamətdə vəziyyəti xeyli dəyişdirəcək. Qazax ekspert turizmin inkişaf perspektivindən də danışıb. Yəni Mehri dəhlizi bir çox istiqamətlərdə fayda gətirəcək.

Qazaxıstan İqtisadi Araşdırmalar İnstitutunun mütəxəssisi Madiyar Kenjebolat dəyişiklik sayəsində ölkəsinin Türkiyə ilə əlaqələrinin xeyli sıxlaşacağını deyib. Ekspert bildirib ki, söhbət təkcə Avropaya yoldan getmir. Türkiyədən xammal gətirilər, Qazaxıstanda məhsul istehsal olunar və Avrasiya İttifaqına üzvlük sayəsində daha uyğun vergi şərtləri ilə Rusiya bazarına çıxmaq imkanı əldə edilər.

 

Naxçıvan

Qazaxıstandan maliyyə mütəxəssisi Sabit Rısbayev isə deyib ki, əslində, Naxçıvan yolu bütün Qafqaz dövlətlərinə faydalı olacaq.

Qeyd edək ki, bəzi Rusiya ekspertləri Mehri dəhlizini Turan birliyinə doğru atılan əhəmiyyətli addım hesab edirlər və bu variantdan ehtiyatlanırlar.

Mənbə: www.bizimyol.info