Koronavirus pandemiyası ilə əlaqədar Avropada əlavə məhdudiyyətlərin tətbiqi tövsiyə olunub

Koronavirus pandemiyası ilə əlaqədar Avropada əlavə məhdudiyyətlərin tətbiqi tövsiyə olunub

Koronavirusun yeni variantlarının sürətlə yayılmasının qarşısını almaq məqsədilə Avropa Komissiyası Avropa İttifaqı ölkələri arasında və eləcə də xaricdən səfərlərlə bağlı əlavə məhdudiyyətlərin tətbiqini tövsiyə edib.

AZƏRTAC xəbər verir ki, komissiya tərəfindən, həmçinin bir sıra ölkə və regionlar üçün daha ciddi test və karantin qaydalarının qüvvəyə minməsi təklif edilib. Eyni zamanda, qeyd edilib ki, Aİ ölkələrini əhatə edən və üç rəngdən ibarət olan işıqfor xəritəsinin də təkmilləşdirilməsi məqsədəuyğun olardı. Belə ki, geridə qalan iki həftə ərzində hər 100 min nəfər sakinə 500-dən artıq yeni yoluxma halı qeydə alınan yüksək riskli ərazilər üçün xəritədə “tünd qırmızı” kateqoriyası və ona uyğun məhdudiyyətlər kataloqu yaradılmalıdır.

Avropa İttifaqının ədliyyə komissarı Didye Reynders bildirib ki, həmin tünd qırmızı regionlara və oradan digər yerlərə vacib olmayan səfərlərdən qəti şəkildə çəkinmək lazımdır. Bu tövsiyə təkcə ölkələrarası səfərlər üçün deyil, eyni zamanda, bir ölkənin daxilindəki regionlar üçün də şamil olunmalıdır. Tünd qırmızı kateqoriyaya daxil olan regiondan səfər edən şəxslər üçün səfərdən öncə PCR testləri icbari olmalı və mənzilbaşında karantinə alınmalıdırlar. Komissiya aktiv virus variantlarının aşkarlandığı ölkələrdən Aİ məkanına səfərlə bağlı əlavə qaydaların tətbiqini qaçılmaz hesab edib.

Artıq bir sıra Avropa ölkələri yeni qaydaların tətbiqinə də start veriblər. Yanvarın 15-dən etibarən Avstriyaya səfər edənlər öncədən onlayn qeydiyyatdan keçməlidirlər, Fransa və Almaniya yüksək infeksiya göstəricilərinə malik ölkələrin siyahısına əlavələr ediblər, Belçika isə yanvarın 27-dən vacib olmayan bütün səfərləri qadağan edəcək.

Mənbə: baku.ws