“Xarici ölkələrdə heç bir hərbi əsirim yoxdur” – Stalindən qurtulanlar

“Xarici ölkələrdə heç bir hərbi əsirim yoxdur” – Stalindən qurtulanlar

II Dünya müharibəsindən sonra SSRİ vətəndaşı olan türk və müsəlman xalqlarının xilası həm legion rəhbərlərinin, həm də Türkiyə dövlətinin gündəmində olub.

Azərbaycan legionunun irtibat heyətinin rəhbəri Əbdürrəhman Fətəlibəyli Düdənginski savaş bitdikdən sonra “vətəndaşlarım” dediyi əsirlərin xilasına çalışıb. 1947-ci ilin dekabrın 5-də Ceyhun bəy Hacıbəyliyə göndərdiyi məktubunda bu barədə yazıb:

“Mənim əzizim Ceyhun bəy! Fuad mənə məlumat verdi ki, tez-tez xəstələnirsiniz. Özünüzü qoruyun. Olsun ki, tezliklə, böyük Allahın köməyi ilə biz yenidən mübarizəmizi başlayaq. Beynəlxalq vəziyyət getdikcə bizim xeyrimizə dəyişir. Mən daha çox 1948-ci ilə ümidlə baxıram. Avropa düşərgələrindəki həmvətənlərimizin vəziyyəti dözülməzdir. Üçüncü ildir ki, burada çırpınırıq, lakin qardaşlarımız hamımıza biganədir. Olsun ki, Misirin köməyi ilə adamlarımızı İtaliyadan göndərə bildik. Artıq ikinci aydır ki, Zahid xan Qahirədədir və qaçqınların problemləri ilə məşğuldur. O, bütün müsəlman ölkələri hökumətləri ilə əlaqə saxlayır. Hələlik, İordaniya və İraq ölkələri 2-3 min qəbul götürməyə razılıq veriblər. Pakistanın da qərarını gözləyirik. İtaliyadakı bütün müsəlmanları göndərdikdən sonra özüm Misirə gedib, orada Almaniyadan, Avstraliyadan, İsveçrədən gələnləri qəbul edəcəyəm. Görəcəyimiz başqa işlərlə bağlı isə Fuad sizə geniş məlumat verəcək.

Mənim ailəm isə hələ də düşərgədə əziyyət çəkir. Onları görə də bilmirəm. İnşallah! Onlar da birinci nəqliyyatla gedəcəklər. Ələsgərov artıq Türkiyədədir və Ziyad bəy onu işə düzəltmişdir. Lakin onun ailəsi isə hələ də buradadır. Mən çalışacağam ki, onları Misirə göndərim, oradan isə Türkiyəyə getsinlər”.

Azərbaycan, Şimali Qafqaz, Türküstan legionerlərinin can atdığı əsas yer Türkiyə olub. Çünki burada özlərinə iş tapmaq imkanından tutmuş gələcəkdə ailələri ilə əlaqə yaratmağa qədər fürsətlər daha geniş idi. Ən əsası onların səsinə səs verəcək tək müstəqil türk dövləti Türkiyə idi. Baxmayaraq ki, Misir dövləti yüzdən çox əsirin xilas edilməsində mühüm rol oynadı, amma bütün hallarda Türkiyəyə ümid daha çox idi və bu, əsirlərin Türkiyə mətbuatına göndərdikləri məktublarda açıq şəkildə görünürdü. Təbii ki, müharibəyə sonda qoşulsa da, Türkiyənin iqtisadi vəziyyəti xoşagələn deyildi, üstəlik qonşuluğunda müharibənin qalibi və ona qarşı ərazi iddiaları olan SSRİ vardı.

Qeyd edək ki, Almaniya təslim olanda Qərb müttəfiqlərinin əlində 28 min azərbaycanlı əsir vardı. Bunlardan yalnız 800 nəfəri Avropa dövlətlərində daldalana bilib, qalanları Qərb müttəfiqləri tərəfindən Sovet hərbi və hakimiyyət orqanlarına təslim edilib. Təslim aktını imzalamazdan öncə Almaniya rəhbərliyi Milli Komitə başçılarının müxtəlif ölkələrə getmələri üçün gərəkli sənədlərin hazırlanmasına köməklik göstərib. Azərbaycan Milli Birlik Komitəsinin başçısı Fətəlibəyli-Düdənginski Misirə yola salınıb, Şimali Qafqaz komitəsinin sədri Əli xan Kantemir və gürcü komitəsinin sədri Kediya İsveçrəyə keçirilib, Türküstan Milli Komitəsinin lideri Vəli Kayyumxan isə Almaniyada qalmağa üstünlük verib.

Türkiyə dövlətinin rəsmi və qeyri-rəsmi təmsilçiləri istər müharibə dövründə, istərsə də savaşdan sonra türk, müsəlman əsirlərin taleyi ilə yaxından maraqlanıblar. Türkiyənin Almaniyadakı səfiri R.Hüsrev Gerede xatirələrində əsir türklər məsələsi haqqında yazıb: “Şərq cəbhəsində zəfərlər qazandıqları dönəmdə almanların əlinə yarım milyon müsəlman əsir keçmişdi. Bu mövzu dini, irqi və siyasi baxımdan məni çox maraqlandırmışdı... Mən bu soydaşlarımızın əsir düşərgələrindən xilas edilərək onlardan istifadə edilməsi üçün xüsusi və qeyri-rəsmi bir şəkildə məşğul olunmasını milli və vicdani bir borc saymışdım”. Gerede baş katib Vayszekker ilə söhbətində əsirlərdən istifadə edilməsini, Xəzər dənizinin şərqində müstəqil Türküstan və Moğol dövlətinin qurula biləcəyini, Qafqaz xalqlarının bir tampon dövlət halında birləşdirilməsindən bəhs edib.

Tarixçi Cəmil Həsənlinin yazdığına görə, 1948-ci ilin yanvar ayının ilk günlərində İspartadan olan millət vəkili Said Köksal Avropanın müxtəlif həbs düşərgələrində saxlanılan və öz vətəninə qayıtmaq istəməyən türklər barəsində xarici işlər nazirinə sorğu ilə müraciət edib. Xarici işlər naziri N.Sadak bu barədə yanvar ayının 12-də Məclisə geniş məlumat verib. N.Sadak bildirib ki, 1946-cı ildə BMT-nin Baş Məclisində köçkün və qaçqın düşmüş adamların yerləşdirilməsi ilə bağlı xüsusi beynəlxalq təşkilat yaradılıb. Bu adamların arasında Türkiyəyə gəlmək istəyənlər də olduğundan hökumət məsələni öyrənmək üçün 1946-cı ilin iyul ayının 1-də xüsusi komissiya yaratmış və bu komissiya oktyabr ayına qədər Yunanıstan, İtaliya, Avstriya, Almaniyanın ingilis və amerikan işğal zonasında işləmiş və müvafiq raport hazırlamışdı.

Komissiya 7170 müsəlmanın Türkiyəyə köçmək arzusunda olduğunu müəyyənləşdirmişdi ki, bunların da 4700 nəfəri İtaliya, İsveçrə və alman düşərgələrində beynəlxalq təşkilatların nəzarəti altında olan, 2470 nəfəri isə düşərgələrdən kənarda yerləşən şəxslər təşkil edib. Hökumət Türkiyəyə gəlmək arzusunda olanların gələcəkdə digər ölkəyə getmək məqsədilə Türkiyənin müvəqqəti yaşayış yeri kimi seçməsi ilə razı olmayıb. Şərt qoyulub ki, gəlmək istəyənlər Türkiyə vətəndaşlığını qəbul edib orada daimi yaşayacaqlar. N.Sadak hökumətin Türkiyəyə gəlmək istəyənlərin qarşısında heç bir maneə yaratmaq istəmədiyini bildirib. Ö.Özcanın yazdığına görə, düşərgələri gəzən vəzifəli şəxs Türkiyə Baş qərargahının zabiti yüzbaşı İhsan Ünesen olub.

1947-ci ildə Frankfurtda Türkiyə konsulluğu fəaliyyətə başladıqdan sonra Türkiyəyə gəlmək istəyənlərin müraciətləri artmağa başlayıb. Konsul Orxan Tahsin Günden onları Almaniyadakı Türk Tələbə Cəmiyyəti ilə əlaqələndirib, sonuncu isə onların Almaniyaya gələn tələbələr olduqlarına dair saxta sənədlər verib. Türkiyə hökuməti kommunistlərin, casusların əsirlərlə birlikdə ölkəyə sızmasının qarşısını almaq üçün İskan ümummüdiri Dr. Cevdet Atasağunun rəhbərliyində gələn heyət xüsusi çalışmalar aparıblar.

Nəhayət, 1948-ci ildə azərbaycanlı əsirlər toplu şəkildə gəmi ilə Türkiyəyə gələ biliblər. İsveçrədən gələn əsirlərin rəhbəri qəzetdə adı Əflan Zeynəl olaraq keçən Əflan Muğandır.

Ə.Muğan 1918-ci ilin 16 oktyabrında Muğan bölgəsinin Aktaçımuğan kəndində Məşədi bəy və Səyyarə xanımın ailəsində doğulub. 1939-1940-cı illərdə Şamaxıda fizika-riyaziyyat müəllimi olaraq çalışıb. 1941-ci ildə Tiflisdə altı aylıq zabit məktəbində oxuyub, sonra Krım cəbhəsinə göndərilib. 1942-ci ilin 1 iyulunda almanlara əsir düşüb. Əsir düşərgələrində qaldıqdan sonra almanlara xidmət etməyi qəbul edib, Türküstan legionunda ruslara qarşı mübarizəyə başlayıb. 1943-cü ildə Qafqaz taborunda azərbaycanlılardan ibarət bölüyü komandanı olub. Ə.Muğan 1944-cü ilin 29 dekabrında Berlində Fətəlibəyli ilə görüşüb, sonadək ona sadiq olub. Almanların məğlubiyyətinin başlamasından sonra Ə.Muğan əvvəlcə İtaliyaya, sonra İsveçrəyə sığınıb. 1945-ci ilin 20 aprelində İsveçrə sərhədini keçərək bu ölkəyə gəliblər. SSRİ-nin bütün təzyiqlərinə tab gətirən İsveçrə Ə.Muğanın rəhbərlik etdiyi və bu ölkədə düşərgələrdə qalan 449 nəfəri qoruyub. Nəhayət, 3 il sonra 283 nəfərlik qafilənin rəhbəri olaraq dəniz yolu ilə 1948-ci ilin 9 iyununda İstanbula gəlib, jurnalistlərə Əflan Zeynəl adı ilə başlarından keçənlər haqqında məlumat verib. Həmin ilin 19 noyabrında Türkiyə vətəndaşı olub.

Əsirlərdən Süleyman Təkinər bir məktubunda Türkiyəyə gəliş hekayəsindən belə bəhs edib: “Müharibə bitəndə Avstriyada idim. Təkrar Sovet İttifaqına geri dönməyi düşünmədim belə, zira belə bir davranış bilə-bilə ölümün qucağına atılmaq demək olacaqdı, buna dəyərdimi? Üstəlik, Stalin o sıralarda hər fürsətdə “mənim xarici ölkələrdə heç bir hərbi əsirim yoxdur” deyirdi. Buna görə də iki il İtaliyada, iki il də Misirdə qaldıqdan sonra – 1949-cu ilin noyabr ayında əsas məqsədim olan Türkiyəyə qovuşa bildim. Burada imtahan yolu ilə mənim təhsil dərəcəmi tanıdılar, mənə münasib iş verdilər”.

Qeyd etmək vacibdir ki, İtaliyada qalan əsirlərin göndərdikləri məktublar və onların vəziyyətləri haqqında Türkiyə mətbuatında xeyli material dərc olunub. “Tasvir” qəzetinin 20 aprel 1947-ci il tarixli sayında Ziyad Əbüzziyanın Romadan göndərdiyi xəbər “2500 türk və müsəlman ölüm təhlükəsində” başlığı ilə dərc olunub. “Son saat” qəzeti 17 may 1947-ci il tarixli sayısında “Məzlum türklər” başlıqlı xəbərdə bildirib: “İtaliyada yoxluqdan, aclıqdan... əndişəsindən qıvrım-qıvrım qıvranan, aralarında qadın, cocuk və ixtiyarlar da olan bu 2400 din qardaşının bütün ümidləri indi bizədir. Göndərdikləri məktubları, teleqramları görsəniz ürəyiniz parçalanar”. Eyni qəzet 24 iyun 1947-ci il tarixli sayında ruslara təhvil verilən əsirlərin ingilislərlə münaqişə etdiyi və hər iki tərəfdən ölən və yaralananların olması ilə bağlı xəbər dərc edib: “Rusiyaya göndərilmək istənilən 76 nəfərdən 71-i və Riminidən zorla aparılmaq istənilən 180 nəfərin 30-u müsəlmandır. Hətta Rusiyanı heç görməyən, Türkiyədə doğulub-böyüyən Mustafa Hikmət adında 25 yaşında bir Türkiyə vətəndaşı da bu ölülər arasındadır”.

“Son saat” qəzetinin 23 iyul 1947-ci il tarixli sayında İtaliyadakı Regio-Emilia düşərgəsindəki əsirlərin Türkiyəyə qəbul edilmələri münasibətilə prezident İsmət İnönüyə göndərdikləri teleqramın mətni dərc olunub: “Yurdumuza qəbul edilməyimizlə bağlı qərarı Milli Şefimizin imzalamış olduğunu bu gün eşitdik. Ona sizin vasitənizlə sonsuz şükranlarımızı təqdim edirik. On aylıq iztirabdan tezliklə qurtulmuşkən digər qorxunc bir komissiya başımızın üstünü təkrar kəsdi, yenə düşmən müamiləsi görməyə başladıq, yenə ölüm qorxusu keçiririk. Bizləri himayə edəcəyinizi buradakı müttəfiq mövqelərinə bildirməniz həyatımızı xilas edəcəkdir”.

“Cümhuriyyət” qəzetinin 4 dekabr 1947-ci il tarixli sayında “İtalyan düşərgələrindən qurtarılan türklər” adlı xəbərdə əsirlərin çəkdiyi zülmdən bəhs edilib: “Dünən limanımıza gələn İstanbul vapuru ilə İtaliyada Anversadakı qaçqın düşərgəsindən qurtarılan bir qism vətəndaşımız da gəlmişdirlər”.

Təbii ki, Türkiyə rəsmi dönüş icazəsi versə də, əsirlərin Türkiyəyə gəlmək istəyən qrupları bir il sonra buna nail olacaqdılar. Ona görə də “Son saat”ın 14 yanvar 1948-ci il tarixli sayında Bahadır Dülger imzalı “Əsir türklər” adlı yazıda müəllif bildirib: “Sayları 7 minə çatan bu zavallı və çarəsiz insanlar daha çox Rusiyaya və ya onun peyklərinə aid olan, ana yurdlarına dönməyi düşüncələrinə uyğun görmədiyi üçün vətənimizə dəxalət etmək istəyir və bu yurdun azad torpaqlarına qəbul edilməyi böyük bir nemət olaraq tələqqi edirlər”.

“Cümhuriyyət” qəzetinin 1 iyul 1948-ci il tarixli sayında “İtaliyadakı düşərgələrdən gələnlər” başlıqlı xəbər dərc edilib, qaçıqnların vapurun göyərtəsində çəkdirdikləri şəkil dərc olunub: “İstanbul vapuru dünən saat 14:30-da 280 yolçu və 170 ton hamulə ilə limanımıza gəlmişdir... İstanbul vapuru Cenevrə, Neapol və Pire düşərgələrinə sığınan qaçqın türklərdən 177-ni gətirmişdir. Bu qaçqınların 11-i Yuqoslaviyadan, digərləri isə Sovet idarəçiliyindəki müxtəlif məmləkətlərdən gəlmişlər. Krımdan, Qafqazdan Almaniya-Rusiya müharibəsi əsnasında qaçaraq Almaniyaya və oradan İtaliyaya gələn qaçqın türklər başlarına gələn ağrılı macəraları danışıb qurtara bilmirlər. Qaçqın türklər dünən dərhal Sirkecidəki Qaçqın evinə nəql olunmuşdurlar. Yaxınlarda məmləkətin müxtəlif yerlərinə yerləşdiriləcəklər”. Bu məlumat eyni tarixli “Hürriyyət” qəzetində də qaçqınların fotoşəkli ilə birgə dərc olunub. “Hürriyyət”in 22 iyul 1948-ci il tarixli sayında 87 türk qaçqının da gəldiyi qeyd edilib: “Məmləkət həsrəti ilə yurda qovuşan qaçqın irqdaşlar vapurdan enən kimi torpağı öpmüşlər və bu qovuşmanın sevinci içində məmnuniyyətlərini bildirmişlər”.

Qaynaq:

Həsənli Cəmil. İkinci Dünya müharibəsi illərində Azərbaycan hərbi, siyasi və diplomatik münasibətlərdə (1939-1945). Bakı, 2015

Gerede R.Hüsrev.Hitler Almanyası’nda Berlin Sefirliği Hatıralarım (1939-1942). Hazırlayan: Hulusi Turgut, İstanbul, 2020

Həsənli Cəmil. SSRİ-Türkiyə: soyuq müharibənin sınaq meydanı. Bakı, 2005

Özcan Ömer. Bir Vatandan Bir Vatana, İstanbul, 2018

 

Mənbə: teleqraf.com