Gördüklərini danışan qaziləri niyə qınayırıq? - HƏRBİ EKSPERT

Gördüklərini danışan qaziləri niyə qınayırıq? - HƏRBİ EKSPERT

“Təəssüf ki, bəziləri əsgəri anlamaq, başa düşmək əvəzinə, onun danışdıqlarında yalan axtarırlar. Hesab edirəm ki, həmin insanların bir çoxu döyüşdə iştirak etmədiklərinə görə, müharibə iştirakçısını başa düşmür”.

Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Əbuzər Əbilov bəzi qazilərin fikirlərini düzgün ifadə etmədiyini, bu səbəbdən də ictimaiyyətdə fərqli qarşılandığını bildirib:

“Qaziləri danışdıqlarına görə qınamaq, tənqid etmək doğru deyil. Çünki döyüş zamanı insanın başına çox hadisə gəlir. Döyüşdə iştirak etməyən birinə real görünməyən bir hadisə, müharibədə yaşana bilər. Təsəvvür edin, olduğunuz yer atəş tutulur, gülləbaran olunur və siz də qalmısınız ortada. Ağır və çətin vəziyyətdir. Orada olmayan, vəziyyəti canlı görməyən biri üçün kənardan nəsə demək çox asandır.

Həmçinin, orada könüllü və gənc əsgərlər çox idi və həmin şəxslər ilk dəfədir ki, müharibədə iştirak edirdilər. İllərdir filimlərdə izlədikləri səhnələri canlı-canlı görürlər, birbaşa iştirak edirlər. Buna görə də tənqid etməzdən əvvəl bunu nəzərə almaq lazımdır. Amma çox təəssüf ki, bəziləri əsgəri anlamaq, başa düşmək əvəzinə, onun danışdıqlarında yalan axtarırlar. Bu, birinci Qarabağ savaşında da belə olub”.

Qeyd edək ki, sosial şəbəkələrdə bəzi müharibə iştirakçılarının döyüşlərdə yaşadıqlarını şişirdilmiş, həqiqətə uyğun olmayan formada danışdıqları bildirilir.

Mahir Xəttab 

 

Mənbə: redaktor.az